QURBANIN HİKMƏTİ
Uca Allah kainatda baş verən hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağlı və idrakı isə bəzən bu hikmətləri dərk edir, bəzən də dərk etməkdən aciz qalır. İbadətlərin əsl səbəbi onları Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi, fərdi və ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.
Hər şeyin sahibi olan Uca Rəhman qullarına qurban ibadətini əmr buyurarkən əsl məqsədini də açıq-aşkar ilahi kəlamında bildirmişdir: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin ilahınız tək olan ilahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver”. (əl-Həcc, 34)
Deməli, qurban, Allahın Uca adının zikr edilməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunun bilinməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verildiyi şüuruna varılması üçün ibadət kimi əmr buyurulmuşdur. Təbii ki, qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri mütləq vardır.
Qurban ibadəti ilk olaraq inananlara təqvanın əhəmiyyətini göstərir. Qurbanın qəbul olunmasında təqva şərtdir. Qurbanı şəriət qaydalarına uyğun kəsməklə mükəlləfiyyət yerinə yetirilmiş olur. Lakin qurbanın Allah qatında qəbul olunmasını sadəcə qurban borcunu vermək şəklində başa düşmək natamamlıq olardı. Bəli, şəriət qaydaları qurbanın qəbul olunmasında ilkin şərtdir. Amma qurbanın daha başqa yüksək mənəvi dəyərləri, anlamları var ki, bu da ancaq qurban kəsənin təqva səviyyəsi ilə bağlıdır. Hz. Adəmin oğullarının misalında Habilin üzünü qurbanı qəbul olunmayan qardaşı Qabilə tutaraq: “Allah ancaq müttəqilərdən qəbul edər”, - deməsi də buna işarədir. Ayədə buyurulur: “Onların nə əti, nə də qanı Allaha çatar. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” (əl-Həcc, 37)
Qurban Allahın əmrinə təslimiyyətin və yeri gələrsə Onun yolunda candan, övladdan və maldan fədakarlıq etməyin göstəricisidir. Qurban ibadəti möminlərə Hz. İbrahim (ə.s) və Hz. İsmayılın (ə.s) təslimiyyətini xatırladır. Demək olar ki, Qurban Hz. İbrahimin (ə.s) imtahanının davamıdır. Əvvəlcə malı ilə, sonra şirin canı ilə imtahan olunan Hz. İbrahim (ə.s) bu səfər öz doğma övladı ilə imtahan olunurdu. Bu hadisə eyni zamanda biz müsəlmanlara onu da öyrədir ki, deməli, bir insanın bu dünyada ən başlıca üç imtahanı vardır: malı, canı və övladı ilə olunan imtahan. Məhz bu üçü ilə də Hz. İbrahim (ə.s) sınağa çəkilmişdir.
Hz. İbrahimdə (ə.s) möhtəşəm bir təslimiyyət, iman və itaət nümunəsi vardır. İllərdir övlad həsrəti ilə alışıb-yanmış, Uca Allah ona ahıl yaşlarında bir oğul bəxş etmişdi. Sonra o uşaq böyüyüb müəyyən bir yaşa çatanda yuxusunda oğlunu qurban kəsdiyini görmüş və bu yuxunu ona oğlunu qurban etmək üçün Rəbbindən bir işarə kimi qəbul etmişdi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin Hz. İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Ondan yeganə övladı olan Hz. İsmayılı (ə.s) öz əlləri ilə qurban etməyi istənilirdi. Hz. İbrahim tam təslimiyyət və arxayınlıq içində əmri yerinə-yetirmiş, ata-oğul birlikdə Allaha itaətin kamal zirvəsini biz inananlara göstərmişdilər. Hz. İbrahim (ə.s) oğlunu qurban etmək istəyəndə Uca Allah onlara imtahandan alnıaçıq, üzüağ çıxdıqlarını bildirərək qurbanlıq böyük bir qoç göndərmişdi. Allaha itaətin gözəlliyi və təslimiyyətin böyüklüyünü göstərən bu möhtəşəm hadisənin xatirəsi olan Qurban ibadəti hər zaman xatırlanaraq günümüzə qədər davam etmişdir. Peyğəmbərimiz (s.ə.s) də bu cəhətə diqqət çəkərək: “Qurban kəsin. Çünki qurban kəsmək atanız İbrahimin sünnəsidir”, - buyurmuşdur. (Əhməd ibn Hənbəl, Müsnəd, IV, 368)
Bəli, Qurban ibadətində mövcud olan hikmət, dünyanın, var-dövlətin və övladların bir imtahan olduğunu dərk etmək, lazım gəldiyi təqdirdə Uca Yaradanın yolunda bu kimi nemətləri fəda etməkdən çəkinməməkdir. Məhz bu imtahanlardan üzüağ və tam təslimiyyətlə çıxdığı üçün Hz. İbrahim (ə.s) Xəlilullah (Allahın ən yaxın dostu) ünvanını qazanmışdır.
ŞƏRHLƏR