Təvazökarlıq mədəniyyəti

Təvazökarlıq mədəniyyəti

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Rəhmanın (əsl) qulları o kəslərdir ki, onlar yer üzərində təmkin və təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlara salam deyərlər”. (əl-Furqan, 63)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Uca Allahın mübarək hüzurunda ümmətinin həm zahiri, həm də batini müstəvidə kamil bir ədəb, təvazökarlıq və heçlik hissinə sarılaraq təslimkar bir qul olaraq durması naminə misilsiz bir qulluq mücadiləsi verən Rəsulullah belə buyurur: “Allah-Təala (c.c) mənə: “O qədər təvazökar olun ki, nə kimsə kimsəyə qarşı özünü üstün görməsin, nə də kimsə kimsəyə zülm etməsin!”- deyə əmr etdi”. (Müslim, Cənnət, 64)

 Rəsulullahın (s.ə.s) zəngin mənəviyyat mirasını qəlbinə hakim edərək yetişən və ümmətin bu böyük nemətlə şərəflənməsi naminə böyük bir qulluq mücadiləsinə imza atan, irfani cazibəsi ilə neçə-neçə nəsillərin Qurana və Sünnəyə sədaqət işığında yetişməsinə Allahın izni ilə töhfə verən Əlaəddin Əttar (r.a) həzrətləri ilahi kəlamın məna iqlimindən ruhaniyyətinə sızan həqiqətləri bu şəkildə ifadə etməkdədir: “(Varlığınızı bu mübarək kitabın bərəkət saçan məna dərinliyinə endirə bilsəniz, onda görərsiniz ki,) Qurani-Kərimin haradasa tamamı təvazökarlığa və heçliyə işarə etməkdədir”.

Təbiidir ki, bu böyük nemətə, yəni təvazökarlıq mədəniyyətinə yiyələnmək üçün nəfsin Haqqa düşmənçiliyi şiddətlə əmr edən qaranlıq və cahil təbiətinə qarşı mübarizə elan edərək, onu Rəbbimizin hüzuruna götürəcək təslimiyyət və heçlik iqlimində yetişdirilməsi lazımdır. Amansız bir düşmən olan nəfsin qəlblərə fısıldadığı mənlik və ya mənəmlik hissinin verdiyi zərərin böyüklüyünü dünyaca tanınmış psixoloq Karl Qustav Yunqun 30 illik məslək dostu, fəlsəfə doktoru Mariya fon Frans belə tərif etməkdədir:

“Mənəmlik hissinin qaranlıq tərəfi ona görə təhlükəlidir ki, mənlik əslində insan psixikasının böyük qüvvəsidir. O, insana böyüklüyünü və əvəzedilməzliyini hiss etdirən və ağlını başından çıxaran elə ehtişam fantaziyalarını təlqin edə bilər ki, bu hal onun bütün varlığına hakim kəsilə bilər. Bu vəziyyətdə insan durmadan artan özündən son dərəcə razı olma eşqi ilə elə bir duruma gələr ki, sanki kainatın bilinməyən sirlərini ortaya çıxararaq onları həll etmişdir. Psixoloqların, xüsusən də Karl Qustav Yunqun fikrincə, insanın psixoloji bütövlüyünü ifadə edən və dərin məna mərkəzi olaraq psixikanın həm şüurlu, həm də şüuraltı hissələrini əhatə edən mənlik anlayışının bu vəziyyətə gəlməsi insanın reallıq (fanilik və heçlik) hissindən və həqiqətlərindən məhrum olması ilə nəticələnir”.

İnsan övladını Haqqın hüzuruna götürəcək təvazökarlıq və heçlik hissinin əldə edilməsi üçün verilən mücadilənin nəhəngliyi, məşəqqəti bu ifadələrdən aydın şəkildə özünü büruzə verməkdədir. Nəfsaniyyətin qaranlıq, cahil və xeyrə qarşı yönələn xain təbiəti ilə mücadilənin ön cərgəsində peyğəmbərlər və onların varisləri olmuşdur. Yusif Həmədani həzrətlərinin bu istiqamətdə qəlblərin qəflət yuxusundan oyanışına hesablanan ifadələri tərbiyə edilməmiş nəfsin  həqiqətinə işarə etməkdədir: “İnsan ya Allah-Təalanın quludur, ya da nəfsinin qulu. Bu mübarək din (İslam) nəfsin Allah-Təalaya (c.c) düşmən olduğunu, Allah-Təalanın (c.c) da nəfsə düşmən olduğunu bildirmək üçün gəlmişdir!”.  

Bu böyük və azğın düşmən ilə mübarizədə fədakar davranışları ilə insanlığın Haqqa həqiqi bir təvazökarlıq və heçlik şüuru ilə yaxınlaşmasına can-könüldən yardım edən bir Haqq dostuna hər birimizin ehtiyacı vardır. Hər birimizə örnək olacaq Mövlana həzrətlərinin Şəms Təbrizi qarşısında sərgilədiyi əmsalsız təvazökarlıq və heçlik mədəniyyəti nəfsaniyyətin cəhalət və inkar zəncirlərini qıra biləcək bir ölçüdədir. Şəms Təbrizi həzrətləri Mövlana haqqında belə buyururdu: “Mən onunla (Mövlana ilə) danışdığım zaman o, hüzurumda bilgisiz birisi kimi görünürdü. Söyləmək ayıb olmasın, yanımda iki yaşındakı bir körpə kimi oturur və ya İslamı yeni qəbul etmiş bilgisiz bir müsəlman təsiri bağışlayırdı. Bu, heyrətamiz bir təslimiyyət və təvazökarlıq nümunəsi idi”.

Hz. Mövlana sahib olduğu və yaşadığı zəngin qulluq mədəniyyətinə rəğmən ustadının ilahi ehtişam təcəllilərini əks etdirən möhtərəm qəlb aynasının hüzurunda özünü uşaq kimi hiss edirdi. Bununla da İslam dinindəki təvazökarlıq mədəniyyətinin həqiqətini ortaya çıxarırdı. Hz. Mövlana dini mühitdə gerçək bir düha idi, amma Hz. Şəmsin hüzurunda təvazökar bir tələbə və bir haqq aşiqi idi. Dərvişlərdən birinə əsl halı ilə Haqqa duyulan məhəbbət və təvazökarlığın dərin anlamı soruşulduqda belə cavab vermişdi: “Bu, sevənin şəxsinə aid sifətlərdən təmizlənərək seviləndəki sifətlərə yiyələnməsidir. Uca Rəbbimizin Rəsulunun dili ilə: “Mən bir qulumu sevdimsə, onun görən gözü, eşidən qulağı olaram”, - deməsi kimi”.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz