Təfəkkürdən İcraata

Təfəkkürdən İcraata

İslam dini həm təfəkkür, düşünmə, həm də icraat dinidir. Yəni həyatın hər bir anını tənzimləyən dindir. Bu baxımdan həyatda etdiyimiz hər davranış və söylədiyimiz hər sözün məsuliyyəti vardır. Dünyada heç bir şey məqsədsiz xəlq edilmədiyi kimi, insan da özbaşına və nəzarətsiz buraxılmamışdır. Qurani-Kərim bu həqiqəti: “İnsan özbaşına buraxılacağınımı zənn edir?!” (əl-Qiyamə, 36) - şəklində ifadə edir.

Ağıl və təfəkkür edə bilmək qabiliyyəti bəşər övladına verilmiş ən dəyərli nemətdir. İnsanı digər varlıqlardan ayıran xüsusların ən vacibi də məhz bu xislətdir. Allahı tanımaq və ona ibadət etmək məqsədi ilə xəlq edilən insan, uca Xaliqin bütün xilqətini təfəkkür edərək ondan özü üçün müəyyən dərslər və ibrətlər çıxartmaq məcburiyyətindədir. Çünki nəticəsi olmayan, davranışa çevrilməyən və yaxud davranışlara təsir etməyən təfəkkür nəticəsiz və məqsədindən uzaq təfəkkürdür.

Təfəkkür heç bir şəkildə sadəcə düşünməyi özündə ehtiva etmir. Düşünmək atılacaq bir addımın ilk mərhələsidir. Əsas məsələ ondan ibarətdir ki, təfəkkür nəticəsində insanın həm düşüncə dünyasında, həm də praktiki həyatında müsbət dəyişiklik meydana gəlsin. Dünya axirətin tarlası olduğuna görə, gərək “ağıllı” hər bir müsəlman bu dünyadakı fürsətləri lehinə çevirsin. O cümlədən təfəkkür dünyasını və xislətini də. Misal üçün, beyinin və yaxud gözün funksiyasını təfəkkür edən bir şəxs buradakı qeyri-adiliyi görüb ondan təsirlənmirsə və bunun Allahın bir möcüzəsi olduğunu görə bilmirsə, bu təfəkkürün heç bir faydası yoxdur. Eyni şəkildə müsəlman olduğu halda yediyi bir meyvədə, seyr etdiyi mənzərədə Allahın əzəmətini təfəkkür edə bilmirsə, məqsəd hasil olmuş sayılmaz. Məsələnin tərsi də mümkündür. Belə ki, Allahın qüdrətini hər yerdə görüb gözəllikləri təfəkkür edə bilən insanın ibadət həyatında və yaxud əxlaqi keyfiyyətlərində bunun müsbət təzahürü yoxdursa, yenə də məsələ öz əksini tapmış sayılmaz. Yeri gəlmişkən onu da qeyd edək ki, bəzi dövrlərdə qərəzli olaraq İslam dininə məxsus bir çox məfkurə və terminlər öz məqsədindən uzaq şəkildə izah edilmiş və yaxud başa düşülmüşdür. Bu səpkidə  özəyinə yadlaşdırılan terminlərdən biri də məhz “təfəkkür” terminidir.

Hz. Peyğəmbərin (s.ə.s) söylədiyi: “Ağıllı şəxs o kimsədir ki, nəfsinə hakim olsun və ölümdən sonrası üçün çalışsın. Aciz şəxs də o kəsdir ki, nəfsinin arzularına tabe olsun və ancaq Allahdan diləklər istəsin və bununla kifayətlənsin”, (Tirmizi, Qiyamə, 25)  - hədisi çərçivəsində məsələyə yaxınlaşdığımız zaman görürük ki, müsəlman hər fürsəti öz axirət sərmayəsinə çevirə bilməlidir. Sadəcə düşünərək, təfəkkür edərək və heç bir addım atmadan Allahdan diləklər istəmək acizlik əlamətidir. Bu, Allahın xoş qarşılamadığı, İslamın ruhuna uyğun olmayan bir anlayışdır. Uca Allahın Qurani-Kərimdə buyurduğu kimi: “Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın!” (əl-Həşr, 18) Deməli, məsələ sadəcə fikirləşməkdən və təfəkkür etməkdən ibarət deyildir. İcraat yoxdursa, təfəkkürün, düşünmənin tozlu rəflərdə öz yerini alan fəlsəfi fikirlərdən heç bir fərqi olmaz.

Qeyd etdiyimiz hədis bizə hesaba çəkilmədən əvvəl özümüzü hesaba çəkməyi öyrədir. Hesabı təfəkkür etməyimizi tövsiyə edir. Dünyada ikən çətin keçəcək hesabı düşünərək hesabını verə bilməyəcəyimiz davranışlardan uzaqlaşmağı söyləyir. Təfəkkürümüz bizi tənbəlləşdirməli deyil, əksinə, axirət üçün çalışma əzmimizi artırmalıdır. Başımızı aşağı salaraq sadəcə düşünməklə heç bir şeyə nail ola bilmərik.

Bu gün biz ancaq düşünürük, əks qüvvələr isə həm düşünür, həm ixtira edir, həm də düşüncə və ixtiralarını öz məqsədləri üçün icraata keçirir. Təfəkkürə, düşüncəyə hər fürsətdə təşviq edən İslam dininin formalaşdırdığı mədəniyyətin mənsubları başqa məfkurələrin təsirində qalmamalıdır. Buna ehtiyac da görünmür. Çünki özəyi Quran və sünnə ilə yoğrulmuş dəyərlərimiz bütün fikri və əyani ehtiyacları öhdələyəcək gücdədir. Tarix səhifələrinə nəzər salsaq, İslam mədəniyyətinin dünyada hansı səviyyələrdə olduğunu rahatlıqla görə bilərik. Məsələ Quran və Sünnənin prinsiplərini anlamaq üçün təfəkkür üfqümüzü düzgün idarə etmək və istifadə etməkdən asılıdır.  

Hədisdə qeyd edildiyinə görə, İslam dini Allahdan müəyyən şeyləri istəməyi təşviq etmişdir. Ancaq bu arzuların gerçəkləşməsi üçün də tələb edən öz öhdəsinə düşəni etməlidir. Sadəcə istək kifayət deyil. “Səndən hərəkət, məndən bərəkət” formasında zərb-məsələ çevrilən bu ifadə də məhz səy göstərmənin və əzmkarlığın önəminə vurğu edir. Xülasə, İslam dini sadəcə təfəkkür etməyi, düşünməyi deyil, bununla yanaşı, çalışmağı və səy göstərməyi də tövsiyə etmişdir.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz