Üfüq açmaq

Üfüq açmaq

Hər şey təfəkkür ilə başladı, İslam ümməti üçün. Hira mağarasında qığılcımlanan təfəkkür alovu öz şöləsi ilə təkcə o qaranlıq mağaranı, cahiliyyə yorğanını üstünə çəkib haqdan xəbərsiz daş yuxulara qərq olan Məkkə vadisini deyil, özündən sonrakı bütün dövrləri və ən zülmət döngələri, dibsiz quyuları aydınlatdı. O parıltı elə bir nura çevrildi ki, nəinki qərarı qılıncdan iti qəbilə başçıları, danışıqları ilə nitqi donduran natiqlər, sözlə yarışan şairlər, gözləri ilə dəvəni yıxan kəm gözlər, sehrləri ilə milyonları heyrətə salan kahinlər qısqandı, hətta Ay da, Günəş də onu qibtə ilə seyr etdi, onun nurlu baxışları altında parlaqlıqlarının sönüklüyünü və faniliyini hiss etdi.

Təfəkkür ilə başlayan aydınlanma təfəkkür ilə kamilləşdi və əbədiyyətə səpələnən misilsiz meyvələr bəxş etdi, insanlığa, bütün aləmlərə.

Hira mağarasında, ilk vəhydən altı ay əvvəldən atılmışdı qiyamətə qədər davam edəcək olan bir yürüşün ilk addımları. Doğruçu yuxularla ilk dəfə o Aləmlərə Rəhmət Elçisinin könül qapısını döyəndə narahatlıq keçirmişdi, kimdir gələn, nədir gələn? Və təfəkkürə dalmışdı, Nur dağında, Hira mağarasında; doğru nədir, yanlış nə; haqq nədir, batil nə?.. İçinə cahiliyyənin qəlbləri qaraldan qara pasını silib atacaq bir paklıq doğmuşdu, o təfəkkür nəticəsində. Və o paklığı gələcək nəsillərə, bütün dünyaya yaymaq üçün ilahi bir vəzifəni – dağlar qədər ağır olmasına baxmayaraq – çiyinlərinə götürüb enmişdi o dağdan, titrəyərək, ürpərərək...

O ağır yükün altında əzilib qan-tər içində qaldığı zaman həyat yoldaşı Həzrət Xədicə onun ən böyük dəstəkçisi olmuşdu, onu ən yaxından tanıyan biri olaraq. Sən qohum-əqrəbanı himayə edirsən, acizlərə kömək əli uzadırsan, kasıblara əl tutursan, qonağa qulluq etməyi xoşlayırsan, hər kəsdən çox yaxşılıq edirsən. O qapını döyən səni yarı yolda qoymaz, çıxılmaz vəziyyətdə saxlamaz, - demişdi. Məsləhət üçün yanına getdikləri müdrik Varaqa bin Nofəl də bunu təsdiq etmiş, ona gələnin Hz. Musaya gələn Namusu-Əkbər (Cəbrayıl) olduğunu, Hz. İsanın verdiyi müjdənin onda zühur etdiyini demişdi. Ahıl yaşda gözlərini itirmiş olsa da, könül gözü ilə o nuru açıqca sezmişdi...

Həzrət Muhammədin (s.ə.s) təfəkkürü təkcə keçmişi və yaşadığı dövrü əhatə etmirdi. Mədinədə, ətrafındakı möminlərin sayı kiçik bir səhra şəhərinin yarısı qədər olduğu bir vaxtda onlara Konstantinopolu (İstanbulu) fəth edən komandanı və əsgərlərini müjdə ilə tərifləməsi, Bizansın, Sasani imperiyasının, Yəmən diyarının İslamla şərəflənəcəyini xəbər verməsi o böyük təfəkkürün gələcəyə doğru üfüq açan müdhiş qeybi təlimatları idi. Bir çox ağır sınaqlardan keçən İslam ümməti üçün bu mənada Xəndək müharibəsinin xüsusi ağırlığı və özünəməxsusluğu diqqət çəkir.

Müdafiə mövqeyindəki müsəlmanlar Mədinənin hücum ehtimalı olan səmtinə dərin xəndək qazaraq üstünə gələn düşmən ordusunun qarşısını kəsməyi planlamışdı. Bütün düşmən qəbilələrin birləşərək hücuma keçəcəyi xəbəri gəldikdən sonra dərhal qazılmağa başlanan, altı kilometrə yaxın uzunluğu olan xəndək iki-üç həftəyə tamamlanmalı idi ki, şəhər müdafiə oluna bilsin. Döyüş atlarının üstündən tullana bilməyəcəyi enlilikdə və içinə düşən əsgərin içindən çıxıb hücuma keçə bilməyəcəyi dərinlikdə olan xəndək təxminən üç həftəyə, düşmən qoşunlarının gəlməsindən bir-iki gün əvvəl qazılıb tamamlandı. Bu səfərbərlik əsnasında yemək üçün dayanmağa belə vaxtı olmayan Rəsulullah (s.ə.s) bir çox səhabələri kimi aclığı hiss etməmək üçün qarnına daş bağlamış  və bu şəkildə gecə-gündüz işləməyə davam etmişdi. Bu cür məşəqqətli günlərdə belə O (s.ə.s), ümmətinə ümid bəxş edən üfüqlər açmaqdan geri durmamışdı. Belə ki, xəndək qazan səhabələrin qarşısına böyük və sərt bir daş çıxır. Onu qıra bilmədikləri zaman Həzrət Peyğəmbərdən kömək istəyirlər. Peyğəmbər (s.ə.s) külüngü əlinə götürür və bismillah deyərək üç zərbə vurur, üç zərbədə o daşı paramparça edir. Hər vuruşda daş silkələnib çatladıqca o Varlıq nuru möminlərə gələcəyə doğru yol göstərən böyük müjdələr verir. Birinci vuruşda Şamın (o vaxt Bizans sayılırdı), ikincisində İranın, üçüncü vuruşda da Yəmənin açarlarının ona verildiyini, bu ölkələrin saraylarını hal-hazırda olduğu yerdən gördüyünü bildirir. (Buxari, Məğazi, 29) Və bu müjdənin həmin anda şahidi olan Salman Farisi illər sonra bu həqiqəti təsdiq edir: “Mən bütün bunların baş verdiyini gördüm”. (Vaqidi, II, 450)

Budur, Rəsulullahın hər zaman gələcəyə doğru ümid aşılayan, üfüq açan təfəkkürü!..

O uca nurun daşıyıcısı (s.ə.s) ömrü boyu ilahi vəhyin bəxş etdiyi təfəkkür üfüqünü bütün dünyaya yaymaq üçün səy göstərdi, məktublar yolladı, elçilər göndərdi. Biz də bu böyük təfəkkür iqliminin mənsubu olduğumuzu iddia edirik. Bəs yaxşı, biz təfəkkürümüzün (günün hər hansı bir vaxtında öz-özümüzə düşünərək keçirdiyimiz vaxtın) nə qədərini ilahi təlimatların bizim üçün açdığı üfüqə həsr edirik?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz