Mənəvi tərbiyədə təfəkkür

Mənəvi tərbiyədə təfəkkür

Həyat və kainatı təəccüblə seyr edəndə cavabları ruhumuzun dərinliklərində gizlənmiş bir çox sual ilə qarşılaşırıq:

“Bu dünyaya haradan gəldik? Bu cahan nədir? Kimin mülkündə yaşayırıq? Necə yaşamalıyıq? Necə düşünməliyik? Yolumuz haradır? Fani həyatın həqiqəti nədir? Ölüm həqiqətinin sirri necə olur? Ona necə hazırlaşmaq lazımdır?”

Təfəkkürlə inkişaf edən ruh dərk edər ki, “İbadətdə bədənin qibləsi Kəbə, hər nəfəsdə ruhun qibləsi isə Allah-Təaladır”.

Təfəkkür təkcə insana deyil, bütün məxluqata verilmiş həyati bir qabiliyyətdir. Bu qabiliyyətdən hər varlıq öz dünyası içində və öz yaradılışına uyğun şəkildə istifadə edir. Ağırlıq mərkəzi də daha çox bədən və nəfsaniyyət planına aiddir. Yeyib-içmək, daha yaxşı, daha rahat yaşaya bilmək və nəsli davam etdirmək kimi məsələlər ön plandadır. Buna görə bir yırtıcı məxluqun düşüncəsi ancaq ovunu parçalayıb mədəsini doydurmağa yönəlir. Bundan əlavə onun həyat, kainat və gələcəyə dair hər hansı bir düşüncə və qayğısı yoxdur. Əslində ona verilən düşünmək qabiliyyəti də ancaq buna kifayət edir. Fəqət insana gəlincə, onun vəziyyəti fərqlidir. 

İnsan varlıqların ən şərəflisi və kainatın göz bəbəyi olaraq yaradıldığı üçün onun məsuliyyət və vəzifələri böyükdür. Buna görə də ona geniş bir təfəkkür qabiliyyəti ehsan edilmişdir. Çünki insan yeyib-içmək, yaşamaq və nəslini davam etdirə bilmək baxımından digər məxluqata bənzər xüsusiyyətlərə dair nəfsani təfəkkür ilə deyil, ancaq özünü inkişaf etdirəcək və bu vəsilə ilə cənnət və cəmalullaha nail edəcək ruhani təfəkkür ilə insanlıq hissiyyatına və şərəfinə yiyələnmişdir.

İnsan ruhani yönünü kamilləşdirə bilməzsə, çox təəssüf ki, təfəkkür istedadını nəfsani arzuların burulğanında məhv edər.

Belə qafil bir həyat uşaqlıqda oyun, gənclikdə şəhvət, orta yaşda qəflət, qocalıqda əldən çıxanların həsrət və peşmanlığından ibarətdir.

Ruhi dərinliklərə çatmış bir mütəfəkkir belə deyir:

“Bu cahan aqillər üçün seyri-bədayi (ilahi sənəti ibrətli tamaşa və təfəkkür), axmaqlar üçün isə yemək və şəhvətdir”.

Deməli, insanı insan edən xüsus onu şüur iqlimində göyərdəcək ruhani bir təfəkkür dərinliyidir. Allah-Təala da bəndələrindən həm imanın, həm də ibadətlərin yüksək bir şüur və idrak içində təzahürünü istəyir. Bu isə ancaq ilahi əzəmət və qüdrət axışlarını təfəkkür ilə mümkündür.

Təfəkkürdə kamilləşmək və beləliklə, ruhu inkişaf etdirmək bəndənin ən mühüm məsuliyyətlərindən biridir. Çünki ibadətlərdə mütiliyə, qəlbin təsirlənməsinə, riqqətə gəlməsinə, davranışlarda nəzakətə və əxlaqda kamala çatmaq ancaq ruhu inkişaf etdirən bir təfəkkür ilə mümkündür.

Elmsiz ibadətdə və təfəkkürsüz Quran tilavətində fayda və feyz azalar. Çünki Allahdan qafil bir qəlblə edilən ibadətlər get-gedə qiymətini itirər, hətta bəzən bir yorğunluqdan ibarət olar. Bu səbəblə Haqq dostları da namazı son namazmış kimi qılmağı, orucu nemətlərin qədrini və möhtacların iztirabını təfəkkür edərək tutmağı, yəni bütün ibadətləri mütləq təfəkkür tərəfinə də riayətlə icra etməyi nəsihət etmişlər.

Təfəkkür edən bir qulda duyuş qabiliyyəti dərinləşər, ibadətləri əda etməkdə asanlıq qazanılar. İbadətləri məqbul edən onun qəlbə nüfuz edəcək bir təfəkkürlə ifa edilməsidir. Bunun sayəsində bəndə Rəbbinə yaxınlaşar. Səhabələrin və onları ixlasla təqib edən saleh möminlərin müti xisləti də bu qəlbi səviyyəyə sahib olmaları idi.

Təfəkkürlə bağlı ayədə belə buyurulur:

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!” (Ali-İmran, 190-191)

Yuxarıda bildirilən ayələr nazil olduğu zaman peyğəmbərimiz (s.ə.s) güllərin üstündəki şeh damcılarını utandıran göz yaşları ilə səhərə qədər ağlamışdı. Möminlərin ilahi qüdrət və əzəmət təcəllilərini təfəkkür ilə tökəcəkləri göz yaşları da Allahın lütfü ilə fani gecələrin zinəti, qəbir qaranlıqlarının nuru, cənnət bağçalarının şəbnəmləri olacaqdır.

İmam Qəzzali (q.s) belə buyurmuşdur:

“Ariflərdən olmaq istəyirsənsə, sükutun təfəkkür, baxışın ibrət, arzun itaət olsun”.

 Çünki bu üç xislət ariflərin əlamətidir.

Təsəvvüfdəki ruhi kamilliyin yaranmasında da təfəkkürün çox mühüm bir yeri vardır. Çünki məsələ quru-quru əməl işləmək deyil, onu incə bir könül, yəni qəlbi-səlim ölçüləri daxilində Haqqa ərz edə bilməkdir. Bu da, əlbəttə ki, şüurlu bir təfəkkür sahibi olmaqla mümkündür.

Qısacası, təfəkkür ən çox möhtac olduğumuz xislətlərdən biridir. Ruhumuzun inkişafı, imanımızın qüvvətlənməsi, ibadətlərimizin müticəsinə, xüşu ilə ədası, davranışlarımızın doğru istiqamətlənməsi və könül üfüqümüzün  ancaq dünya ölçüsündə yığılıb qalmaması təfəkkür xislətini layiqi ilə yaşamağımıza bağlıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz