EKRAN: Qəssal Əlində Ölü

EKRAN: Qəssal Əlində Ölü

Ekran qarşısında əyləşəndə hipnoz olduğunuzu hiss edirsinizmi? Sorğulamaq qabiliyyətini itirmək, ekranda eşitdiklərinə və gördüklərinə dərhal inanmaq robotlaşmaqdır. Elm sahibləri qəssal (ölü yuyan adam, mürdəşir) əlindəki ölü kimi olmağın lehində və əleyhində müzakirələr aparmağa davam etsələr də, hər dildən, hər yaşdan insan artıq ekran qarşısında ölü kimi dayanmaqdadır. Qəssal kiri yuyur; ekran isə saflığı, fitrəti, əxlaqı yuyub aparır.

Güzgü keçmişdən bu yana təlim-tərbiyə vasitələrindən biri olmuşdur. Bir gün bir dostu Həzrət Yusufa güzgü hədiyyə verir. Həzrət Yusuf bunun səbəbini soruşur. Dostu belə cavab verir: “Hədiyyə vermək üçün nəyə baxsam, heç birini sənə layiq görmədim. Kiçik bir qızıl nəhəng qızıl mədəninə, bir udumluq su okeana necə hədiyyə verilə bilər? “Sənə canımı hədiyyə kimi gətirdim”, - desəm, bu da Hindistana ədviyyat aparmaq kimi bir şey olar. Sənin gözəlliyinə yaraşan bir həddiyə kimi içində özünü görə biləcəyin bu güzgünü gətirmək qərarına gəldim. Hər dəfə ona baxıb öz gözəlliyini gördükcə şükür edər və məni xatırlayarsan”.

Özünə güzgüdən başqa heç nə hədiyyə verə bilməyəcəyimiz tanışımız varmı? Varsa, əlhamdulillah; yoxdursa, Allah nəsib etsin.

Günümüzə gəlsək; bir vaxtlar Nyu-Yorkun Bronks zooparkında “dünyanın ən təhlükəli heyvanı” adlı bölməyə girdiyiniz zaman qarşınıza sadəcə bir güzgü çıxırmış. Fotoşəkli olmasaydı, buna “şəhər əfsanəsi” deyərdim, inanmazdım. Niyə bu gün həmin “dünyanın ən təhlükəli heyvanı” bölməsinin meqapikselli, yüksək keyfiyyətli şəkilləri yoxdur? Bəlkə indi insanlar təhlükəli olmaqdan çıxıb? Yoxsa insanın təhlükəli olması artıq gündəmdən düşüb və güzgü qırılıb?

Sosial mediada bu yaxınlarda “Ən çox sevdiyim şagirdimin şəklini qutuya qoydum” başlığı ilə videolar yayıldı. İbtidai sinif şagirdləri müəllimin ən sevdiyi tələbəsinin kim olduğunu öyrənmək üçün maraqla qutuya baxır və hər biri gülümsəyirdi. Qutunun içindəki güzgüdə hər kəs özünü görürdü. İsimlər, illər dəyişsə də, bir həqiqət heç bir zaman dəyişmir: “Günəş altında yeni bir şey yoxdur”.

Evdə boş bir qutu vardı. Həyat yoldaşım “tullamayaq, mənə lazım olacaq” deyərək onu bir neçə gün saxladı. Nəyə lazım olacağını soruşmadım. “Gözlə, gör üsulu/politikası (attantizm) təkcə dövlətlərarası münasibətlərdə tətbiq olunmur. “Gözlə, gör” siyasəti bizim qədim ənənəmizdir. “Təkkədə gözləyən dərviş şorbanı içər”. 

Bir gün evin salonuna əlində qutu ilə gələn həyat yoldaşım qızıma: “Bu qutunun içində bir şey var; ondan dünyada bircə dənədir! Başqa yoxdur! Çox özəldir! Allah ondan bircə dənə yaradıb və bu qutunun içində olan nədirsə, Allah onu çox sevir!” – deyərək içinə baxması üçün qutunu ona verdi. Gülümsəyərək qutunu açmağa başlayan qızımın reaksiyası bu oldu: “Ama anne ya!..”

Növbə 8 yaşındakı oğluma gəlmişdi. Anası yenə “qutunun içində olan şeyin çox özəl olmasından bircə dənə olmasına, dünyada bənzərinin olmamasına” qədər dediyi sözləri təkrar etdi. Maraqla qutuya baxan oğlum eynilə böyük bacısı kimi: “Ama anne ya!” – deyərək, nə bir qram artıq, nə də bir qram əskik, eyni reaksiyanı göstərdi. İnsan bəzən təqlid edər, amma təqlid etdiyinin fərqində belə olmaz. Bəlkə o an ciddi reaksiya verməz, amma bir azdan aləmi bir-birinə qatar. Acılar da belədir. Acı ilk anda deyil, sonrakı zamanlarda qatılaşar, dərinə enər.

“Qutudakı güzgü” şokunu yaşayan oğlum koridorda “hirsimdən qulağımdan tüstü çıxacaq” deyərək söylənirdi. Hirsi hələ küllənməmiş dərhal yanına getdim. Uşaqların hirsi çox şirin olur; qısa və məsum. Hərdən qəzəbini artıracaq suallarla onu danışdırmağa çalışdım. Bizimki qutudan güzgü çıxmasını çox mənasız görmüşdü: “Qutuda güzgü var e, güzgü! Başqa heç nə yoxdu! Anam niyə şokolad, peçenye qoymayıb ki?! Bir az pul qoysaydı, o da olardı! Nə deyir; hər kəs özəl imiş! Dostum Yusuf da özəldir, Talha da, mən də! Elə bil nə olub!”

Qutudakı güzgünün baharı göstərməsi gözlənirkən bir anda qışı yaşatdı. Ekranlarda gördüklərimiz və eşitdiklərimiz hər zaman həyatın həqiqətləri ilə üst-üstə düşmür. Ekran başqadır, həyat tamamilə başqa.

Ekrana baxaraq bişirilən tortlar, qutablar, yeməklər, edilən alış-verişlər, yaşanan evliliklər çox vaxt insanı razı salmır. Ekrandan öyrəndiklərimizin ömrü də cib telefonunun batareyasının ömrü qədər olur. Yaxşı həkimləri salamlayaraq və onları istisna edərək deyirəm, belə bir söz var: “İnsanların ölüm səbəbi həkimlərin tövsiyələri və reseptləri olacaq”. Bu sözdən ilham alaraq deyirəm: “Elə bir zaman gələcək ki, küfrün, deizmin, günahların, boşanmaların səbəbi ekranlar olacaq”. Axıntıya ancaq ölü balıqlar qapılar. Həyat mübarizə aparmaqla, “la” – “xeyr” deməklə məna qazanar.

“Din tiryəkdir, tanrı öldü” deyənlər niyə bu gün “ekran tiryəkdir, ekran qarşısındakı insanlıq öldü” demirlər?!

 






   

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz