SUAL? - CAVAB!
Sual: Dünya həyatında nə üçün pisliklər var, Allah pisliyi nə üçün yaratmışdır?
Cavab: Uca Allah hər cür xeyrin, yaxşının və mükəmməlliyin mənbəyidir. Allahın zatında, sifətlərində və adlarında heç bir mənfilik, nöqsanlıq və əskiklik mövcud deyil. Lakin Allahdan başqa digər bütün varlıqlarda nöqsanlıq, əskiklik və yaxud mənfiliyin və pisliyin mövcud olması mümkündür.
Pisliyin Uca Allah tərəfindən yaradılması məsələsinə gəlincə, bu məsələyə müsəlman alimlərin cavab olaraq dilə gətirdikləri ən güclü dəlil pisliklərin məhz imtahan və sınaq məqsədi ilə yaradılmasıdır. Əgər bir insan həyatı yalnız bu dünyadan ibarət görər və həyatın, ardında bir haqq-hesab olan sınaq olduğunu, ardından da bunun nəticəsində xoşbəxtlik və ya əzabın olacağını qəbul etməzsə, dünyada mövcud olan pislik problemini izah etməsi qeyri-mümkün olar.
İnsanlar bu dünyada sınaqdan keçməkdədirlər. Ölümün və həyatın yaradılmasının məqsədi də məhz budur. Uca Allah belə buyurur: “O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır”. (əl-Mülk, 2) Ona görə də, əgər bir imtahan və sınaq varsa, xeyir ilə birgə şər də olmalıdır ki, imtahanın mənası olsun. Uca Allah belə buyurur: “Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız”. (əl-Ənbiya, 35)
Bu dünyadakı varlıqlar arasından yalnız insan ağıl və iradə ilə təchiz edilmiş, ona yaxşılıq və pislik etmək gücü verilmişdir (əl-İnsan, 2-3; əş-Şəms, 7-10). Əgər insanın həyatında pisliklə bağlı seçim olmasaydı, imtahanın da bir mənası qalmazdı. Məsələn, mələklərə pislik etmək gücü və imkanı verilmədiyi üçün onlar mütləq mənada yaxşılıqla təchiz olunmuş varlıqlardır və bu səbəbdən də onlar imtahana və sınağa çəkilməzlər.
Vurğulamaq lazımdır ki, Uca Allahın bu dünyada pislik etmək imkanlarını yaratması Onun pislik etdiyi mənasına gəlmir. Çünki insan öz seçimi nəticəsində pisliyi edir. Ona verilən iradə və imkan ilə seçim edir və bunun nəticəsində öhdəlik daşıyır. Məsələn, test imtahanında müəllim hər sualın altındakı bəndlərə bir düzgün cavabla yanaşı, bir neçə səhv cavab da qoyur. Müəllimin səhv cavabları qoyması şagirdlərinə pislik etmək məqsədi daşımır. Bir şagirdin öz bilgisizliyi ucbatından səhv bəndi işarələyib: “Siz bu səhv cavabı qoymasaydınız, mən də onu işarələməzdim; yalnız düzgün bəndi qoysadınız, onu işarələyərdim!” – deyərək müəllimi günahlandırması məntiqli deyil. Çünki onun dediyi kimi olsaydı, imtahanın bir mənası qalmazdı.
Bəzi pisliklər də var ki, orada insanın hər hansı bir müdaxiləsi yoxdur. Məsələn, zəlzələ, ildırım, sel və s. kimi təbii fəlakətlər məhz bu kateqoriyaya aiddir. Bu kimi fəlakətlər Uca Allahın təbiətə qoyduğu nizamın bir nəticəsi olaraq meydana gəlir və hər birinin fiziki qanunlar çərçivəsində bir səbəbi var. İnsanlar bu kimi təbii fəlakətlərə məruz qalmamaq üçün lazımi tədbirlər görməli və buradakı ziyanı minimuma endirməyə çalışmalıdırlar. İnsanların bu kimi tədbirlər görmədən məruz qaldıqları ziyanın məsuliyyətini Uca Allaha yükləmələri və qədəri bəhanə kimi göstərmələri məqsədəuyğun bir hərəkət deyil. Odur ki, insan olaraq lazımi tədbiri gördükdən sonra Allaha təvəkkül etməli və bundan sonra başımıza qabağının alınması mümkün olmayan bir müsibət gələrsə, məhz bunun imtahanımızın bir hissəsi olduğunu qəbul etməli və səbir etməyi bacarmalıyıq. Uca Allah belə buyurur: “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır”. (əl-Bəqərə, 155-157)
Bir də sırf insanların iradəsi ilə yaşanan pisliklər var ki, bunlar əxlaqi zəiflik nəticəsində meydana gəlir. İnsanların bir-birini qətlə yetirməsi, mülkiyyət hüququna təcavüz etməsi, müxtəlif cinayətlər, müharibələr və s. kimi pisliklər məhz bu kateqoriyaya aiddir. Uca Allahın bu kimi pisliklərə icazə verməsi məhz dünyadakı imtahan və sınağın nəticəsidir. Dünyanın müvəqqəti imtahan yurdu olduğunu unudan insan ədalətin tamamilə burada gerçəkləşməsini gözləyir, lakin belə olmadığını gördükdə dərhal “Allah olsaydı, bu kimi pisliklər olmazdı” şəklində yanlış mühakimə yürüdür. Şübhəsiz ki, Uca Allah dünyada edilən bütün əməllərin qarşılığının axirətdə hər kəsə tam şəkildə veriləcəyini, orada heç kəsin haqsızlığa məruz qalmayacağını, zərrə qədər belə olsa yaxşı və ya pis hərəkətin qarşılığının olacağını bildirmişdir. İnsanlar tərəfindən edilən hər bir pisliyin bu dünyada dərhal cəzası verilsəydi, imtahanın bir mənası qalmazdı. Bu dünya şərtlərində pisliklərdən uzaq saf yaxşılığın olduğu bir həyat mümkün deyil. Belə həyat yalnız imtahanın olmadığı, mükafat yurdu olan cənnətdə olacaqdır.
ŞƏRHLƏR