İlahiyyatçı alim Prof.Dr.Raşit Küçükün ardından...
22 noyabr tarixində Türkiyənin tanınmış elm xadimlərindən ilahiyyatçı hədis alimi Prof.Dr.Raşit Küçük vəfat etdi. Din İşləri Yüksək Qurumunun başqanlığını da etmiş olan Prof.Dr.Raşit Küçük 1947-ci ildə Antalyanın Akseki qəsəbəsinə bağlı Mentəşbəy kəndində anadan olub. Antalyada imam-xətib məktəbindən sonra Konya Yüksək İslam İnstitutuna daxil olub və 1970-ci ildə ali təhsilini tamamlayıb. Bir müddət Akseki imam-xətib məktəbində müəllim və direktor vəzifəsində işləyib. Bundan sonrakı illərdə Ərzurumda Atatürk Universitetində və İstanbul Yüksək İslam İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 1983-cü ildə “Quranda və Sünnədə sevgi” dissertasiyasını müdafiə edib. Növbəti illərdə Mərmərə Universitetinin İlahiyyat fakültəsinə çevrilən həmin təhsil ocağında Hədis kafedrasında müəllim işləyib. Aldığı dossentlik (1997) və professorluq (2003) ünvanlarından sonra 2007-ci ildə həmin fakültənin dekanı təyin edilib. 2011-2014-cü illərdə Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurumu Başqanı olub. Təqaüdə ayrıldığı həmin il təyin olunduğu Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Mərkəzindəki rəhbər vəzifəsini 2022-ci ilin sentyabr ayına qədər davam etdirib.
1991-ci ildə nəşr olunan doktorluq müdafiə tezi Türkiyə Yazarlar Birliyi tərəfindən “fikir” kateqoriyasında birinciliyə layiq görülüb. 2016-cı ildə isə Türkiyə Yazarlar Birliyinin “Xidmət” mükafatı ilə təltif edilib.
“Həzrət Muhamməd (s.ə.s) Siyəri-Nəbi”, “Sevgi mədəniyyəti – Allahda qul, qulda Allah sevgisi”, heyətlə birgə hazırlanan “İmam Nəvəvi, Riyazus-Salihin – Peyğəmbərimizdən həyat ölçüləri” kimi bir çox sevilən əsərlərin müəllifidir.
Qeyd edək ki, mərhum Prof.Dr.Raşit Küçükün Prof.Dr.Yaşar Kandemir və Prof.Dr.İsmail L.Çakan ilə birlikdə tərcümə və şərh etdiyi “Riyazus-Salihin” əsərinin müxtəsər iki cildi 2015-ci ildə “İpəkyolu” nəşriyyatı tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq nəşr edilmiş və “İrfan” jurnalının abunə kampaniyası çərçivəsində bütün oxucularına hədiyyə olaraq təqdim edilmişdi.
Ömrünü hədis elminə və Allah yolunda xidmətə həsr edən Prof.Dr.Raşit Küçük üç ildir ki, xərçəng xəstəliyindən müalicə olunurdu. 76 yaşında vəfat edən böyük din aliminin cənazə namazı İstanbulda Fatih məscidində qılınaraq məscidin yaxınlığındakı qəbiristanlıqda dəfn edilib.
Allah rəhmət eləsin!
ŞƏRHLƏR