QAFQAZ DAĞLARINDAN YÜKSƏLƏN QURAN SƏDALARI

QAFQAZ DAĞLARINDAN YÜKSƏLƏN QURAN SƏDALARI

Saralan yarpaqların qızılı rəngə çaldığı bir mövsümdə, şəhidlərin şərəfinə çəkilən çeşmələrin üzərində dalğalanan Azərbaycan və Türkiyə bayraqlarını salamlayaraq könül coğrafiyamızda yola düzəldik. Yol boyu sağlı-sollu bitən ağacların başımızın üstündə birləşən budaqları ilə tunelə çevrilən gözəllik iqlimindən keçdik. Can Azərbaycanın qədim şəhərində Şəki İslam Kollecinin XI Hafizlik Mərasimində iştirak etdik. Bundan 30-40 il əvvəl xəyala gəlməyən şeylərin həqiqətini yaşadıq. Quran aşiqlərinin sevdası bizi bir yerə cəm etdi. Allah eşqi və Peyğəmbər sevdası ilə yoğrulan bu gözəl könül coğrafiyamızda Quran bülbüllərinin misilsiz sədaları ruhumuza dinclik verdi.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, T.C. Azərbaycan Səfirliyi, Din Xidmətləri Müşavirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Gəncliyə Yardım Fondu başda olmaqla bir çox təşkilatın sədr və təmsilçisi, xeyli adam iştirak etdi. Ölkənin dörd bir yanından Quran sevdalıları axın-axın Şəkiyə gəlmişdi. Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfindən möhtərəm Abdullah Sert xocamızın, dəyərli Abdurrahman Topbaş və Lokman Helvacı bəylərin iştirakı məhəbbət əhli üçün bayram ab-havası əsdirdi.  

Itrinin bəstələdiyi təkbir sədaları ilə məscidə girən hafizləri bütün camaat ayağa qalxaraq qarşıladı. 24 növcavan igid gecə-gündüz demədən çalışaraq canlı Quran olmuş və hafizlik məqamına yüksəlmişdi. Hər biri Qafqaz dağları qədər uca görünürdü. Başlarındakı bəmbəyaz təkkələrsə Qafqaz dağlarını bəzəyən ağappaq qara bənzəyirdi. Sovetlərin dağılmasından sonra yenidən dirçələn qədim təhsil ocağında yetişərək icazətnamə alan hafizlərin ümumi sayı 270-ə çatdı. Bir də Şəbnəm İslam Kollecində yetişən 71 xanım hafizi də bu saya əlavə etsək... Azərbaycan üçün nə qədər böyük bir bərəkətdir! Möhtərəm Ustadımızın rəhbərliyi altında başlayan bu ülvi xidmət karvanı uzun yol qət etdi. Səmimiyyət və eşqlə atılan bu məhəbbət toxumlarını Rəbbimiz qurda-quşa yem etmədi. Hər biri bir gül bağçası, hər biri bir Çinar olmuşdu. Əlbəttə, bu günlərə asanlıqla gəlinməmişdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dəstəyi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin izni ilə bir çox yerdə mədrəsələr, İslam kollecləri, Quran kursları açıldı. Həmin müəssisələrdə milli-mənəvi dəyərlərini bilən, vətəninə, millətinə, torpağına və bayrağına sahib çıxan, ürəyi imanla dolu gənclər yetişdi. Səlim Əfəndinin dediyi kimi, kommunizm dövründə bir dənə də olsa Qurani-Kərim tapılmadığı halda, indi yüzlərlə canlı Quran bülbülü yetişmişdi.

Builki Hafizlik Mərasiminin şəhidlərimizə həsr edilməsini xüsusilə qeyd etmək yerinə düşər. İki il əvvəl Qarabağ müharibəsi əsnasında Şuşada şəhidlik zirvəsinə yüksələn Hafiz Elgün Quliyevin diplomunun ata-anasına təqdim edilməsi ilə mərasimdə duyğulu anlar yaşandı. Həmçinin əvvəlki mərasimlərdə iştirak edən ağsaqqallar və müəllimlərin yad edilməsi bir vəfa nümunəsi oldu.

Möhtərəm Abdullah Sert xocamızın çıxışı könüllərə rahatlıq verdi. Sözə möhtərəm Osman Əfəndinin salamı ilə başlaması və camaatın bir ağızdan “bizdən də ona salam çatdırın, tezliklə gəlişini gözləyirik” söyləməsi qəlblərindəki həsrəti ifadə edirdi. 1996-cı ildə burada keçirilən ilk hafizlik mərasimində iştirak etdiyini söyləyən Abdullah xocamız o günləri yada salaraq sağlam müsəlman xarakterinin xüsusiyyətlərinə, İslama və ümmətə faydalı nəsillər yetişdirərkən diqqət ediləcək xüsuslara toxundu. Allah Rəsulunun övlad tərbiyəsində bizə təlqin etdiyi 3 mühüm amilə – Peyğəmbər sevgisinə, Əhli-beyt sevgisinə və Qurana sarılmağa diqqət çəkdi.

Abdurrahman Topbaş bəy özünün də hafiz atası olduğunu ifadə edərək bu müqəddəs yolda valideyn və müəllimlərin xüsusi zəhmətini təqdir etdi. Möhtərəm atası ilə 1992-ci ildə bir heyətlə Azərbaycana ilk gəlişlərini və o gündən bu günə maddi və mənəvi mənada çox şeyin dəyişdiyini xüsusilə vurğuladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev öz çıxışında Quranı öyrənib-öyrətməyin əhəmiyyətindən söz açdı. Bir vaxtlar Sovet ideologiyasının qurbanına çevrilən din alimlərimizi yad edərək bu gün ölkəmizdə dini sahəyə göstərilən qayğının nə qədər təqdirəlayiq olduğunu bildirdi. İdarənin digər nümayəndəsi, ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə sədr müavini Qəmər xanım Cavadlı da öz çıxışında yetişən hafizlərin ölkəmiz üçün bir dəyər olduğunu söyləyərək onların Quran xidmətində göstərdikləri fədakarlığı təqdir hissi ilə qeyd etdi. Eyni zamanda İkinci Qarabağ müharibəsində cəbhəyə yollanan hafizlərimizin olduğunu və Quran sevgisinin övladlarımızı Vətənə xidmətə səslədiyini xüsusilə vurğuladı. Canını bu torpağa fəda edən hafiz şəhidimiz Elgün Quliyevin adını çəkərək məclisdə iştirak edən valideynlərinə xüsusi minnətdarlığını bildirdi.  

Tədbirdə iştirak edən Din Xidmətləri Müşaviri Zeki Yavuzyılmaz Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının salamını çatdıraraq hafizliyin əhəmiyyətindən danışdı. Həmçinin tədbirdə iştirak edən Şəki müftisi Kamran Əfəndi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri də öz növbələrində xoş ürək sözlərini söylədilər.

O gün hər birimiz üçün tarixi gün oldu. Hafizlik diplomunu alan gənclərimizə həyat yolunda müvəffəqiyyətlər arzulayırıq. Ömürləri boyu Hamili-Quran, Xadimi-Quran, Amili-Quran və Arifi-Quran olmalarını diləyirik.

Bu torpaqların insanı qəlbən könül ərlərindən bəslənmişdir. Mədəniyyətimizin qəndilləri olan Haqq dostlarının saçdığı işıqla yollarına davam etmişlər. Məhəmməd Füzuli, Yəhya Şirvani, Mövlana, Nizami, Yunus Əmrə misalı Haqq aşiqləri kimi…

Eşqi həyatın mərkəzi olaraq görən dahi Nizami necə də gözəl ifadə edir:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?!

Ömrü boyu qəlbi eşqlə və dərdlə dolu olan Quran və Peyğəmbər aşiqlərinə, Əhli-beyt və Haqq dostlarına salam olsun! Bu gözəl xidmətləri başladan, müəssisələrin təməlini atan, inşa və əhya edən hər kəsdən Allah razı olsun. Onların vəsiləsi ilə eşq və məhəbbət üzərində qurulan bu xidmətlər qiyamətədək davam etsin!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz