“Qurani-Kərim bizə yeriməyi öyrədir!”
Erkam Yayınlarının təsisçisi Möhtərəm Abdullah Sert:
“Qurani-Kərim bizə yeriməyi öyrədir!”
İrfan: Əvvəla, bütün oxucularımız adından sizi salamlayır və qardaş ölkəyə xoş gəlmisiniz deyirik, Abdullah bəy! Şəki İslam Kollecində keçirilən XI Hafizlik Mərasimi münasibətilə Azərbaycandasınız, yəni səfəriniz Quran mərkəzlidir. Məhz bu ərəfədə belə bir sual vermək istərdik: Qurani-Kərim insana nə öyrədir?
Möhtərəm Abdullah Sert: Mən də can Azərbaycanın canlarını salamlayıram. Qarabağ zəfərinin ildönümü ərəfəsində sizinlə bir araya gəlməkdən məmnun olduğumu bildirmək istəyirəm. Allah-Təala maddi və mənəvi zəfərlərinizi daim eyləsin!
Sualınıza gəlincə, Qurani-Kərim bizə yeriməyi öyrədir. “Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyərlər…” - deyir (əl-Furqan, 63). Diqqət edərsək, bu gün modern dünya da insanlara bir yeriş tərzi öyrədir. Çiynini belə tutmalısan deyir. Suyu belə içməlisən, yeməyi belə yeməlisən deyir. Bizə bir həyat tərzi öyrətməyə çalışır. Qurani-Kərimsə bizə: “Sən Allahın yer üzündəki qulusan. Sənin kimi minlərlə, milyonlarla başqa qul var, özünü heç kimdən üstün tutma!” - deyir. Deməli, İslamdan, Qurandan qopduğu zaman insanın yerişi dəyişir. Qurani-Kərim səsimizi tənzimləyir: “Səsini alçalt!” - buyurur. “Səsinlə ətrafdakıları incitmə!” - deyir bizə. Bu gün Qurandan uzaq qalan bəzi toplumlarda açıq-aşkar səs bombardmanı yaşanır. İnsanlar səs-küydən evinə rahatlıqla gedə bilmir. Niyə? Çünki Qurandan uzaqlaşaraq modern dünyanın səsinə qulaq verənlər özlərinə görə bir həyat tərzi formalaşdırırlar. Mənə heç kim mane ola bilməz, öz bildiyim kimi hərəkət edərəm, istədiyimi istədiyim şəkildə ifadə etmə hürriyyətim var, - deyirlər. Yəni “mən” mərkəzli yaşayırlar. Quran isə: “Bu dünya sənin mülkün deyil, sahib olduğun mövqe gəlib keçicidir, əlində olanlar əmanətdir”, - deyir.
- Yəni ətrafımızdakılara qarşı riayət etməli olduğumuz xüsuslar var.
- Bəli, yaşadığımız müddətdə ətrafımızda gördüyümüz hər şeylə bir hüququmuz var. Toxunduğumuz cansız əşya ilə də hüququmuz var. İrfan yolunun öndərlərindən olan Mühyiddin İbn Ərəbi həzrətləri necə də gözəl deyir: “Bir ehtiyacın üçün yerdən götürdüyün daşla işin bitəndə onu yerə atma. Lütfən, əyil, yerinə qoy, daşı daşa vurdurma”. Demək ki, insan Quran mərkəzli yaşadıqda, Qurana qulaq verdikdə özü ilə, ətrafındakı insanlarla, digər canlılarla, hətta cəmadat dediyimiz cansız varlıqlarla münasibəti dəyişir. Yeriyişi dəyişir, səs tonu Allahın istədiyi ölçüdə olur. Qurandan bəslənən insanın oturuşu-duruşu, danışığı, sükutu, yemək yemə tərzi, su içməsi fərqli hal alır. Tez-tez mərhum Musa Əfəndinin su içmə tərzini dilə gətirirəm. Könlü Qurandan və Hz. Peyğəmbərin həyatından bəslənən o Allah dostu suyu o qədər gözəl içərdi ki, yüz dəfə su içsə, yüzünü də kamera ilə çəksəniz, heç biri arasında fərq görə bilməzdiniz. Heç bir zaman stəkanı sərt şəkildə masaya qoymamışdır. Stəkanı vuraraq nəlbəkidən səs çıxartmamışdır. Əlbəttə, fərqli də ola bilərik, amma əlimizdə tutduğumuz əşyaya Musa Əfəndi kimi davransaq, ayrı insanıq, fərqli davransaq, ayrı. Quran təlimindən keçən insan bambaşqadır. Bir ara Türkiyədə dəbdə olan bir əyləncə vardı. Əylənmək üçün ziyafət təşkil edib restoranda boşqab qırırdılar. Nə qədər də naxoş bir görüntüdür, elə deyilmi? Məhz Qurana deyil, modern dünyanın və nəfsin səsinə qulaq verənlər nəticədə bu kimi davranışlar sərgiləyirlər. Nə qədər azğın bir davranışdır. İnsan bunun üçünmü yaradıldı?!
- Yəni Quran tərbiyə edir, eləmi?
- Tamamilə doğrudur. İnsan üç şeyə möhtacdır deyirlər: bilgi, tərbiyə və qida. Rəbbimiz sorğusuz-sualsız qidamızı verir, həmd olsun. Bilgini də müxtəlif yollarla alırıq. Ən mühüm olanı isə tərbiyədir ki, Allah-Təala insanları tərbiyə etmək üçün peyğəmbərlər seçib göndərmişdir. Onlara kitablar nazil edərək həyatı necə yaşayacaqlarını təlim etmişdir. Bu peyğəmbərlərin sonuncusu Hz. Muhamməd, kitabların sonuncusu və hökmü qiyamətədək qüvvədə olanı isə Qurani-Kərimdir. Deməli, Quranın düsturlarına görə yaşayan, Nəbəvi həyat tərzini mənimsəyən insan Rəbbani tərbiyəyə sahibdir. Bir cümlə ilə desək, Quran hər şeydən əvvəl bizə Allahın qulu olduğumuzu öyrədir. Əgər bunu dərk edə bilsək, o zaman Allahın xəlifəsi olma şərəfinə nail ola bilərik.
- Qurandan maksimum istifadə edib feyz almamız üçün və onun qəlbimizə təcəlli etməsi üçün nələrə diqqət etməliyik?
- Qurani-Kərimi layiqincə dərk edib onu qavramaq üçün hər şeydən əvvəl tərtəmiz qəlbə sahib olmalıyıq. Qəlbimizi mənəvi kirlərdən təmiz tutmalıyıq ki, ilahi kəlam orada təcəlli etsin. İnsan şəxsiyyətinə təsir edən və onu formalaşdıran iki mühüm amil var: qida və çevrəsindəki mühit. Qidamızı halal yoldan qazanmalı, boğazımızdan aşağı haram və şübhəli olanın girməməsinə maksimum dərəcədə diqqət göstərməliyik ki, şəxsiyyətimiz pozulmasın. Təqva ölçülərindən uzaqlaşmayaq ki, Quran bizə yol göstərsin. Quranın görmək istədiyi insan olmaq istəyiriksə əlimiz, dilimiz, könlümüz günah kirindən təmiz olmalıdır. Əslinə baxsaq, insan bu kirlərlə yaşadığı müddətdə hüzursuzdur. İçində məna verə bilmədiyi bir boşluqla mücadilə halındadır. O boşluq məhz ilahi sirlərin insan qəlbinə nüfuz edə bilməməsinin acı nəticəsidir. İrfani tərbiyədə bir düstur var: təxəlli, təhalli və təcəlli. Yəni əvvəlcə qəlbimizi günah kirlərindən təxəlli etmək - təmizləmək lazımdır. Bunu etdikdən sonra təhalli gəlir. Nədir təhalli? Halın müsbətə doğru dəyişməsidir. İnsanın ilahi gözəlliklərlə bəzənərək nəbəvi əxlaqla həmhal olmasıdır. Məhz bu prosesdən sonra təcəlli dediyimiz şey gerçəkləşir. İnsanın qəlbinə Quran təcəlli edir. İlahi kitabımızın sirlərindən agah olmaq mərhələsi başlayır. Həyat əmr olunduğu kimi istiqamət üzrə davam edir. İlahi ikramlarla nəsiblənən insana qəlbi hüzur bəxş edilir. Oturuşu, duruşu, yemək yeməsi, su içməsi, sükutu, danışığı, hər halı hüzur içərisində olur. Quran ifadəsi ilə desək, insanda şükür, qənaət və riza halı formalaşır. Bütün bunlar ilahi ikramlardır və könül dünyamızla əlaqəli xüsuslardır. Həyat zikr, dua və təfəkkürlə daha da dəyərli hala gəlir. Beləliklə, Allaha yaxınlıq hasil olur. İnsan Allaha yaxınlaşdıqca Allah da onu sevir və hədisi-şərifdə buyurulduğu kimi, Haqq-Təala onun tutan əli, görən gözü, dərk edən qəlbi olur. Yəni insanın cüzi iradəsi Allahın külli iradəsinə ram olar. Dilindən hikmət çıxar, əlindən insanlar xeyir görər, gözləri şəfqət və mərhəmət saçar. Yəni biz qəlbimizi Qurana açdıqca Quran da bizi dəyişər. Bu ikisi davamlı olaraq bir-birini bəsləməyə başlayar.
- Bizə vaxt ayıraraq belə bir gözəl müsahibə verdiyiniz üçün təşəkkür edir, gəlişlərinizin sayını artırmanızı diləyirik.
- Mən də öz növbəmdə “İrfan” jurnalı kollektivinə təşəkkür edir, bütün oxuculara buradan salam göndərirəm.
ŞƏRHLƏR