Regionda nə baş verir?
Son iki ayda dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlərdəki gərginliklər daha çox artmağa meyillidir, nəinki səngiməyə. Eyni zamanda supergüclər vəziyyətin daha pis mərhələyə keçməsini və bunun qlobal nüvə faciəsi ilə nəticələnə biləcəyini anladıqlarından, proseslərin nəzarətdən çıxmaması üçün addımlar atmaqda maraqlıdırlar.
Öncə Azərbaycanın xarici siyasəti kontekstində baş verən hadisələrə nəzər salaq. Fikrimizcə, ölkə Prezidenti İlham Əliyevin bu ilin oktyabrın sonu - noyabrın əvvəllərində Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən zirvə toplantısında iştirakı iki aspektdən qiymətləndirilə bilər. Birincisi, ölkə başçısının Qoşulmama Hərəkatının dünyada rolunu gücləndirmək istiqamətində verdiyi mesajlar dövlətimizin hələ uzun müddət bu qurum daxilində öz maraqlarını müdafiə edəcəyi mənasına gəlir. Prezident İlham Əliyevin Əlcəzair Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazdığı bu cümlələr: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir...” - həm də Fransanın anti-Azərbaycan mövqeyinə verilmiş bir cavab idi.
Yeri gəlmişkən, Fransa Senatı növbəti dəfə noyabrın 15-də ölkəmizin əleyhinə növbəti qətnamə qəbul etdi. 29 il ərzində Azərbaycan torpaqlarının 20 faizə yaxın hissəsinin işğalına göz yuman fransalı senatorlar qəbul etdikləri sənəddə erməni torpaqlarının uydurma işğalından danışır, üstəlik, Avropa İttifaqını (Aİ) Azərbaycanın enerji sektoruna sanksiyalar tətbiq etməyə çağırırlar.
Öncə qeyd etmək lazımdır ki, senatın qəbul etdiyi bu tipli qətnamələrin hüquqi öhdəçilik qüvvəsi yoxdur, yəni bu sənəd daha çox deklarativ xarakter daşıyır. İkincisi, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacı olduğu halda Aİ-nin neft və ya qaz sektoruna embarqo qoyacağını heç nəzəri baxımdan yaxın buraxmaq olmaz. Və sözsüz ki, Ermənistan rəhbərliyi də bunu gözəl anlayır, başa düşür ki, indiki şərtlər daxilində Azərbaycanın sanksiyalara məruz qalması mümkün deyil.
Hazırda Ermənistan və Azərbaycan arasında bir tərəfdən Rusiyanın, digər tərəfdənsə ABŞ və Aİ-nin təşəbbüsü ilə danışıqlar keçirilməkdədir. Münaqişə tərəfləri, əsas da Azərbaycan bu ilin sonuna qədər sülh müqaviləsini imzalamaqda maraqlı olduğunu dəfələrlə bildirsə də, hələ ki, Ermənistan süni şəkildə bu prosesi ləngidir. Rəsmi Bakı üçün prioritet olan və irəli sürdüyü beş prinsipdən biri Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanımasıdır. Düzdür, bu il baş tutan Praqa və Soçi görüşlərində hər iki ölkə başçısının verdiyi birgə bəyanatda 1991-ci il sərhədləri əsasında ərazinin tanınması prinsipi öz əksini tapıb. Bununla belə, Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bitdiyindən, Ermənistanın bu əraziyə heç bir iddiası ola bilməz və sərhədlərin delimitasiyası üzrə müqavilə imzalananda DQ-nin statusu məsələsi öz əksini tapa bilməz, yalnız Azərbaycanın rayonları olaraq Laçın, Kəlbəcər, Zəngilan, Gədəbəy, Qubadlı, Naxçıvan, Daşkəsən, Qazax və Tovuzun bu ölkə ilə sərhədlərində delimitasiya və demarkasiya müəyyən oluna bilər.
Regional gərginliklər sırasında İran və Azərbaycan arasında son aylar ərzində baş verənləri də qeyd edə bilərik. İran rəsmiləri ad çəkməsələr də, tez-tez Azərbaycan əleyhinə verdiyi bəyanatların, eləcə də bu ölkənin Azərbaycanla sərhədlərdə intensiv hərbi təlimlər keçməsinin kökündə təhdid faktorunun olması göz önündədir. Rəsmi Bakı öz növbəsində bu təhdidlərə adekvat cavab verməkdədir. İranın bizim ölkənin Zəngəzura hücum edib ərazilər tutması ilə bağlı üstüörtülü mesajlar göndərməsinin heç bir əsası yoxdur, yuxarıda qeyd etdik ki, rəsmi Bakının Ermənistana təklif etdiyi beş prinsipdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Eləcə də Azərbaycanın İsraillə birgə anti-İran siyasət aparmasıyla bağlı ölkəmizə qarşı göndərilən mesajların da ciddi əsasları yoxdur. Fikrimizcə, rəsmi Tehranı narahat edən əsas məsələ Azərbaycanın Türkiyə ilə strateji yaxınlıq siyasətidir.
Bu ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsində Ukraynanın növbəti uğurlarının şahidi olmaqdayıq. Belə ki, avqust ayının sonundan başlayaraq məqalə yazılana qədər olan dövrdə, bu ölkənin keçirdiyi genişmiqyaslı əks-hücum nəticəsində Xarkov vilayətinin böyük bir hissəsi (98 faizi), Xerson şəhəri daxil olmaqla bu bölgədə yerləşən 40-dan çox, eləcə də Luqanskın 10-dan çox yaşayış məntəqəsi RF işğalından azad edilmişdir. Hazırda Donetsk vilayətində ağır döyüşlər davam etməkdədir. Rusiya-Ukrayna müharibəsinin fonunda Türkiyənin balanslı siyasət əsasında apardığı vasitəçilik missiyası da diqqəti cəlb edir. Belə ki, Türkiyə prezidenti Ərdoğan istər Putin və Zelenski arasında görüşün təşkil edilməsində, istərsə də “taxıl dəhlizi” çərçivəsində Ukrayna buğdasının şimali Afrikaya çatdırılması üçün aktiv diplomatik fəaliyyət göstərir.
ŞƏRHLƏR