Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin üzvü Abdurrahman Topbaş: “Xeyriyyəçilik müsəlmanın həyat tərzi olmalıdır”.
İrfan: Sizin Azərbaycana ilk səfəriniz elə məhz xeyriyyəçilik işləri ilə bağlı olub. Azərbaycanın ilk müstəqillik illərində, 1990-cı illərin əvvəllərində, 16 yaşında bir yeniyetmə gənc olaraq Azərbaycana gəlmişdiniz. O gün müşahidə etdiyiniz Azərbaycanla bu günü müqayisə etsəniz, nələr dəyişib?
A.Topbaş: Əvvəllər biz Azərbaycan haqqında təkcə tarix kitablarında oxuyardıq. Ədəbiyyata marağım olduğu üçün, ədəbiyyatda da adına tez-tez rast gəlirdim. İlk dəfə Azərbaycana ayaq basanda çox təəccüblənmişdim. Buradakı şivə fərqlidir, rusca heç eşitmədiyimiz kəlmələr işlədilir... Bu gün artıq Türkiyədə bir çox insan rahatlıqla sizin şivəni başa düşür, həmçinin burada da Türkiyə şivəsini. O vaxt kommunist sistemdən yeni ayrılan ölkə olaraq böyük çətinliklər var idi. 20 Yanvar hadisələri yaşanıb, Qarabağda müharibə davam edir, kommunikasiyada böyük çatışmazlıqlar var... Soyuq bir qış günündə gəlmişdik. Bakıdan Şəkiyə getdik. Müqayisə üçün deyim, o gün Bakıdan Şəkiyə neçə saata getdik, bilmirəm, amma çox uzun çəkmişdi. Gəlib Şəkiyə çatdıq, amma özümüzə gələ bilmədik. Yolun vəziyyəti, o günün maşınları... Amma indi hava limanından Şəkiyə 3-4 saata gedib rahatlıqla çatırsınız. Aradan keçən 30 il zərfində müdhiş bir inkişaf oldu. Küləklər şəhəri Bakıya Şəhidlər xiyabanından baxanda bu mənzərə elə hər şeyi göstərir; şəhər çox böyüyüb, yüksək binalar tikilib, qaralmış binaların daş divarları təmizlənib, böyük bir inkişaf var. Buna Azərbaycan vətəndaşları qədər biz də sevinirik.
- İstərdik ki, bir az vəqfinizin iş prinsipindən danışaq. Sizi Azərbaycana gətirən və xeyriyyəçilik təşəbbüsünə sövq edən səbəblər nələrdir?
- Son yüz, yüz əlli ilə baxdığımız zaman iki bölgə arasında çox yaxın əlaqələrin olduğunu görürük. Əlbəttə, dil birliyi, soy birliyi, din birliyi burada mühüm rol oynayır. Qədər birliyinin burada böyük təsiri var. İbn Xəldunun məşhur sözü var: “Coğrafiya qədərdir”. Rus işğalı, ermənilərin təxribatları, bunlar hər iki bölgədə də bənzər şəkildə təzahür etdi. Buna bağlı olaraq birlikdə hərəkət etmək üçün ehtiyac yarandı. Həm hərbi sahədə, həm də xeyriyyəçilik sahəsində yardımlaşmalar oldu. Fikri sahədə də böyük təsirlənmələr vardı. M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Cavad və s. Doxsanıncı illərdən bu yana baxanda adətən Türkiyə Azərbaycana yardım edir, xeyriyyəçilik fəaliyyətləri təkcə oradan bu tərəfə istiqamətlənir kimi görünsə də, tarixə baxdığımız zaman əslində bunun qarşılıqlı olduğunu görürük. Məşhur “Qardaş köməyi” jurnalı, Nargin adasında yaşanan yardımlaşma, Qafqaz İslam Ordusu, Türkiyənin İstiqlal müharibəsi və Çanaqqala döyüşləri üçün buradan yardıma gedənlər, bunlar iki qardaş xalqın, bölgə insanının tarixən bir-biri ilə yaxın münasibətini göstərir. Olması lazım olan da elə budur.
İndi Qarabağda zəfər qazanıldı, çox şükür, amma arxasınca da ediləcək çox iş var. Xeyriyyəçilik davam etməlidir. Burada, əslində, maddi xeyriyyəçilikdən daha çox könül birlikdəliyi ön plana çıxır. Şəhid yaxınları ilə maraqlanmaq lazımdır, yaralılar var, onlara mənəvi dəstək lazımdır, bütün bunlar davam etməlidir. Füzuli rayonunda bir şəhid evini ziyarətə getdik. Şəhid atası İsmayıl bəy dedi ki, mən heç bir maddi yardım istəmirəm, təşəkkür edirəm; sizin Türkiyədən qalxıb evimə kimi gəlməyiniz mənə yetər. Hətta təklif elədi ki, qalın, qonağım olun. Həqiqətən, baxdığımız zaman, xeyriyyəçilik deyəndə bu təkcə pul göndərmək, maddi yardım, ərzaq yardımı deyil. Xeyriyyəçiliyin içində Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi, bir gülümsəmə də var, salam vermək də var. Könülləri razı salmaq baxımından bunlar da xeyriyyəçiliyin bir parçasıdır.
- Əziz Mahmud Hüdayi vəqfinin Azərbaycandakı xeyriyyə fəaliyyətləri artıq otuz ilə yaxındır ki, həm məcburi köçkünlərə, həm şəhid və qazi ailələrinə mütəmadi olaraq Gəncliyə Yardım Fondu vasitəsilə çatdırılır, yardımlar davam etdirilir. Vətən müharibəsinin əvvəlindən sonuna kimi də Azərbaycan xalqı türk qardaşlarını yanında gördü. Bundan sonrakı dövrdə Azərbaycan-Türkiyə münasibətlərini necə görürsünüz?
- 1988-89-cu illərdən başlayan Birinci Qarabağ döyüşləri 1994-cü ilə qədər davam etmişdi. Yəni beş ildə itirilən torpaqlar son döyüşlərdə 44 gündə geri alındı. Burada çox dərin bir məna var. Bu təkcə Azərbaycan ordusunun güclənməsi və Türkiyənin hərbi yardımından ibarət deyil. Qaçqınlar məsələsi Azərbaycanı uzun illər yordu. Bir milyondan artıq insanımız yurd-yuvasından didərgin düşmüşdü. İlk illərdə iqtisadi vəziyyət də çox ağır idi. Onların yeni həyata adaptasiyası üçün bunu özümüzə vəzifə bildik, qardaş olaraq məsuliyyət hiss etdik, bu işləri gördük, görməyə də davam edəcəyik. Çünki bizim coğrafiya – Anadolu torpaqları müsəlman xalqların ən çox köç yaşadığı bölgədir. Buna etnik olaraq baxsanız, Balkanlardan gələn boşnaklar var, Qafqazdan gələn xalqlar var, İraq-Suriya bölgəsindən köçənlər var. Bizdə artıq müharibə səbəbi ilə gələn mültəcilərə qucaq açmaq, yardım etmək Türkiyə insanı üçün təbii hala gəldi. O baxımdan, buradakı qardaşlarımızın da bu çətin dövrü ən rahat şəkildə keçmələri üçün əlimizdən gələn yardımları etdik. Bundan sonrakı mərhələdə də öz yurdlarına qayıtmaları, yenidən həyat qurmaları və inkişaf etdirmələri də heç də rahat iş deyil. Çünki uzun müddət insanlar öz torpaqlarından ayrı qaldıqları zaman yeni nəsil üçün bu, bir az çətin olur. Amma oralara qayıtmaq və əvvəlki həyatı bərpa etmək lazımdır. Bu mərhələdə də Türkiyənin dəstəyi, birlikdəliyi sonuna qədər davam etməlidir. Biz son hadisələrlə “iki dövlət, bir millət” sözünün çox ciddi mənada həqiqət payının olduğunu gördük. Bu sözə şübhə ilə yanaşan, araya fitnə salmaq istəyənlər də vardı. 44 gündən sonra artıq Azərbaycanda və ya Türkiyədə buna fərqli gözlə baxanlar da həqiqəti gördü. Tarix boyunca türk xalqlarının ən böyük problemi fitnə olmuşdur. Bundan sonrakı mərhələdə buna yol verməmək üçün diqqət etmək lazımdır. Coğrafiyamız bizi birliyə və bu birlikdən doğacaq inkişafa sövq edir. Ruh birliyi, iqtisadi və elmi birlik içində bu bölgənin önünün açıq olduğunu düşünürəm.
- İllərdir Əziz Mahmud Hüdayi vəqfi olaraq dünyanın dörd bir yanında məzlum, möhtac insanların imdadına yetişirsiniz. Paylaşmağın, yardımlaşmağın verdiyi duyğuları necə ifadə edərdiniz?
- Rəbbimiz bizə təlimatlar verir. Bunlardan biri də “sizə ruzi olaraq verdiklərimizdən infaq edin” ayəsidir. Allah-Təala bununla bizə deyir ki, malın sahibi mənəm. Yunus Əmrə demişkən, mal da yalan, mülk də yalan, var da bir az sən oyalan. Bu, Allahın bizə verdiyi müxtəlif nemətlər – pul, elm və s. sərvət ola bilər. Bunu paylaşmaq, ehtiyacı olanlara çatdırmaq və bu şəkildə bir səadət, qəlbi rahatlıq yaşamaq – bizim ana hədəfimiz, əsas misyonumuz budur. Tarixən bizə öndərlik edən, yol göstərən insanlara baxdığımız zaman, başda Hz. Peyğəmbərimiz (s.ə.s), sonra səhabələri, xüləfai-raşidin, əhli-beyt, hamısında eyni fədakarlığı, eyni cəfakeşliyi görürük. Bu gün də bunu davam etdirməklə mükəlləfik. Bu günün fərqi dünya əhalisinin say olaraq çoxalmasıdır. Buna bağlı olaraq hadisələr də çoxaldı. Paralel şəkildə çatdırılma, nəqliyyat vasitələri də sürətləndi. “Qonşusu ac ikən tox yatan bizdən deyildir” hədisi var. İmkanınız varsa, evinizdə oturub rahat yeməyinizi yeyirsinizsə, ailəniz, oğul-uşağınız rahat yerdədirsə, bunun yanında ac qardaşlarım var, soyuqda üşüyən qardaşım var, susuz qalan qardaşım var, mən onun üçün nə etməliyəm deyə də düşünməliyik. Kimi pulunu verər, kimi gedib o pul ilə lazım olan yardımı təmin edər, çatdırılma işini görər. Bunlar hamısı bir qrup çalışmasının parçasıdır. Bunların birini etməsən, heç kəsə xeyrin dəyməsə, o fəlakətlər bir gün sənin də qapını çalar. O zaman kimdən yardım istəyəcəksən? Pandemiya dövründə də bunun şahidi olduq. Bütün dünya kilidləndi. İnsanlar işlərini, qazanclarını itirdilər. Bir çox insan bir anda kasıblarla eyni səviyyəyə düşdü. Dünənin varlısı bu gün bir qutu ərzağa möhtac hala gəldi. Can itkisi də bir yandan. Yəni “mal da yalan, mülk də yalan” sözü bir növ tam olaraq ortaya çıxdı. Bütün bunlardan dərs çıxartmalıyıq. Xeyriyyəçilik müsəlmanın həyat tərzi olmalıdır.
- İnsan paylaşdıqca, verdikcə Allahın daha da artırdığı deyilir. Bu haqda nə deyərdiniz?
- Rəhmətlik babam Musa Əfəndi: “Zənginliyin zövq-səfası paylaşmaqdır”, - deyərdi. Adətən zövq-səfa deyəndə yaxşı yeyib-içmək, yaxşı ev, maşın yada düşür. Amma babam bu zövqü paylaşmaqda görürdü və öz oğullarını, nəvələrini də buna öyrəşdirdi, bu yolda səfərbər etdi. Hədislərə, ayələrə baxdığımız zaman da görürük ki, Haqq-Təala buyurur ki, sən bir ver, mən on verim, yüz verim, min verim... Qarşılığı qatlana-qatlana artır. Gerçəkdən, dünya həyatı çox qısadır. Pandemiyada bunun bir daha şahidi olduq. Xeyir işdə tələsmək lazımdır. Bəzən sən verərsən, Allah verməyi kəsər, səni yoxlayar ki, verməyə davam edəcəksənmi. İbrahim Ədhəm həzrətləri mənəvi bir haldan sonra taxt-tacı tərk edir, dərviş həyatını seçir. Başqa bir şəhərə gedəndə oradakı dərvişlərlə qarşılaşır. Nə ilə məşğulsunuz, deyə soruşurlar. İbrahim Ədhəm: “Tapanda yeyib şükür edirik, tapa bilməyəndə səbir edirik”, - deyir. Oradakı dərvişlərdən biri deyir: “Onu buradakı köpəklər də edir”. İbrahim Ədhəm irkilir, “Bəs siz nə edirsiniz?” – deyir. Deyirlər: “Biz tapanda paylayırıq. Tapa bilməyəndə isə şükür edirik”. Bu elə bir zirvə nöqtədir ki, ən üst səviyyədədir. Həzrət Əbu Bəkrin Təbuk döyüşü üçün malının hamısını infaq etməsi kimi. Demək ki, o yoxluqda da bir ləzzət hiss edirlər. Sonra baxırsınız ki, Allah-Təala bir anda insanın önünü açır, verdikcə verir. Bunun nümunələri bu coğrafiyada da yaşanıb. Məsələn, Hacı Teynalabdin Tağıyevə baxdığınız zaman, sərhədləri aşan bir xeyriyyəçilik görürsünüz. Kaş onu məzarından qaldırıb soruşa biləydik, bu qədər yaxşılığı nə üçün etdin? Demək ki, həqiqətən böyük bir həzz aldı və Allah da verdikcə verdi ki, bu qədər xeyriyyəçiliyə davam etdi. Xəsis insanda bərəkətsizlik olur. Mal çoxalırmış kimi görünə bilər, amma xəsislik olarsa, əvvəl-axır bir bərəkətsizliyə düçar olar.
- Bu günün qloballaşan materialist dünyasında insan daha çox maddiyyata fokuslanır. Davamlı olaraq maddi bir yarış içində hiss edirik özümüzü. Belə bir mühitdə yardımlaşma şüurunu canlı tuta bilmək üçün nələr edə bilərik?
- Rum surəsində Allah-Təala buyurur ki, insan oğlunun öz əlləri ilə etdikləri səbəbi ilə quruda və dənizdə nizam pozuldu. Bu ilahi xəbərdarlığı unutmamalıyıq. Dünyada kirliliyin artması, şirin suların azalması səbəbi ilə narahat oluruq, amma bunun səbəbinə baxmırıq. Bölgədən-bölgəyə dəyişsə də, ümumi olaraq son 20-30 ildir dünyada böyük bir eqoistlik təmayülü var. Bütün reklam və əyləncələr insanın nəfsinə xoş gələcək işlərə xidmət edir. Şüarları da: “Sənin üçün, sənə özəl, sən başqasan” kimi ifadələrlə fərdiyyətçiliyə sövq edir. Bundan oyananlar olsa da, əksəriyyət buna mübtəla olub; lüks maşın, lüks ev kimi düşüncələr ön plandadır. Din və millət fərqli olsa da, düşüncə eynidir. Belə bir güclü axın yaranıb. Son pandemiya sanki dayanmadan qaçan, hara qaçdığını da bilməyən insan oğluna ilahi xəbərdarlıq idi. İnsan öz varlığını və dünyanın həqiqətlərini xatırlamağa başladı. Amma hələ də bundan dərs götürməyən, qaçmağa davam edənlər var. Bu qadağalar bir bitsin, əvvəlki həyata davam edim deyənlər var. Yenə də, bu fərdiyyətçi düşüncədən ayılanlar da az deyil. Elektronlaşdırılmış bir düşüncədən sıyrılaraq xeyriyyəçiliyi, dostluğu, mehribançılığı, qardaşlığı, həmrəyliyi xatırlayan, dini, Allahı yada salan insanlar oldu. Hər zaman “mən, mən” deyən insanı arxasınca heç kəs xatırlamır. Amma şəhidlər və Allah yolunda həyatlarını başqalarından ötrü sərf edənlər daim xatırlanırlar.
- Çox təşəkkür edirik, Abdurrahman bəy, dəyərli fikirlərinizi bizimlə bölüşdünüz.
- Mən də təşəkkür edirəm.
ŞƏRHLƏR