“Səadət”in bayramları
Hər millətin, dövlətin, cəmiyyətin, dinin özünəməxsus bayram və şənlikləri var. Millətləri, dinləri uzun ömürlü edən amillərdən biri də məhz bu cür bayram və adət-ənənələrin də yer aldığı dəyərlərdir.
Bayramlar insanların sevinc və sevinmə günləridir. Bu baxımdan İslam dini də bayram günlərində (din çərçivəsində) sevinməyi və xoş anlar keçirməyi tövsiyə etmişdir. Bu günlərin hər kəsin əhvali-ruhiyyəsini oxşamasını xoş görür. Yaşlıların ziyarət edilməsi, kiçiklərin üzünün güldürülməsi önəmlidir, bu günlərdə.
İslam dinində iki (dini) bayram vardır. Bunlardan biri Ramazan (fitr), digəri də Qurban bayramıdır. Belə ki, müxtəlif günlərdə özlərinəməxsus bayram keçirən və əylənən dövrün insanlarına Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Artıq sizin də şənlik keçirəcəyiniz iki gününüz var. Allah cahiliyyə döründə əyləndiyiniz günlərin əvəzinə sizə onlardan daha xeyirlisini bəxş etdi. Bunlar Ramazan və Qurban bayramı günləridir”. (Nəsai, İydeyin, 1)
İslama uyğun bayram keçirmək üçün dinin formalaşdığı dövrə nəzər yetirmək lazımdır. Bu baxımdan məqaləmizdə “Əsri-səadət” kimi adlandırılan, Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdə bayramların necə keçirildiyinə nəzər yetiriləcəkdir.
Bayram sevinci “musalla” adlanan, məscidin kənarında yerləşən geniş namazgahda bayram namazının əda edilməsi ilə başlayırdı. Bu namazda xanımlar, uşaqlar, hər kəs iştirak edirdi. İlk dəfə bayram namazı hicrətin ikinci ilində Qurban bayramında qılınmışdır.
Hava yağıntılı deyilsə, Hz. Peyğəmbər namazı məsciddən kənarda qıldırardı. Qurbanını da burda kəsərdi. Bayram namazına getmədən qüsl alar, ən gözəl paltarını geyinər və ətirlənərək bayram yerinə gedərdi. Hz. Peyğəmbər (s.ə.s) bayram namazına gedərkən və evinə dönərkən fərqli yollardan gedərdi. Qurban bayramı günündə qəbul etdiyi ilk qidanın qurban ətindən olmasını arzu edərdi.
Ramazan bayramı namazına getmədən əvvəl bir neçə xurma yeyərdi. Bu davranış bəzi yerlərdə hələ də yayğın olan, “Ramazan bayramının birinci günündə günortaya kimi oruc tutulmalıdır” anlayışının da İslamda heç bir əsasının olmadığını göstərir. Onun bayram gününə xurma ilə başlaması İslam mədəniyyətində bayram günlərində şirniyyatlara əhəmiyyət verilməsini ənənəyə çevirmişdir. Hətta bəzi bölgələrdə Ramazan bayramı uşaqlar arasında “şəkər bayramı” adını almışdır.
Hz. Peyğəmbər (s.ə.s) bayram namazı qılınan yerə gəldiyi zaman iki rükət bayram namazı qılar, sonra da ayağa qalxaraq camaata günün önəmi və əhəmiyyəti ilə əlaqəli moizə oxuyar, öyüd-nəsihət verərdi.
Bayram günlərində Hz. Peyğəmbər (s.ə.s) uşaqlara xüsusi qayğı göstərər, onlara hədiyyələr verər, başlarını oxşayar, könüllərini xoş edərdi. Əlbəttə ki, bu davranış təkcə bayram günlərinə məxsus deyildi; ilin hər günündə uşaqlara dəyər verər, xüsusilə də bayram günlərində daha çox sevindirərdi.
Bayram günlərində Hz. Peyğəmbər qohum-əqrəbasının və digər insanların evlərini ziyarət edər, onların bayramlarını təbrik edərdi. Evinə gələn qonaqlarına da ziyafət verər, onlara hədiyyələr verərdi. Müsəlmanlar arasında küskünlüyü xoş görmədiyi üçün də özəlliklə bu günlərdə onları barışdırmağa çalışar və “Bir müsəlmanın müsəlman qardaşından üç gündən çox küsülü qalması halal deyildir” (Buxari, Ədəb, 57) – deyərək insanları bu pis davranışdan çəkindirərdi.
Hz. Peyğəmbər (s.ə.s) bu günlərdə xəstə ziyarətlərinə xüsusi əhəmiyyət verərdi. Xəstələri ziyarət edər və xəstə ziyarətini tövsiyə edərək ibrət almağı söyləyərdi.
Hz. Peyğəmbər (s.ə.s) Qurban kəsdikdən sonra “Allahım, Muhamməddən, Muhammədin ailəsindən və ümmətindən qəbul et” (Müslim, Ədahi, 19) - deyərək dua edərdi. Bundan ilham alan səhabələr də “Allah bizdən və sizdən qəbul etsin” – deyərək bir-birinin bayramını təbrik edərdilər.
Hz. Peyğəmbər (s.ə.s) bayram günlərinin qələbəlik şəkildə keçirilməsini və müxtəlif oyunların təşkil edilməsini xoşlayardı. Məsələn, bayram günlərindən birində Həbəşli musiqiçilərin təşkil etdiyi qılınc-qalxan oyununu xanımı Aişə ilə birlikdə seyr etmiş, hətta müdaxilə etmək istəyən Hz. Ömərə mane olmuşdur. Həmçinin Hz. Aişənin yanında xanımların dəf çalıb oynamalarına da icazə vermişdir.
Hz. Peyğəmbər (s.ə.s) toy şənliklərində olduğu kimi, bayramlara da dini xurafatların qarışmasına icazə vermir, fərqində olmadan bu cür tələblər edən müsəlmanlara kəskin şəkildə qarşı çıxırdı. Ümumilikdə, İslam dini şəriət çərçivəsində, halal-harama diqqət yetirərək şadlıqlar təşkil etməyə qarşı çıxmır. Lakin bunu da qeyd edək ki, bayram, onun gətirdiyi sevinci hər kəs hiss etdiyi zaman əsl bayram olur.
ŞƏRHLƏR