BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَاللهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا إِنَّ اللهَ عَلِيمٌ قَدِيرٌ
“Sizi Allah yaratdı, sonra da O, sizin canınızı alacaqdır. Sizlərdən bəzisi vaxtilə bildiklərini xatırlamasın deyə ömrünün ən ixtiyar çağına qədər yaşadılar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir”. (ən-Nəhl, 16/70)
Qurani-Kərimdə insanın həm bioloji, həm də ruhani inkişafının müxtəlif mərhələlərindən bəhs edilir. Bunlar: uşaqlıq, gənclik, yetkinlik, kamillik dövrləri və nəhayət, qocalıq və ahıllıq dövrüdür. Yuxarıdakı ayə məhz insanın ahıllıq dövrünə işarə edir. Bununla bağlı digər Quran ayələrində də Uca Allah belə buyurur: “Kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik (qocaldıb zəif bir hala salarıq). Hələ də dərk etmirlərmi?” (Yasin, 36/68); “Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir”. (ər-Rum, 30/54)
Uca Allah istədiyi insanları hələ uşaq və ya gənc ikən vəfat etdirir, istədiklərinə də uzun ömür bəxş edir. Ancaq uzun ömür yaşayan kimsələr sanki uşaqlıq çağlarına geri qayıdır və başqalarına möhtac, aciz bir hala düşürlər. Bu ayeyi-kərimələrdə xüsusilə qocalıq dövrünü təfəkkür etməyimiz istənilir. Həddindən artıq qocalan insanın belinin büküldüyünü, dişlərinin töküldüyünü, gözlərinin yaxşı görə bilmədiyini, qulağının ağır eşitdiyini, əl və ayaqlarını rahat bir şəkildə hərəkət etdirə bilmədiyini və mədəsinin hər şeyi həzm edə bilmədiyini, ümumi olaraq fiziki geriləmə yaşandığını görürük. Həzrət Peyğəmbər (s.ə.s): “Ey Allahım! Xəsislikdən, tənbəllikdən, həddindən çox yaşlanmaqdan, qəbir əzabından, həyatın və ölümün fitnəsindən Sənə sığınıram!” (Müslim, Zikr, 52) – şəklində etdiyi duasında həddən çox qocalmaqdan da Allaha sığınmışdır.
İnsana uzun ömür verilməsi onun gələcəyi üçün təminat deyil, ölümün yaxınlaşdığını göstərən bir amildir. Eyni zamanda Uca Allah bu dünyada insanları bir haldan başqa bir hala sala bildiyi kimi, axirətdə də onu başqa bir yaradılışla xəlq edə biləcəyinə işarə edir.
Xülasə, bu ayələrdə sanki belə bir mesaj verilir: “Ey insan oğlu! Allah-Təala hər bir insan üçün müəyyən bir ömür bəxş etmişdir. Bu dünyadan tez və ya gec mütləq axirətə köçəcəksən. Buna görə də axirət üçün hazırlıq gör və bunu təxirə salma. Əgər axirət hazırlığını yaşlılıq çağına təxirə salmaq istəyirsənsə, bil ki, həmin dövrdə artıq saleh əməllər edə biləcək gücdə olmayacaqsan. Buna görə də həyatın hər anını əbədi həyata hazırlanmaq üçün fürsət bil və lazımınca qiymətləndir!”
ŞƏRHLƏR