Dinin şəairləri

Dinin şəairləri

Lüğət mənası “bilmək, hiss etmək” olan “şiar” sözündən törəyən “şəair” ifadəsi termin olaraq “fərqləndirici özəllik, nişan, əlamətlər” mənasına gəlir.  Nədir bu şəair? Allahın, İslamın şəairləri nə mənaya gəlir? Faydası, hikməti nədir?

            Bu bir həqiqətdir ki, hər bir təşkilatın, dövlətin onun fəlsəfəsini, ideyasını özündə əks etdirən loqo, bayraq və ya gerb kimi atributları olur. Bunlar bir növ şəairlərdir. Dini terminologiyada şəair Allah tərəfindən gələn, ona qulluq etməyə vəsilə olan, hörmət göstərilməsi lazım olan müəyyən ibadət və simvollardır. Qurani-Kərimdə şəair sözü dörd yerdə keçməkdədir. Bu ayələrdə həcc və ümrə münasibəti ilə aralarında gedib-gəlinən Səfa və Mərvə ilə qurban ediləcək heyvanların Allahın qoyduğu dini simvollardan olduğu bildirilir. Bu simvollara, yəni şəairlərə hörmətsizlik göstərilməməsi, əksinə, ucaldılması Allaha olan bağlılığın möhkəmliyini  ifadə edir (əl-Maidə, 5/2; əl-Həcc, 22/32). Başqa bir yerdə də zəvvarların Ərafatdan sonra getdikləri Müzdəlifə “məşair” olaraq bildirilərək bu məkanda Allahın çox zikr edilməsi istənilməkdədir (əl-Bəqərə, 2/198).

Görüldüyü kimi, Qurani-Kərimdə zikr edilən şəairlər daha çox  həcc ibadəti ilə bağlıdır. Ancaq daha sonra təfsir qaynaqlarında və dini ədəbiyyatda bunun dairəsi genişlədilərək ibadətlə əlaqəli, eyni zamanda hörmət və təzim göstərilməsi lazım olan davranış və simvolların hamısını əhatə edən bir termin şəklində istifadə olunmağa başlandı. Beləliklə, həcdə müşəxxəs olaraq önümüzə çıxan məkan və obyektlərlə bağlı istifadə olunan “şəair” termini dinin bünövrəsini təşkil edən əsasları da əhatə etdi. Bu mənada Fəxrəddin Razi Allaha qulluq nişanəsi daşıyan hər şeyin şəair olduğunu bildirir (Məfatiḥul-Qeyb, IV, 177; XI, 128). Şah Vəliyullah Dəhləvi şəairin dairəsini daha da genişlədərək ibadətlərlə birlikdə Allahın özünə aid etdiyi və mənəvi olaraq ona yaxınlaşmağa vəsilə yaratdığı bütün simvolları bu termin sahəsinə daxil edir. Ona görə ən böyük dörd şəair bunlardır: Qurani-Kərim, Kəbə, peyğəmbər və namaz. Bunlara hörmətlə yanaşmaq Allaha təzim, hörmətsizlik göstərmək isə Allaha hörmətsizlik sayılır (Ḥüccətullahil-baliğə, I, 206-209). Elmalılı Muhamməd Hamdi Yazır da şəairin bəzən ibadətin özü ilə, bəzən də ibadət edilən məkanla əlaqəli ola biləcəyini ifadə edir. Bu mənada həccin şərtləri ilə birlikdə azan, camaatla namaz, cümə və bayram namazları, hətta məscid və minarələrin də dinin şəairlərindən olduğunu söyləyir.

            Alimlərin dinin şəairləri ilə bağlı bu açıqlamalarından yola çıxaraq deyə bilərik ki, insanların dinə bağlılığına, imanlarının möhkəmlənməsinə, dini təbliğdə möminlərin cəsarətlənməsinə xidmət edən bütün ibadət, işarə və obyektlərin hamısı dinin şəairlərindən sayılır. Məsələn, camaat namazı, cümə namazı və ya bayram namazları bir yandan özü-özlüyündə dini təbliğ edir, bir yandan da qeyri-müsəlmanlar tərəfindən ola biləcək tənqid və təhqirlərə  məhəl qoymadan ibadət etmələrinə cəsarət verir. Və ya müsəlman olmayan bir ölkədə uzaqdan görünən bir minarə müsəlmanlara bir anda qəribliyini unutdurur, öz evində, öz ölkəsində olma hissi verərək onu ürəkləndirir. Bundan başqa, “Allahu əkbər”, “sübhanəllah”, “əlhamdülillah” kimi dini şüarlar insanların imanlarını coşdurarkən, “salam” sözü möminlər arasında ülfətin yaranmasına səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, şəairlərin bəziləri - Səfa və Mərvə, Müzdəlifə kimi - Allah-Təala tərəfindən Qurani-Kərimdə zikr edilmiş və bunlara hörmət göstərilməsi tələb edilmiş, bəziləri - həcc zamanı gətirilən “təlbiyə” (Ləbbeyk, Allahummə ləbbeyk…) kimi - Hz. İbrahimdən bəri davam edib, Hz. Peyğəmbərin (s.ə.s) sünnəsində də yer almış, bəziləri də - Qurani-Kərim, namaz, məscid, minarə kimi - ümmətin alimləri tərəfindən müəyyən edilərək şəair çərçivəsinə daxil edilmişdir. Qeyd edilən bu fikirləri nəzərə alaraq deyə bilərik ki,  dini şəairlərin hamısının üzərində Hz. Peyğəmbərin vaxtından indiyə qədər gəlmiş-keçmiş bütün müsəlmanların haqqı vardır. Odur ki, bu şəairlərə hörmətsizlik Allaha hörmətsizliklə birlikdə müsəlmanların haqqını da tapdalamaq mənasına gəlir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz