Quranın fəziləti

Quranın fəziləti

Qurani-Kərimin və Quran əhlinin fəzilətini ifadə etmək üçün kəlmələr yetməz. Allah Rəsulu (s.ə.s) Quran əhlini vəhy gətirmə şərəfinə nail olan mələklərlə eyni dərəcədə görmüş və belə buyurmuşdur:

“Quranı gözəl bir şəkildə oxuyan hafiz vəhy gətirən şərəfli və müti mələklərlə bərabərdir. Quranı çətinliklə oxumasına baxmayaraq unutmamaq üçün onu tərk etməyən, müntəzəm oxuyan kəsə də iki əcr verilər”. (Buxari, Təfsir, 80)

Qurani-Kərim kainatın yazılı forması, Allah-Təalanın insanlıq üçün göndərdiyi həyat proqramı, qanun və hikmət kitabı, bütün elm və həqiqətlərin mənbəyi olmaqla yanaşı, eyni zamanda dua, zikr və fikir kitabıdır.

Möminlər onun mənası ilə əməl edər, oxuyaraq qəlblərini nurlandırar, maddi və mənəvi baxımdan təmizlənər, təskinlik taparlar. Qurani-Kərim eyni zamanda ibadət kitabıdır, ləfzi ilə ibadət edilən yeganə kitabdır. Mənasını anlamadan oxumaq, dinləmək, hətta üzünə baxmaq belə ibadətdir. Hz. Peyğəmbərin (s.ə.s): “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”, (Buxari, Fəzailul-Quran, 21) - hədisi də bizə bunu anladır.

Qurani-Kərimi oxumağın fəziləti barəsində bu və burada qeyd etmədiyimiz digər hədisi-şəriflərə əsasən Qurani-Kərim ibadətini digər ibadətlərdən fərqləndirən xüsusları belə sadalaya bilərik:

Mənbə kitabdır: Qurani-Kərimi oxumaq və əzbərləmək ən mühüm ibadətlərdən biri olmaqla birlikdə, o eyni zamanda digər ibadətlərin istinad nöqtəsidir. Hər bir fərz, vacib və nafilə ibadət öz dəlillərini Qurandan alır.

            Günahları təmizləyər: Qurani-Kərimi digər ibadətlərdən fərqli qılan başqa bir özəllik də onun günahları təmizləmə özəlliyinə sahib olmasıdır. Bir dəfə Hz. Peyğəmbər (s.ə.s): “Qəlblər də dəmirin paslandığı kimi paslanar”, - buyurmuşdu. Yanında olan səhabə: “Onun cilası nədir, ya Rəsulallah?” - deyə soruşduqda sevgili Peyğəmbərimiz (s.ə.s) belə buyurdu: “Quran oxumaqdır”. (Beyhəqi, Şuabul-iman) Bu hədisi-şərifdə qeyd olunan pasın günah olduğunu yenə Peyğəmbərimizin bu hədisindən anlayırıq: “Hər bir günah qəlbə bir ləkə salar. Günahlar çoxaldıqca qəlbdəki ləkələr də çoxalar. Nəhayət, qəlblər qapqara olar”. Günahların çoxluğu səbəbi ilə qaralan, paslanan bir qəlbin cilasının, yəni günahlardan təmizlənməsinin yolu olaraq Hz. Peyğəmbərin (s.ə.s) ibadətlər arasında məhz Qurani-Kərimlə bunun mümkün olduğunu qeyd etməsi çox diqqətəşayandır.

            Axirətdə oxunar: Qurani-Kərimi digər ibadətlərdən fərqləndirən özəlliklərdən biri də Quran oxuma ibadətinin axirətdə də davam etməsidir. Belə ki, Peyğəmbərimiz (s.ə.s): “Daima Qurani-Kərim oxuyan şəxsə belə deyiləcək: Oxu və yüksəl! Dünyada tərtil ilə oxuduğun kimi,  burada da tərtil ilə oxu! Şübhəsiz, sənin mərtəbən oxuduğun ayənin son nöqtəsindədir”,- buyurmuşdur. (Əbu Davud, Vitr, 20) Axirətdə “namaz qıl, yüksəl!” və ya “sədəqə ver, dərəcən yüksəlsin!” deyilməyəcək. Ancaq “Quran oxu, mərtəbən yüksəlsin!” deyiləcək. Hətta bir rəvayətə görə, Allah-Təala özü belə Qurani-Kərim oxuyacaqdır.  

            Şəfaət edər: Qurani-Kərimin axirətdə onu oxuyana, əzbərləyənə və onunla əməl edənə şəfaət etməsi onu fərqli qılan başqa bir xüsusiyyətdir. Hz. Peyğəmbər (s.ə.s) bu barədə belə buyurmuşdur: “Quran oxuyun! Çünki Quran qiyamət günü onunla həmhal olan şəxslərə şəfaətçi olaraq gələcəkdir”. (Müslim, Müsafirin, 252) “Bəqərə” və “Ali-İmran” surələrinin də onu oxuyanlara şəfaət edəcəyi barəsində buyurulan hədisi-şərifi nəzərə alanda anlaşılır ki, nəinki Quranın tamamını əzbərləmək, hətta bəzi surələrini öyrənmək belə ona şəfaətçi olmasına səbəb ola bilər.

            Quran hafizlərinin valideynlərinin başına tac qoyulması və  yaxınları üçün şəfaət imkanının verilməsi də bu yüksək fəzilətin başqa bir göstəricisidir: “Kim Qurani-Kərim oxuyar və ona əməl edərsə, qiyamət günü ata-anasının başına tac qoyular. Bu tacın işığı, günəş aranızda olsa, onun dünyadakı bir evə qoyulduğu zaman verəcəyi işıqdan daha gözəldir. Elə isə Qurani-Kərimə əməl edən şəxsin vəziyyətinin necə olacağını düşünə bilirsinizmi?!” (Əbu Davud, Vitr 20/1464) Başqa bir hədisi-şərifdə: “Kim Quran oxuyar, əzbərləyər, halalını halal, haramını haram qəbul edərsə, Allah o kəsi cənnətə qoyar. Üstəlik ailəsindən cəhənnəmə gedəcək on nəfərə şəfaətçi olar”. (Tirmizi, Fəzailul-Quran, 13)          

            Allahın kəlamıdır: Qurani-Kərimi digər ibadətlərdən fərqləndirən, hətta üstün qılan ən əsas xüsusiyyəti isə bu ibadətin birbaşa Allahın kəlamı olmasıdır. Necə ki, Hz. Peyğəmbər (s.ə.s): “Kim Allahla danışmaq istəyərsə, Quran oxusun”, - buyurmuşdur.

            Hikmət əhlindən birinin Qurani-Kərimin fəziləti haqqındakı sözləri mövzumuzun xülasəsi mahiyyətində necə də gözəl bir təsbitdir: “Qurani-Kərim elə bir kitabdır ki, Ramazan ayında endiyi üçün ayların ən fəzilətlisi, Qədr gecəsində endiyi üçün həmin gecə min aydan daha dəyərli, Hz. Peyğəmbərə nazil olduğu üçün peyğəmbərlərin ən üstünü, Muhamməd ümməti ona müxatəb olduğuna görə ümmətlərin ən şərəflisi oldu”.

           

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz