Diriliş
Qurani-Kərim qiyamət qopduqdan sonra sura ikinci dəfə üfürülməklə bütün canlı varlıqların hesab üçün təkrar dirildiləcəyini xəbər verir. Hətta öldükdən sonra dirilmənin izah edilmədiyi çox az surə tapıla bilər. Bir çox surədə bu mövzunu açıqlayan nümunələr gətirilərək ağıllara gələ biləcək tərəddüdlər ortadan qaldırılmışdır. Öldükdən sonra təkrar diriliş həm bədən, həm də ruh ilə olacaq. Bu mövzuya açıqlıq gətirən bir ayədə belə buyurulur:
“Ayələrimizi inkar edərək kafir olanları, şübhəsiz ki, atəşə atacağıq. Dəriləri bişdikcə əzabı dadıb hiss etmələri üçün onların dərilərini yeni dərilərlə dəyişdirəcəyik. Şübhəsiz ki, Allah mütləq qalibdir, yeganə hökm və hikmət sahibidir”. (ən-Nisa, 56)
Qurani-Kərim öldükdən sonra təkrar dirilməyi inkar edənlərə qarşı yenidən dirilişin əqlən mümkün olduğunu və şübhəsiz meydana gələcəyini açıqlamaq üçün bir neçə şəkildə nümunə vermişdir:
Quran yenidən dirilməyi ilk yaratma ilə müqayisə edir:
“O (insan), öz yaradılışını unudaraq bizə bir misal gətirdi. “Bu çürümüş sümüklərə kim can verəcək?” - dedi. De ki: “Onları ilk dəfə yaradan dirildəcək. O, hər cür yaratmağı haqqı ilə biləndir”. (Yasin, 78-79)
Çətin bir şeyi yaratmağa gücü çatanın asan bir şeyi yaratması, əlbəttə, mümkündür. Göylərin və yerin yaradılması insanın yaradılmasından daha çətindir. Bunu edə bilən qüdrət insanı da öldükdən sonra dirildə bilər. Qurani-Kərimdə belə buyurulur:
“Bütün varlıqları yoxdan var edən və sonra da təkrar dirildəcək olan Odur. Bu, Ona çox asandır. Göylərdə və yerdə ən uca sifətlər Onundur”. (ər-Rum,27)
“Biz ilk yaratmada aciz qaldıqmı?! Xeyr, onlar yenidən yaradılmaqdan şübhə edirlər”. (Qaf, 15)
Qupquru və ölü bir vəziyyətdə olan yeri bitkilərlə canlandıran Allah insanı da dirildə bilər. Ayələrdə belə buyurulur:
“...Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və hər şeyə qadirdir. Qiyamət vaxtı da gələcəkdir. Bunda heç bir şübhə yoxdur. Allah qəbirlərdə olanları dirildəcəkdir”. (əl-Həcc, 5-7)
Bir şeyi ziddinə çevirməyə gücü çatan onu bənzər başqa bir şeyə də çevirə bilər. Allah, ağaclarda su olmasına baxmayaraq, ondan atəşi necə çıxardırsa, eləcə də torpağa qarışmış insanları təkrar yarada bilər. Bu mövzu ilə əlaqədar ayələrdə belə buyurulur:
“O Allah ki, sizə yaşıl ağacdan bir atəş düzəltdi, indi siz ondan yandırırsınız. Göyləri və yeri yaradanın onlar kimisini yaratmağa gücü çatmazmı? Əlbəttə, buna gücü çatar. O hər şeyi yaradandır, hər şeyi biləndir”. (Yasin, 80-81)
Qurani-Kərimdə ölülərin dirildilməsi ilə əlaqədar olaraq Allah ilə Hz. İbrahim (ə.s.) arasında keçən söhbət bu baxımdan çox ibrətlidir. Rəvayətə görə, Hz. İbrahimin: “Ey Rəbbim, ölüləri necə dirildirsən, mənə göstər”, - deməsinin səbəbi bu idi: Bir gün Hz. İbrahim (ə.s.) dəniz kənarında bir insan ölüsü görür. Dalğa ölünün üzərini örtdüyü zaman dənizdəki varlıqlar ölüyə hücum edir, qopardıqları parçanın bir qismi dənizə düşür, digər qismini yeyirdilər. Dalğa çəkilincə torpaq və hava heyvanları hücum edir, onlar da qopardıqlarının bir qismini yeyir, bir qismini də yerə tökürdülər. Bunu görən Hz. İbrahimi (ə.s.) maraq bürüyür. Bu parçaların necə ayrı-ayrı yerlərdən toplanıb bir yerə yığılacağını görmək istəyir. Bu mövzu barəsində Qurani-Kərimdə belə bir ayə var:
“Bir vaxt İbrahim demişdi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona): “İnanmırsanmı?” – dedi. (İbrahim) dedi: “Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi: “Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!” (əl-Bəqərə, 260)
Təfsir kitablarında hadisə belə şərh edilir: Allah-Təala Hz. İbrahimə (ə.s) əmr etdi ki, bu dörd quşu kəssin, tüklərini yolsun və ətlərini tikə-tikə doğrasın. Sonra başlarını yanında saxlamaqla, hər dağın başına onlardan bir parça qoysun. İbrahim (ə.s) hər quşu dörd yerə böldü, xəmir kimi qarışdırdı və parçalarını dağların başına qoydu. Sonra onları çağırıb: “Allahın izni ilə yanıma gəlin!” - dedi. Gördü ki, hər bir parça digərinə doğru uçaraq bir bədən əmələ gətirdi və öz başı ilə birləşərək ilkin formasını bərpa etdi. (Təbəri, Camiul-bəyan, III, 81-82)
Şübhəsiz ki, Allah Əzizdir; Onun qüdrəti həmişə ucadır, əmrləri yerinə yetirilir və etmək istədiyinə heç kim mane ola bilməz. O, Hakimdir; onun hər bir işində, fərmanlarında çox incə hikmətlər var.
ŞƏRHLƏR