BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا
“Ad qövmünü, Səmud qövmünü, Rəss əhlini və bunların arasında olan bir çox nəsilləri də (küfrləri səbəbilə məhv etdik)”. (əl-Furqan, 25/38)
Allah-Təala həm Peyğəmbərinə (s.ə.s) təsəlli vermək, həm də möminlərin ibrət alması üçün Qurani-Kərimdə bir çox keçmiş ümmətlərin və peyğəmbərlərin başlarına gələn hadisələrdən müxtəsər şəkildə bəhs edir. Belə ki, peyğəmbərlərini yalanlayan neçə-neçə kafir qövmlər Uca Allah tərəfindən bu dünyada müxtəlif cür əzablarla cəzalandırılmışdır. Qurani-Kərimin iki ayəsində bu ümmətlərdən biri olan Əshabi-rəss (Rəss əhli) haqqında məlumat verilir. “Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (peyğəmbərləri) yalanlamışdı” (Qaf, 50/12) ayəsində də bu qövmə işarə olunur. Quran onların da Nuh, Ad və Səmud qövmləri kimi Allah tərəfindən göndərilən haqq peyğəmbərləri təkzib etdiklərini və bu səbəbdən məhv edildiklərini xəbər verir. Əshabi-rəss insanlarının kimlər olub harada yaşadıqları barəsində təfsir mənbələrində müxtəlif rəvayətlər mövcuddur. “ər-Rəss/الرس” sözü ərəb dilində “çuxur, hörülməmiş quyu” kimi mənalara gəlir. Təfsir alimi Qurtubiyə görə “rəss” Yəmamədəki bir yaşayış yerinin və ya vadinin, yaxud da quyunun adıdır. Bir rəvayətə görə də, Əshabi-rəss “Yasin” surəsində qeyd olunan qissədəki üç elçinin göndərildiyi qəsəbənin əhalisi idi. Bəzi təfsirçilərin fikrincə, bu ifadə ilə Əshabi-üxduda işarə edilmişdir.
Bununla yanaşı, İbn Abbasdan (r.ə) nəql edilən bir rəvayətə görə, Əshabi-rəss məhz Azərbaycan ərazisində yaşamış olan və özlərinə göndərilən peyğəmbəri qətl etmiş bir qövmdür. Razinin qeyd etdiyi fərqli rəvayətlər arasında belə bir rəvayət də mövcuddur ki, Əshabi-rəss şərqdən gələn ər-Rəss adlı bir çayın kənarında yaşayan qövmün adı idi. Allah-Təala onlara Hz. Yaqubun (ə.s) oğlu Yəhudanın nəslindən bir peyğəmbər göndərmişdi. Ancaq xalq onu yalanladı və bir quyu qazıb içinə atdılar. Peyğəmbər onlara bəddua etdi. Uca Allah bəla buludu göndərərək onları cəzalandırdı. Qeyd edək ki, hal-hazırda Azərbaycanın Beyləqan rayonunda Cərcis (Georgius) peyğəmbərin türbəsi olaraq bilinən bir ziyarətgah var ki, həmin peyğəmbərin işgəncə ilə öldürüldüyünə inanılır. Onun Həzrət İsadan (ə.s) sonra gələn bir peyğəmbər olduğu ehtimal olunur. Bu rəvayətlər əsasında “ər-rəss” ifadəsi ilə Araz çayına işarə edildiyi nəzəriyyəsi ortaya atılmışdır.
Təfsir alimi Fəxrəddin Raziyə görə, həmin qövm haqqında irəli sürülən fikirlərin heç biri Qurani-Kərim və səhih hədislərlə dəstəklənmədiyi üçün bu barədə bilinən tək həqiqət odur ki, Əshabi-rəss küfr və imansızlıqları səbəbilə Allahın cəzalandırdığı bir tayfadır. Unutmamalıyıq ki, Quran qissələrinin məqsədi bizə tarixi hadisələr haqqında ətraflı məlumat vermək deyil, qısa şəkildə qeyd olunan həmin hadisələrdən ibrət almağımızdır.
ŞƏRHLƏR