BİR HƏDİS

BİR HƏDİS

عَنْ عُثْمَانَ بْنِ عَفَّان رَضِيَ اللهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَ سَلَّمَ: إِنَّ ‌القَبْرَ ‌أَوَّلُ ‌مَنْزِلٍ مِنْ مَنَازِلِ الآخِرَةِ، فَإِنْ نَجَا مِنْهُ فَمَا بَعْدَهُ أَيْسَرُ مِنْهُ، وَإِنْ لَمْ يَنْجُ مِنْهُ فَمَا بَعْدَهُ أَشَدُّ مِنْهُ

            Osman ibn Əffandan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Qəbir axirət mənzillərinin ilkidir. Kim ondan qurtularsa, ondan sonrakı mənzillər (mərhələlər) onun üçün asan olar. Kim ondan qurtulmazsa, ondan sonrakı mənzillər onun üçün daha çətin olar". (Tirmizi, Zöhd, 5)

            Qəbir əzabı mövzusu müxtəlif səhabələr tərəfindən rəvayət olunan hədislərlə sabit olan bir mövzudur. Qeyd etdiyimiz hədis də belə hədislərdən biridir. Belə ki, Həzrət Osmanın (r.a) köləsi Haninin rəvayət etdiyinə görə, Həzrət Osman (r.a) hər dəfə qəbrin başında dayandığı zaman saqqalı islanana qədər ağlayarmış. Ona: "Cənnəti və cəhənnəmi xatırladığın zaman heç belə ağlamırsan. İndi qəbrə girəcəksən deyəmi ağlayırsan?" - dedikləri zaman Həzrət Osman (r.a) onlara Rəsulullahdan (s.ə.s) eşitdiyi bu hədisi nəql edərək niyə ağladığına aydınlıq gətirmişdir.

            Qəbir əzabı haqqında çox sayda səhih hədislərin olmasına baxmayaraq, müxtəlif dövrlərdə qəbir əzabı haqqında fərqli fikirlər irəli sürülmüşdür. Bunun əsas səbəbi Qurani-Kərimdə "qəbir əzabı" ifadəsinin açıq şəkildə keçməməsi və eyni zamanda hesaba çəkilmədən öncə insanın qəbirdə əzab görməsinin əqlən mümkün olmadığı kimi fikirlər olmuşdur. Lakin Qurani-Kərimdə "qəbir əzabı" ifadəsi keçməsə də, cəhənnəm əzabından öncə bir əzabın olduğuna işarə edən ayələr mövcuddur. Bu ayələrin ən diqqət çəkənlərindən biri Firon ailəsi haqqındadır. Uca Allah belə buyurur: "Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): "Firon əhlini ən şiddətli əzaba salın!" (əl-Mömin, 40/46). Bu ayədən də görüldüyü kimi, Firon ailəsi dünyadakı əməllərinə görə öldükləri gündən etibarən əzaba düçar olmuşlar və qiyamət qopduqdan sonra daha şiddətli bir əzaba məruz qalacaqlar.

            Allah Rəsulu (s.ə.s) qeyd etdiyimiz hədisdə hesab, mükafat və cəzanın verilməsi baxımından qəbrin ilk mərhələ olduğunu bəyan etmiş, qəbir həyatı mərhələsini asanlıqla keçənlər üçün digər mərhələlərin daha asan olacağını bildirmişdir. Yəni qəbir həyatının necə olması sonrakı mərhələlərin necə olacağından xəbər verir. Bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) bir hədisində: "Mən qəbir həyatından daha qorxulu bir mənzərə görmədim", - buyurmuşdur. (Tirmizi, Zöhd, 5) Çünki qəbir həyatı yalnızlığın, qəribliyin, qorxunun olduğu, hər hansı saleh bir əməl işləməyin mümkün olmadığı, insanın dünyada etdikləri ilə baş-başa qaldığı bir məkandır.

            Nəticə olaraq, qəbir həyatı axirət mənzillərinin ilkidir. Bu həqiqəti nəzərə alan hər bir mömin dünyada ikən qəbrinin cənnət bağçalarından bir bağça olması üçün səy göstərməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz