Təfəkkür və ibadət
Təfəkkür - hər hansı bir məsələ haqqında dərindən düşünmək, zehni yormaq və məsələnin mahiyyətinə varmağa çalışmaq deməkdir. Bu mənada təfəkkür yalnız insana aid bir xüsusiyyətdir. İnsan bunun sayəsində digər varlıqlardan seçilir və üstün tutulur. Yəni bir adamın ucalması da, alçalması da təfəkkür qabiliyyətini istifadə edib-etməməsinə bağlıdır.
Təfəkkür yalnız qəlbdə təsəvvürü mümkün olan şeylər haqqında edilə bilər. Ona görə Allahın yaratdığı varlıqlar haqqında təfəkkür mümkündür, lakin Allahın zatı haqqında təfəkkür mümkün deyildir. Çünki Allah heç bir şəkildə surət və şəkil olaraq xəyal edilə bilməz. Necə ki, Rəsulullah (s.ə.s) buyurmuşdur:
“Allahın yaratdıqları üzərində təfəkkür edin, lakin zatı üzərində düşünməyin. Çünki siz Onun qədrini (layiq olduğu şəkildə) əsla təqdir edə bilməzsiniz”. (Deyləmi, II, 56) Lakin Allahın zatı xaricində sifətləri, etdikləri və yaratdıqları haqqında təfəkkürü də tərk etməmək lazımdır. Uca Allahın nemətlərini təfəkkür etmək ən fəzilətli ibadətlərdən biridir. Peyğəmbərimizin (s.ə.s) ilk ibadəti elə təfəkkür idi.
Təfəkkür və düşünməyə dəvət İslam dinində ən mühüm mövzulardan biridir və bu, ən gözəl ibadət sayılır. Allahın məxluqatı haqqında düşünmək isə təfəkkür və düşüncənin ən gözəl növüdür. Buna səmanın gözəllikləri, insanın varlığı ilə bağlı qəribəliklər, ilahi nemətlər, yer üzünün varlıqlarının yaradılışı, heyvanlar, bitkilər, dənizlər, dağlar, meşələr, həmçinin gecə və gündüz haqqında düşünməyi misal göstərə bilərik.
İnsan ilahi nemətlər haqqında düşündükdən sonra bu qədər saysız-hesabsız nemətlərin yaradanının Allah-Təala olduğunu, Onun hər şeyə qadir və əzəli olduğunu anlayır. Bu zaman insan Öz Yaradanına, Onun əmrinə təslim olur və nəticədə namazı, orucu və digər ibadətləri anlayaraq yerinə yetirir.
Həqiqi mənada təfəkkür edən şəxs Allahın et dediklərini edər, etmə dediklərindən çəkinər. Kainatda olan möhtəşəm nizam-intizamı dərindən düşünən insan Allahın böyüklüyünü və birliyini daha yaxşı anlayar.
Allah Rəsulu (s.ə.s) təfəkkür üçün xüsusilə gecələrdən istifadə edərdi. Göz yaşları içində ayaqları şişənə qədər ayaq üstə dayanar, saatlarla rüku və səcdə edərdi. Ata (r.a) belə rəvayət edir: “Həzrət Aişəyə: “Allah Rəsulunda gördüyün ən təəccübləndirici hadisəni mənə xəbər verərsənmi?” - dedim. Həzrət Aişə anamız: “Onun hansı halı təəccübləndirici deyildi ki! - dedi və belə davam etdi: - Bir gecə yanıma gəldi, yatağa girdi, sonra:
- İcazə ver, durub Rəbbimə ibadət edim, - dedi. Mən:
- Vallah, səninlə bərabər olmağı çox sevirəm, lakin səni sevindirən şeyi daha çox sevirəm, - dedim. Bundan sonra qalxdı, dəstəmaz aldı, sonra namaza durdu və ağladı. O qədər ağladı ki, göz yaşları köksünə axdı. Sonra rükuya getdi, yenə ağladı, sonra səcdəyə getdi, səcdədə ikən də ağladı, sonra səcdədən başını qaldırdı və yenə ağladı. Bu hal ta ki, Bilal gəlib sübh azanını oxuyana qədər davam etdi. Bilal (r.a) Peyğəmbərin (s.ə.s) ağladığını görüncə:
- Ey Allahın Rəsulu, keçmiş və gələcək bütün günahların bağışlandığı halda səni ağladan nədir? - deyə soruşdu. Peyğəmbər (s.ə.s):
- Allaha çox şükür edən bir bəndə olmayımmı? Allaha and olsun, bu gecə mənə elə bir ayə endirildi ki, onu oxuyub üzərində təfəkkür etməyənlərin vay halına, - dedi və bu ayəni oxudu: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 3/ 190-191)”. (İbn Hibban, II, 386)
Allah-Təala, Qurani-Kərimin bir çox yerində “Düşünmürsüz?!”, “Düşünənlər üçün dəlillər vardır!” ifadələriylə möminləri təfəkkürə dəvət edir. Belə ki, Uca Allah baxıb düşünmək üçün saysız-hesabsız varlıqlar yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın bir dəlili olduğuna görə göylərdə, yerdə və onların arasında olan bütün varlıqlar bizim üçün təfəkkür səbəbidir. Necə ki, Qurani-Kərimdə belə buyurulur: “(Allah) onunla (o su ilə) sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Düşünüb təfəkkür edənlər üçün bunda (Allahın birliyini sübut edən) dəlillər vardır!” (ən-Nəhl, 16/11)
Allah-Təala möminləri təfəkkürə dəvət etdiyi kimi kafirləri də təfəkkürə dəvət edir:
“De: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir ayağa qalxın (durub gedin), sonra da bir dərindən düşünün!..” (əs-Səbə, 34/46)
ŞƏRHLƏR