“Quranın əxlaqı ilə əxlaqlana bilən hafizlər ümmətin ən şərəfliləridir”.
Şəki İslam Kollecinin direktoru Abdurrəhman Nuri:
“Quranın əxlaqı ilə əxlaqlana bilən hafizlər ümmətin ən şərəfliləridir”.
İrfan: Əvvəla, sizi İrfan oxucusu adından salamlayırıq. Şəki İslam Kollecinin XI hafizlik mərasimi üçün ev sahibliyi edərək bir sıra möminlərin, o cümlədən ölkəmizin hafiz sevərlərinin bir araya gətirilməsi ölkə müsəlmanları adına böyük səadətdir. Maraqlıdır, hər dəfə hafiz adını almış yeniyetmələri məzun olaraq cəmiyyətimizə təqdim edərkən siz və müəllim kollektiviniz hansı hissləri keçirirsiniz?
Hafiz Abdurrəhman Nuri: Mən də sizi və sizin simanızda bütün İrfan ailəsini salamlayır, irfan yolunda daim mütərəqqi ideyaların daşıyıcısı olmağınızı arzulayıram. Bildiyiniz kimi, hafizlik məqamı barədə bir sıra hədislərdən bizə aydın olur ki, onlara hətta Qiyamət günündə şəfaət etmə haqqı veriləcək. Belə bir məqamı əldə edəcək tələbələri cəmiyyətə təqdim edərək onlardan ayrılmaq hafizlik təlimi ilə məşğul olan hər bir müəllim üçün həm çətin, həm də çox qürurvericidir. Çünki tələbələrimizi məzun olaraq görən zaman illərlə həmin tələbələrin keçirdiyi sarsıntılar, enişli-yoxuşlu günlər xatırlanır, onların bu yolda keçdiyi əzmkarlıq, mübarizlik göz önünə gəlir. Onu da qeyd edim ki, tələbələrimiz yatılı şəkildə bizim kollecdə qaldıqları üçün onlar həm də hafizlik təlimləri müddətində - bir neçə il - kollec ailəsinin üzvünə çevrilərək valideyn qayğısını da bizdən görməyə alışırlar. Beləcə, hər bir müəllimdə öz tələbəsinə qarşı sanki valideyn-övlad münasibəti formalaşır. Biz də öz növbəmizdə onların mənəvi valideynləri olaraq, Quran əzbərlətməklə yanaşı, hədislərdə buyurulduğu kimi halalı halal, haramı haram olaraq dərk edəcək bir şəxsiyyət kimi yetişmələri üçün əlimizdən gələni əsirgəmirik. Təbii ki, belə bir münasibətin sonunda cəmiyyətimizə təqdim etdiyimiz hafizlər bizim üçün əməyimizin, zəhmətimizin bəhrəsi olmaqla yanaşı, kollec ailəsinin ən sevimli üzvləri kimi hesab edilir. Belə məzunlardan ayrılmaq sanki ailəmizin bir parçasından ayrılmaq kimi bizə çətin gəlir. Bununla belə, məhz bu gənc hafizləri cəmiyyətimizə təqdim etməklə ölkəmizdə İslam mədəniyyətinin inkişafına töhfə verəcəklərini düşünərək belə bir mərasimin keçirilməsi zamanı yalnız qürur və iftixar hissi duymağımız bizim üçün daha məntiqli, daha düzgün olar. Allahın kitabı Qurani-Kərimin hafizi olan tələbələri məzun etməyin verdiyi zövq əvəzolunmaz və möhtəşəmdir. İcazənizlə, onu da qeyd etmək istəyirəm ki, 30 ildən bəri fəaliyyət göstərən kollecimiz respublikamızın ilk və yeganə hafizlik məktəbi olaraq 2000-ə yaxın gənci milli-mənəvi ruhda yetişdirərək cəmiyyətə öz töhfəsini vermişdir. Bu günə kimi 270 Quran bülbülünü – hafizlərimizi məzun edərək respublikamızın bir çox bölgələrinə göndərmişik. Neçə-neçə hafizlərimiz İslam ölkələrində keçirilmiş bir sıra beynəlxalq “Qurani-Kərim” müsabiqələrində müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif olunublar.
Əlbəttə, belə bir fəaliyyətin nəticəsi olaraq Hafizlik mərasimləri də öz möhtəşəmliyi ilə ənənəvi olaraq təşkil olunmaqdadır. Sözsüz ki, bu mərasimlərin xüsusi təntənə ilə keçirilməsi həm hafizlərimiz, həm onların yaxınları, həm də hafiz olmaq üçün çalışmaqda olan tələbələrimizə böyük stimul verməkdədir. Hafizlik mərasimi də bütün kollektivin illərlə çalışaraq ərsəyə gətirdiyi bir tədbirdir. Həmçinin hər bir hafiz tələbə hafizliyi bitirdiyi gün kollecimizdə fərqli bir ab-hava yaranır. Hafizlərimiz, ümumiyyətlə, hafizliyi cümə günü bitirməklə həmin gün bizlərə ikiqat bayram sevinci yaşadırlar. Beləliklə, tələbələrimizin hafiz adını qazandığı günlər, xüsusilə də büyük həyəcan və səbirsizliklə hazırlaşdığımız, zəhmətimizin bəhrəsini sərgiləyərək hafizlərimizi fəxr hissi ilə cəmiyyətə təqdim etdiyimiz ənənəvi tədbirlər bizim üçün əvəzolunmaz günlərdir. Aləmlərin Rəbbi Allaha həmd olsun ki, bu neməti - ağır, lakin ilahi rizanı qazanmaq üçün vəsilə olan şərəfli yolu bizlərə ərməğan etmişdir. Uca Allahın izni ilə bu istiqamətdə bacardığımız qədər xidmət etməyə çalışacağıq.
- Məlumdur ki, Qurani-Kərimi oxumağın, əzbərləməyin fəziləti böyükdür. Amma kənardan göründüyü qədər bu yol elə də asan deyil. Həm müstəqillikdən sonra ölkəmizdə yetişən ilk hafiz, həm də bu sahədə xidmət göstərən biri olaraq siz necə düşünürsünüz, hər kəs hafiz ola bilərmi?
- Əvvəlcə onu qeyd edim ki, əlbəttə, hafiz olmaq istəyən və çalışan hər kəs yaşından və mövqeyindən asılı olmayaraq hafiz ola bilər. Ancaq bütün dünyada hafizlik sistemində qəbul olunmuş bəzi tendensiyalar var. Bu tendensiyalara əsasən, hafizlik özünəməxsus proqram çərçivəsində təyin olunmuş müəyyən yaş həddində icra edilsə, daha səmərəli və daha keyfiyyətli olar. O yaş həddi bir tələbənin orta məktəb illəri ərəfəsidir. Əlbəttə ki, yaş nə qədər az olarsa, yaddaş daha güclü olduğu üçün mümkün qədər yeniyetməliyə çatmamış yaşlarda bu işə başlamaq daha doğrudur. Çünki yayğın düşüncəyə görə, uşaqlarda zehin, yaddaş, hafizə həddi-büluğ dediyimiz, ortalama 15 yaşa qədər daha güclü olur. Ancaq şəxsən mənim fikrimcə, bir tələbənin ali təhsil illəri də daxil olmaqla təhsil aldığı bütün illərdə yaddaş, hafizə normal olaraq davam edir. Yaddaş nə vaxt zəifləyir? İnsanın həyatında qayğılar, əlavə məsuliyyətlər başladığı zamandan etibarən yaddaş zəifləməyə başlayır. Çünki qayğı, məsuliyyət insanda gərginlik yaradır. Gərginliklər başladığı zaman bədən və ruh yorulmağa başlayır. Məlumdur ki, bütün xəstəliklərin qaynağı stresdir. Elə yaddaşı da zəiflədən ən güclü amil stresdir. Təbii ki, yaxşı olardı ki, bu proses orta məktəb illəri ərəfəsində həll olunsun. Necə deyərlər: hər şeyin öz vaxtı var.
- Hafizliyini yeni bitirən gənclərə bu yolu keçmiş biri olaraq nə tövsiyə edərdiniz?
- Hafizliyi bitirən əksər hafizlərdə belə bir hiss oyanır: “Artıq mən hafiz oldum və hafizlik diplomunu da aldım. Hafizlik prosesi başa çatdı”. Ona görə Qurani-Kərimlə məşğul olmağı azaldaraq başqa işlərə daha çox vaxt ayırmağa başlayırlar. Təbii ki, hafizlik uzun, yorucu və məşəqqətli bir prosesdir. Hafizlik tələbəsi hər gün eyni proqramla hərəkət etməkdən tədricən yorulur. Bu, normal haldır. Burada hafizlik müəlliminin çiyninə çox iş düşür. Hafizlərlə bu keçid dövründə xüsusi məşğul olunmalıdır.
Hafizlər hafizliyi başa vurduqdan sonra əvvəlcə hər gün mütəmadi olaraq Qurani-Kərimi təkrar etməlidirlər. Ortalama gündəlik bir cüz (iyirmi səhifə) müəllimə əzbərdən oxumalıdırlar. Qurani-Kərim ərəbcə bir mətn olduğu üçün mənasını başa düşmək, verdiyi xəbərdarlıqları dərindən anlamaq üçün hər bir hafiz ərəb dilini Qurani-Kərimi başa düşə biləcək səviyyədə öyrənməlidir. Əgər ali təhsil almaq istəyirlərsə, hafizliyə ən uyğun ixtisas olaraq ilahiyyata yönəlmələri daha yaxşı olar.
Bütün bunlarla birlikdə, Quran hafizinin Qurani-Kərimin əxlaqı ilə əxlaqlanması lazımdır. Hz. Aişə (r.anhə) anamız Hz. Peyğəmbərin (s.ə.s) əxlaqı barədə soruşanlara: “Onun əxlaqı Quran idi”, - buyurmuşdu. (Müslim, Müsafirin, 139) Quranın əxlaqı ilə əxlaqlana bilən hafizlər ümmətin ən şərəfliləridir. Başqa bir hədisi-şərifdə Allah Rəsulu: “Ümmətimin ən şərəfliləri Quranı əzbərləyənlər – hafizlərdir”, - buyurmuşdur. (Təbərani, əl-Mucəmul-Kəbir, 12/125)
İlk hafiz Hz. Peyğəmbərin (s.ə.s) özüdür. Ona görə hafizlik Peyğəmbərimizin əmanətidir. Həqiqi hafizlər peyğəmbərlərin varisləridir. Şairin dediyi kimi:
Belə bir hafizi-Qurana cəhənnəm yoxdur,
Məhz qiyamət günü bəxşiş ona nemət çoxdur!
- Bizə vaxt ayıraraq suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.
- Belə bir müsahibə üçün öz adımdan, habelə bütün kollektivimiz və hafizlərimiz adından sizə dərin təşəkkürümüzü bildiririk. Hər ay oxucuların həsrətlə yolunu gözlədiyi, Azərbaycanın ən dəyərli jurnalı olan “İrfan” jurnalının kollektivinin fəaliyyətinə uğurlar arzulayıram. Yenə fürsətdən istifadə edib bu müəssisənin qurulmasında əməyi keçən Səlim Əfəndiyə rəhmət diləyir, 30 il əvvəl qardaş Türkiyədən gələrək bu fəaliyyətləri başladan möhtərəm Osman Nuri Topbaşa təşəkkür edirəm. Fəaliyyətlərimizin davamı üçün dəstək olan Qafqaz Müsəlmanları İdarəsinə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə, Aziz Mahmud Hüdayi Vəqfinə və Gəncliyə Yardım Fonduna minnətdarlığımı bildirirəm.
ŞƏRHLƏR