Keçmişə həsrətlə

Keçmişə həsrətlə

“Keçmiş zaman olar ki, xəyalı cahana dəyər”.

Xəyallarımız vardı bir zamanlar. Oyuncaq maşınımız  olsun istəyərdik, torpaq daşıyaq; tapançamız olsun, polis-polis oynayaq deyə. Və bunu elə istəyərdik ki, ağlayardıq bəzən; “mənim niyə oyuncaq maşınım yoxdu?” - deyə. Bunlar çox məsumcasına arzular idi. Onlarla qurduğumuz oyun xəyalları da çox məsumcasına idi. Sən demə bu məsumiyyətlər inkişaf etdirirmiş uşağın beynini. İllər sonra öyrənmişdik bunu. Halbuki biz bu xəyalları qurarkən, evə bir loğma çörək gətirmək üçün gecəsini gündüzünə qatan atalarımızdan bunu istəyərkən işin o biri/texniki qismiylə heç maraqlanmırdıq. Bu istəklərimizi bəzən qarşılayan, bəzən də qarşılaya bilmədiyi üçün başqa şeylərlə bizi ovunduran atalarımız, diqqətlərimizi başqa məcralara çəkən analarımız da işin elmi-psixoloji tərəfi ilə maraqlanmırdılar. Onlar bu, bu şeylər uşaq beynini inkişaf etdirir, uşaqla filan şəkildə əlaqə qurulur deyə pedaqoji təhsil də almamışdılar. Onların müəllimi içində böyüdükləri, özündə yetişdikləri, yetkinləşdikləri ailələri idi. Həyatın axışı beləydi o gün. Heç bir gəlin yemək bişirməyi yutubdan öyrənməzdi, məsələn. Min bir məharətlə gələrdi qayınana evinə. Qayınana da onun məharətlərini daha da inkişaf etdirərdi.

Və o günlərdə analar bir başqa idi. Ana səsi, ana qucağı, ana şəfqəti, ana sevgisi, ana yeməyi bir başqa idi. Bir başqa idi o gün atalar. Ata sözü, ata baxışı, ata hiddəti, ata nəsihəti bir başqa idi o gün. Qız uşaqlarının ayrıca bir yeri var idi. Cənnət müjdəsiydi qızlar. Ana yarısıydı böyük bacılar. Oğlan uşaqları da bir başqa idi o gün. Ataların baş ucalığı, anaların qürur mənbəyi, qızların  böyük qardaşı/dirəyi idi onlar...

Yeni günün o səhər vaxtında - sübh tezdən qalxan, namazını qılıb çörəyin xəmirini yoğuran, sonra da gəlinlərini oyadıb süfrəni hazırladan, hamıdan erkən qalxıb hamıdan gec yatan, qız, gəlin, uşaq, bütün ailəni bir arada idarə edən, şəfqətli, incə siyasətli müdrik nənələrimiz vardı. Uşaqları ən axırda oyandırıb isti çörək və samovar çayı ilə birlikdə süfrəyə bütün ailəni toplayan nənələrimiz var idi...

Babalarımız var idi, hikmət dolu. Süfrənin ən başında oturan, hikmətli söhbətləri ilə bizə irfan aşılayan, qəlbimizə toxunan, ruhumuzu fərahladan, bizə nəsihətlər edən, öz həyat təcrübələrini və özündən əvvəlkilərin təcrübələrini, böyüklərindən öyrəndiklərini bizə ötürən, müşkülümüz olanda qapısında dikildiyimiz babalarımız var idi...

Babamızla atamız arasındakı o böyük hörmət və təvazökar əlaqə bizə böyüklərə hörmət mövzusunda -bu gün universitet professorlarının belə o ehtişamlı cümlələri ilə verə bilməyəcəyi- dərslər verirdi. Və biz bu dərsləri bütün diqqətimizlə və qulağımızla deyil, qəlbimizlə dinləyərdik. Evin iki ən böyüyü, nüfuzlusu/avtoriteti söhbət edir, ikisi bir məclisdədir; Heç bu vəziyyətə biganə qalmaq olardımı?..

Təbii ki, o gün uşaq olmaq da bir başqa idi. Qabiliyyətli bir ananın bişirdiyi yeməkdən dadıb qaçmaq, arı pətəyinə çubuq soxmaq, ata cəzası ilə bütün bağçanı tər içində qaçmaq, özümüzün  düzəltdiyi ip və neylondan topla futbol oynamaq, qardaşımızla, dostlarımızla davalar etmək, ananın qəzəbindən nənənin ətəyinə sığınmaq, gizlənqaç oynayarkən itmək, quşları təqib edib qorxutmaq, sonra da baba nəsihəti dinləyib ehtiyatlı olmaq, anamız atamıza şikayət edər qorxusuyla, atamızın gəlişini qorxu və bir o qədər də hörmətlə gözləmək, şillədən deyil, atanın o hiddətli baxışından çəkinmək, onunla kifayətlənmək, hətta bir baxışla göz yaşı tökmək və daha nələr-nələr. Biz uşaq idik və bunu hiss edirdik o günlərdə. Yerimizdə dayana bilmirdik. Heç kim bizi bir otağa həbs edə bilməzdi. Günorta yuxusunda belə anamızı yatırıb bağçaya qaçardıq. Hər şeyi edərdik, amma uşaqca edərdik. Və heç bir zaman böyüyümüzə qarşı deyil səsimizi qaldırmaq, gözümüzü belə ayaq barmağımızdan qaldırmazdıq.

Uzun sözün qısası, biz həyatı yaşayaraq öyrəndik. Qaçaraq, yıxılaraq, qalxaraq, xəta edərək, kömək edərək, kömək alaraq, köməkləşərək, sevərək, şəfqət görərək öyrəndik. Biz gözümüzü dünyaya o hələ betonlaşmamışkən açdıq. Quş səslərinin eşidildiyi, gecə vaxtı ulduzların seyr edildiyi, aya heyran olunduğu zamanların uşaqlarıyıq biz. Qonşularından xəbərsiz, özü yaşadığı dünyada terror əsdirən insanın ayda həyat axtarışının olmadığı bir zamana doğulduq biz, ya da o əngin xəyallara doğulduq biz.

Gəlin övladlarımıza da həmin ab-havanı yaşama fürsəti verək. Onları dörd divar arasına həbs edərək, texnologiyanın cazibəsinə qapdıraraq bu gözəlliklərdən məhrum etməyək. Gəlin ailəyə geri qayıdaq. Kəndçi olduğumuzu qəbul edək. Şəhərin ehtişamına aldanmayaq. Ən azından tətillərdə belə olsa, övladlarımızla bərabər hələ təbiiliyini itirməmiş, qoruyub saxlamış kənd mühitində vaxt keçirək. Torpaqla qaynaşsınlar. Əsillərinə yad qalmasınlar.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz