Bir dəyərdir, hafizlik
Bəli, Allah sözünün hafizi olmaq nə gözəl,
Feyzi-Quran ilə dərya kimi dolmaq nə gözəl.
Oxu Quranı, şəfa, müjdə, hidayətdir, o,
Bizə candan daha qiymətli əmanətdir, o…
Eşq dediyin zaman “hafiz” gəlməlidir ağıla, - deyir böyüklərimiz. Çünki heç kim hafizlər kimi sevdiyinin hər sözünü əzbərləmir, hərfi-hərfinə. Yaşamır, hafizlər kimi sevdiyinin hər dediyi sözün əmri ilə. Dözmür çətinliklərə, hafizlər kimi, sevdiyinin sevdiklərini sevmək üçün. Kimisinin səssiz sözü, kimisinin gözdən axan göz yaşı, kimisinin hər gecə röyası, kimisinin nazlı yarıdır, hafizlik…
“Hafiz” ərəbcə “qoruyan, saxlayan, mühafizə edən” deməkdir. Quranı əvvəlindən sonuna qədər əzbər bilən adamdır, hafiz. Hafizliyə ölkəmiz də daxil olmaqla bütün İslam coğrafiyasında hər zaman önəm verilmiş, Allahın kəlamı olan Qurani-Kərimi əzbərləyib hafiz olan kəslər cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Qurani-Kərimin ilk hafizi olan Hz. Muhamməd (s.ə.s): “Hər kim Quranı oxuyar, onu yaxşı əzbərləyər, halalını halal, haramını da haram sayar və onlara itaət edərsə, Allah bu vasitə ilə onu cənnətinə daxil edər. Ailəsindən də cəhənnəmə layiq olan on nəfərə şəfaət etmə haqqı verər”, (Tirmizi, Fəzailul-Quran, 13/2905; Əhməd, I, 148) - buyurmuşdur. Hz. Peyğəmbər ona nazil edilən ayələri öz səhabələri ilə paylaşmış və eyni zamanda onları əzbərləyib yaddaşına həkk etmişdir.
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!” - buyurur Allah-Təala, Qurani-Kərimdə, Hicr surəsinin 15-ci ayəsində. Qurani-Kərim insanlara birlik, dirilik və irilik çarəsidir. Cana can qatan canlar canı canan deməkdir. Bu mənada hafizlər Qurani-Kərimi əzbərləyərək onu qorumaqla vəzifəli olan insanlardır. Hafiz Allahın sözünə layiq insandır. Hafiz ömrünü Allah yoluna həsr edəndir. Hafiz min dörd yüz il əvvəl İslamın doğulması ilə ilk vəhy nazil olanda bəşəriyyətə son dəvət olan müqəddəs kəlamı qoruyandır. Bəşəriyyəti əmin-amanlığa çatdıran İslam dininin bələdçisi olub dəyişməyəcək olan son kəlamın təhlükəsizliyi və qorunması vəzifəsi ilə şərəfləndirilən könül ərləridir, hafizlər.
Hafız Rəbbin sevib dəyər verdiyi insandır. Hafiz dünyanın hər yerində arzulanan və axtarılan cənnət qoxusudur. Hafiz haqq yolunda Quran səyyahıdır. Onun yaddaş dili Qurandır. Hafiz qəlbində əbədi rahatlıq olan canlı Quran deməkdir. Hafiz insanları halal-haramdan xəbərdar edən, xalqa Haqqı sevdirən, nəfsi tərbiyə edən, onu səadətə çatdıran nurlu söz deməkdir. O, Quranı canında yaşadan, bədəninə, qanına həkk edib qucağında daşıyandır. Hafiz dövrü yandıran dərdlər qarşısında çarəsiz qalan fərdlərə yol göstərən, onların səadəti üçün Haqqı anan insandır. O, Quranı doya-doya, ürəkdən duya-duya, qəlbində oya-oya naxışlayan deməkdir. Əhsəni-təqvimdir, o; əqli-səlimdir və Haqqa təslimdir, o. Dilində Quran, könlündə nur, qoxusu cənnət qoxusu, yolu Quran yoludur. Şanı uca, həyəcanı bənzərsiz, Allahın və Peyğəmbərin sevdiyi candır, o.
“Qurana gözünlə baxsan, yazını görərsən, ağlınla baxsan, elmi, qəlbinlə baxsan, eşqi, ruhunla baxsan, Rəbbini görərsən”, - deyir, Mövlana həzrətləri. Hafizlik bitər, ondan sonra irşad başlayar. Quranı da onun üçün əzbərlədin, əlbəttə, hafiz qardaşım. Ürəyində daşıdığın bu mübarək sevginin məcnunu ol ki, Rəbbin vəhy mələkləri ilə birlikdə ansın səni. Seçilmisənsə dəyərlisən deməkdir. Bu dəyəri elə bir qiymətə çevir ki, dünya və dünyadakılar səni asanlıqla xərcləyə bilməsin. Hər zaman yolun açıq, istiqamətin doğru və qəlbin Quran dolu olsun!..
Unutma, ey hafiz! Əzbərlədiyin hər ayədə Hz. Cəbrayılın (ə.s) yer üzünə eşqlə enişi, hifz etdiyin hər surədə əshabına Quranı təbliğ edən rəhmət Peyğəmbərinin nəfəsi var. Buna görə də hafizlik günahlarla kirlənmiş bir dünyada nəfsini Quranla tərbiyə etmə sənətidir. Hafizliyi bitirərsən, onun təkrarı başlayar. Təkrarını bitirərsən, onun qorunması başlayar. Daha sonra onun yaşanması və təbliğ edilməsi... Heç bir zaman ağzından “mən hafiz oldum” demək tam mənası ilə çıxmaz. Çünki hafiz olunmaz, hafiz yaşanar.
Son olaraq, başda da bir bəndini qeyd etdiyim Muhamməd Əli Eşməlinin “Hafizin tacı” şeirindən bir neçə bənd ilə yazımı bitirmək istəyirəm:
Ucadır Haqq dili səsləndiyi hər minbərdən,
Qula ən ali məqamdır, oxumaq əzbərdən.
Oxu, Allah sözü canın özüdür, ey Hafiz!
Oxu, Mövla bəzəsin qəlbini ulduz-ulduz.
Oxu, peyğəmbərimin şanına xatir, cüzlər,
Buyurur: “Ümmətimin əşrəfidir hafizlər”.
Biz tilavət edirik, sadəcə Quran danışır,
Uca Allah ilə hər qul belə hər an danışır.
Cümlə varlıq sənə heyrətlə baxar qibtə ilə,
Hifzi-Quran belə qiymət qatır ol can və dilə.
Elə bir inci ki, Quran, əbədi cövhərdir,
İlkin hafizləri Cibril ilə Peyğəmbərdir.
Anla artıq, onu əzbərləməyin şanını tam,
Şanı Mahmuda yaxın, zirvə məqamdır o məqam!..
ŞƏRHLƏR