Hucurat Surəsində Ədəb Qaydalari

Hucurat Surəsində Ədəb Qaydalari

Qurani-Kərimin ana mövzularından biri də əxlaqdır. Bir çox ayəsində insanların gözəl davranışlar sərgiləyib, pis əməllərdən və yollardan çəkinmələri əmr edilmişdir. İnsanları həm bu dünya, həm də axirət yurdunda xoşbəxtliyə və səadətə qovuşdurmağı hədəfləyən İslam dini fərdi və cəmiyyətləri nəyin xoşbəxt edib nəyin ifsad edəcəyini bütün detalları ilə müəyyən etmişdir. Bunun üçün də istər Quran ayələrində, istərsə də Allah Rəsulunun (s.ə.s) və eləcə də digər peyğəmbərlərin həyatında əxlaqa və əxlaqi davranışlara daha çox yer verilmişdir. Bu kimi öyüd-nəsihətlərin və toplum əxlaqına aid ayələrin daha çox yer aldığı surə Hucurat surəsidir. Məhz buna görə də bu surəyə Əxlaq surəsi də deyilmişdir.

“Hucurat” ərəb dilində “otaqlar” mənasına gəlir. Burada otaqlardan məqsəd Allah Rəsulunun (s.ə.s) mübarək evidir. Təfsirçilər tərəfindən verilən məlumata görə, Təmim oğulları qəbiləsindən bəzi kəslər (Üveynə ibn Hisn və Əqrə ibn Habis rəhbərliyində Təmim oğullarından yetmiş nəfərlik bir heyət) günorta vaxtı Mədinəyə gəlib Allah Rəsulu (s.ə.s) ilə görüşmək istəyirlər. Bu zaman məscidə bitişik olaraq tikilən otaqlardan birində istirahət edən Peyğəmbərimizi çağırarkən kobudluq edirlər. Surə həm kobudluq edən o şəxslərə, həm də biz ümmətə nəsihət etmək üçün nazil olmuşdur. Peyğəmbərimizlə görüşmək üçün gələn bu bədəvilər yüksək səslə: “Ey Muhamməd! Qalx, biz gəlmişik!” deyə qışqır-bağır salmışdılar. Bu səbəbdən Allah Rəsulu (s.ə.s) tələm-tələsik üstünü geyinib onları qarşılamağa çıxmış, amma onların kobud davranışlarından narahat olmuşdu. (Vahidi, s. 386-387)

Ayədə belə buyurulur: (Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. Əgər sən çölə çıxıb onların yanına gedənə qədər səbir etsəydilər, şübhəsiz ki, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir”. (əl-Hucurat, 4-5)

Surənin əhatə etdiyi mövzuları iki hissədə ələ almaq olar. Birinci hissədə (1-10 ayələr) gözəl, ikinci hissədə isə (11-18) pis və çirkin davranışlara aid məlumatlar yer alır. Allaha və Rəsuluna qarşı ədəbli olmağı əmr edən ilk beş ayədə bütün cəmiyyətlərin əxlaq anlayışında önəmli olan ədəb və hörmət mövzusu üzərində durulur. Allah Rəsulunu (s.ə.s) evinin arxa tərəfindən kobud bir şəkildə çağıranların bu yanlış hərəkətləri səbəbi ilə böyüklərin önündə səs-küy salaraq danışmağın doğru olmadığına, eyni zamanda insanların bir-birilərinin istirahət vaxtlarına, məhrəm-naməhrəm məsələlərinə diqqətlə yanaşmalarına işarə edilmişdir.

Bundan başqa, müsəlman quruplar arasında dostluq və qardaşlığın təmin olunmasının əhəmiyyətinə diqqət çəkilərək bütün inananların qardaş sayıldığı və buna görə də qardaşların arasını düzəltməyin onların üzərinə düşən bir vəzifə olduğu vurğulanır. Uca Allah belə buyurur: “Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər. Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun”. (əl-Hucurat, 9-10)

İkinci hissədə isə müsəlman qrupların və ya toplumların özünü üstün görərək başqa qrup və ya toplumları həqir görməsi, onlarla  istehza etməsi qadağan edilir. On birinci ayə ilə başlayan ifadələrdə özləri ilə istehza olunanların istehza edənlərdən daha xeyirli ola biləcəyinə diqqət çəkilir. Bu ayənin ardından inananların bir-birinə çirkin ad və alçaldıcı ləqəb verməsinin ədəbsizlik olduğu üzərində durulur. Xəbərdarlıqlara rəğmən bu cür ədəbsizlikdən çəkinməyənlər isə “zalım” adlandırılır. Çox təəssüf ki, bu gün bəzi müsəlmanlar dinimizin təyin etdiyi danışıq və davranış ədəbi qaydalarını pozmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə bir-birilərinə müxtəlif ləqəblər taxır, şər, böhtan yaxır və bununla da özlərini digər insanların qarşısında gülünc vəziyyətə düşürürlər.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsl zalımlardır”. (əl-Hucurat, 11)

Nəticə olaraq deyə bilərik ki, toplumda birlik və bərabərliyi pozacaq pis davranışlara daha ciddi yanaşmalıyıq və bu kimi pis əməllərdən uzaq durmaq Uca Allah tərəfindən əmr edilmişdir.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz