QURANLA YAŞAMAQ

QURANLA YAŞAMAQ

Allah-Təalanın insan oğluna bu dünyada bəxş etdiyi saysız nemətlərindən biri də, heç şübhəsiz ki, ona iki cahan səadətinin yolunu göstərən Qurani-Kərimdir. Rəbbimiz öz kəlamı olan Quran ayələrini insanlar içərisində ən sevdiyi Peyğəmbəri Hz. Muhammədin qəlbinə nazil edərək biz bəndələrinə ikram etmişdir. Bəşəriyyəti düşdüyü zülmət qaranlıqdan aydınlığa çıxaran, onu uçuruma gedən yoldan döndərən Allah bizə insan kimi yaşamağın bütün qaydalarını məhz ilahi kitabında cəm etmişdir. Qurana bağlı olan toplumlar hər zaman izzət və şərəf içərisində yaşamış, ondan uzaqlaşanlarsa hətta bu dünyada zənginlik içərisində səfa sürsələr də, insanlıq heysiyyətlərini itirmək aqibətindən xilas ola bilməmişdirlər.

Həzrət Peyğəmbər hədisi-şərifində Quranın Allah-Təala tərəfindən yer üzünə, yəni biz insanlara uzatdığı bir ip olduğunu bildirir (Müsnəd, III, 14, 17). Qurtuluşumuz üçün Allahın ipindən möhkəm yapışmamızı isə ayeyi-kərimə belə əmr edir: Hamılıqla Allahın ipindən yapışın və parçalanmayın!..(Ali-İmran, 103) Bu ayə ilə həm bizə Qurana sarılmaq, həm də firqələrə bölünüb parçalanmamaq əmr olunur. Yəni Qurani-Kərimin eyni zamanda bir toplum olaraq bizi birləşdirən ən mühüm amil, böyük dəyər olduğu bildirilir. Rəbbimizin bizə uzatdığı Quran ipindən yapışaraq əbədi qurtuluşa çıxmamız üçün ona qarşı riayət etməli olduğumuz mühüm xüsuslar var.

Hər şeydən əvvəl Rəbbimizin bizə nə dediyindən xəbərdar olmalıyıq, bunun üçün Qurani-Kərimi çox oxumalı, stolüstü kitabımıza çevirməli, günlük vird halına gətirməliyik. Oxumaqla yanaşı, mənasını da anlamağa çalışmalıyıq. Həzrət Peyğəmbər (s.ə.s)-in hədisi-şəriflərində Qurani-Kərimi oxumağın fəzilətinə dair saysız-hesabsız ifadələrlə qarşılaşırıq. Zatən kəlmə mənasının “oxumaq” məsdərindən gəlməsi onu nə qədər çox oxumalı olduğumuzu ifadə edir. Şübhəsiz ki, Quran bu dünyada ikən dirilərin oxuyub ibrət alması, onda yer alan əmr və qadağalara riayət etməsi üçün nazil olmuşdur. Təəssüflər olsun ki, xüsusilə son 100 il ərzində müsəlmanlar olaraq Quranı sadəcə yas mərasimlərində və dünyadan köçənlərin ruhuna bağışlamaq üçün oxunan kitab halına gətirdik. Əlbəttə ki, burada dünyadan köçənlərə Quran oxumağın faydasız iş olduğunu iddia etmirəm, belə bir niyyətim də yoxdur. Sadəcə olaraq Quranı ölülərin kitabı halına gətirməyimizin yanlış olduğunu və Qurani-Kərimin ruhuna zidd əməllərdən sayıldığını xatırlatmaq istəyirəm. Başqa bir yanlışımızsa Quranı sadəcə oxumaqla kifayətlənməyimizdir. Unutmayaq ki, oxuduğumuz hər bir Quran ayəsindən, hər hərfindən bizə savab gəlsə də, bir müsəlman olaraq Rəbbimizin bu kitab vasitəsilə bizə vermək istədiyi mesajdan xəbərdar olmaq üçün mənasını da başa düşməyə cəhd etməliyik.

Quranı anlamaq üçün ona qarşı ədəb qaydalarına riayət etməli, ilahi kitaba təzimimizi zədələyəcək laqeyd davranışlardan uzaq olmalıyıq. Qurani-Kərimi layiqincə dərk edib başa düşməyimiz üçün əshabi-kiramın, Haqq dostlarının və İslam alimlərinin 1400 ildən bəri sərgilədikləri bu kimi nümunəvi davranışlara bizim də riayət etməmiz şərtdir. Məhz belə olacağı təqdirdə onun qəlbimizə, əməllərimizə, həyat tərzimizə nə qədər təsir edəcəyini görəcəyik. Quran yol göstərən rəhbər, öyrədən müəllimdir. Ona nə qədər bağlı qalsaq, ona qarşı qəlbimizi nə qədər aça bilsək, ondan istifadəmiz də məhz həmin ölçüdə gerçəkləşəcək.

Allah Rəsulu (s.ə.s) Vida xütbəsində əshabına və onların timsalında bütün ümmətinə belə buyurur: “Sizin üçün iki miras qoyuram. Onlara bağlı qalacağınız təqdirdə əsla zəlalətə düşməzsiniz: Allahın kitabı və Rəsulunun sünnəsi”. (Hakim, 1/93) Bu nəbəvi təlimat bizə Qurana bağlılığın, onunla yaşamağın zərurətini bildirir. Quranı anlamaq və əmr etdiyi kimi yaşamaq üçünsə Peyğəmbər yolu olan sünnədən uzaqlaşmamağı təlqin edir. Əsrlərdən bəri ümməti-Muhamməd içərisində bu nəsihətə qulaq verərək Quran və Sünnəni bu günümüzə çatdıran nəsillər oldu. İlahi mesajın və onun insan həyatına ən mükəmməl tətbiqi sayılan sünneyi-Rəsulullahın gələcək çağlara ötürülməsi kimi şərəfli və məsuliyyətli vəzifə bu gün bizim çiyinlərimizdədir. Böyüklərimizin bizə örnək olduğu kimi biz də Quranın əmrləri xüsusunda həssas qulluq nümunələri göstərərək, ömrümüzü ona layiq yaşayaraq sonrakı nəsillərə örnək olmalıyıq. Onu oxumalı, oxutmalı, həyatımıza ondan aldığımız ibrətlərlə davam etməliyik. Yetmiş il sürən dinsiz kommunist rejimindən ayrılaraq müstəqil olduğumuz gündən bəri ölkəmizdə Quran sevdalılarının sayının artdığını görmək insana qürur verir. Şükürlər olsun ki, bu gün Quran qarilərimiz, yüzlərlə hafizimiz var və yetişməkdədir. Bu hal ilahi mesaja sahib çıxıldığının bir təzahürüdür. Lakin hələ də görüləcək çox iş var. Hz. Peyğəmbərin qəlbinə nazil olan Quranı, onun yol göstərən, qaranlıqları aydınladan ayələrini çatdırmalı olduğumuz qəlblər var. Çünki həyat Quranla daha gözəldir.         

 

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz