Hubris sindromu

Hubris sindromu

Kibir, belə bağlanmış daş kimidir. Onunla nə üzmək olar, nə də ki uçmaq.

İlahi eqo olaraq da bilinən bu psixoloji xəstəlik, təkəbbür sindromu və ya güc zəhərlənməsi olaraq da xarakterizə olunur. Hubris termini Yunan mifologiyasında "təkəbbür və ya həddindən artıq qürur" mənalarını ifadə edir. Belə ki, mifologiyada bir qəhrəman özünü başqalarından üstün hesab edir və hətta ilahi xüsusiyyətlərə sahib olduğunu düşünür.

Nemesis isə yunan mifologiyasında "hər kəsə öz haqqını vermək" mənasını verir və qisas ilahəsidir. Təkəbbür və ehtirasın təsiri altında qəhrəman həyasız olur və öz məhvolma prosesini izah edir. Hubrisə istiqamətlənən və həddindən artıq qürur və təkəbbürə qapılanların ədalətini təmin etmək üçün Nemesis onları cəzalandırır, bununla da tanrı Nemesis insanlarda həddindən artıq özünəinamın və təkəbbürün bir həddi olmalı olduğunu xatırladır. Hər nə qədər haqqında danışdığımız sindromun mənşəyi haqqında məlumat vermək üçün yunan mifologiyasındakı məlumatlara toxunsaq da, qeyd etməliyəm ki,  İslam dini nöqteyi-nəzərindən də insanın təkəbbürlü olması və həddindən artıq qürura qapılması qəbul edilən bir davranış modeli deyildir. “Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən” (əl-İsra, 17/37) ayəsi ilə Qurani-Kərimdə təkəbbürlü insanlara konkret münasibət bildirilmişdir. Bu gün modern dünyanın tərbiyə etdiyi insan modelinin ən spesifik xüsusiyyətlərindən biri isə narsist kimliyə sahib olub həyatını bu şəkildə davam etdirməkdir.

İnsan fiziologiyasına nəzər yetirdiyimiz zaman görürük ki, bir insanın psixoloji inkişafı üçün onun hər duyğunu müəyyən bir ölçüdə yaşaması vacibdir. Müəyyən tədbirlər çərçivəsində qürur, ehtiras və özünəhörmət kimi duyğuları yaşamaq təbii və vacib bir ehtiyacdır. Lakin bu hisslər müəyyən hədləri aşdıqda həm insana, həm də ətrafına zərər verə biləcək anormal davranışlara səbəb olur. Hubris sindromundan əziyyət çəkən insanların şəxsiyyət xüsusiyyətlərinə nəzər yetirdiyimiz zaman empatiyadan uzaq, özlərindən başqa heç kim haqqında düşünməyən, başqalarını alçaldan davranışlar sərgiləyən, sadəcə öz müsbət imici haqqında düşünən,  özünü dünyanın mərkəzində hiss edən, heç bir iradı qəbul etməyən, davamlı təşviş içərisində olan və həyatdan narazı tiplərlə qarşı-qarşıya qalırıq.

Hubris termini tibbi xəstəlik olaraq təyin olunsa da, şişirdilmiş qürur və başqalarına qarşı nifrət hissi ilə ifadə olunur. Xüsusilə idarəçilərdə və liderlərdə tez-tez rast gəlinən bu sindrom, gücün müəyyən dərəcəni aşması və həddindən artıq təkəbbür nəticəsində ortaya çıxan bir tibbi xəstəlik olaraq təyin edilir. Bu, lider və ya idarəçi vəzifələrə çatdıqdan sonra bir insanın yaşadığı şəxsiyyət dəyişikliyidir. Reallıqla əlaqənin pozulması ilə yanaşı, gücün yaratdığı balanssızlığı əhatə edən davranışlar da müşahidə olunur. Bu sindromun təməli narsisistik, antisosial və histrionik şəxsiyyət pozğunluqlarıdır.

Hubris sindromu narsist şəxsiyyət pozuqluğu ilə güclü bir əlaqə içərisində olduğunu göstərir. Belə ki,  narsist şəxsiyyət quruluşu olan insanlar da özlərini üstün, xüsusi və seçilmiş biri kimi görür və təkəbbür hissi, yəni hubris sindromu olma riski gətirən böyüklük hissi yaşayırlar.

Qeyd etmək lazımdır ki, insan münasibətləri və idarəetmə vərdişlərinin vacib bir hissəsi gücdür. Bu sindromun ortaya çıxmasında ən vacib amillərdən biri güc, digəri isə müvəffəqiyyətdir. Qazanılan güc və müvəffəqiyyət bu sindromun ortaya çıxmasına münbit şərait yaradır. CEO və liderlərdə daha çox rast gəlinən bu sindrom, digər peşə qruplarında özünü bir o qədər də çox göstərmir. Bu insanların cəmiyyət tərəfindən üstün, ilahiləşdirilmiş və hətta əlçatmaz kimi qəbul edilməsi sindromun meydana gəlməsini gücləndirir. Liderlərin öz güclərini ortaya qoyarkən bu gücü istifadə etmələri də liderlik üslubuna təsir göstərir. Bu sindromdan əziyyət çəkənlər sahib olduqları gücü tutmaq istəyi ilə anormal davranışlar nümayiş etdirirlər.

Bu mənada cəmiyyətdə yetişdirilən fərdlərin, xüsusilə də liderlik və idarəçilik sahəsində çalışan insanların bir müddət sonra qarşılaşacaqları bu kimi sindromlardan cəmiyyətin əziyyət çəkməməsi üçün əxlaqi prinsiplərə və dini dəyərlərə xüsusi diqqət yetirilməlidir. Xüsusilə 0-6 yaş şəxsiyyətin inkişafında mühüm yer tutur. Ailənin daxilində qurulan sağlam ünsiyyət, insanın əvvəlcə ətrafı ilə, sonra da cəmiyyət arasında sağlam bir əlaqə qurmasına zəmin yaradır. Xüsusilə körpəlik və uşaqlıq dövrlərini düzgün qiymətləndirmək və ailə ünsiyyətində hubris sindromuna səbəb olan amilləri nəzərə almaq əsas şərtlərdən biridir. Unutmamaq lazımdır ki, əsas olan böyük və yaxşı görünmək deyil, həqiqətən böyük və yaxşı olmaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz