HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 15
Hüdayi həzrətləri buyurur:
“Təriqət əhli bütün ədəbi Sünneyi-Səniyyədən almışdır. Haşa, bidət olması mümkün deyil. Şəriət əhli: “Halal-haram, əmri bil-məruf və nəhyi anil-münkər nədir?” - deyə inkar etməsin. Sufi olanlar da: “Biz Haqqa vasil olduq”, - deyib tərtəmiz şəriəti tərk edib yoldan çıxmasınlar. Yerli-yerində, şəriətə riayət üzrə olsunlar, xəyanət etməyib əməl işləməyə baxsınlar”.[1]
Rəsulullah r -in varisləri olan Haqq dostu alim və ariflər mənəvi tərbiyə yolu olan təsəvvüfün qayəsini “şəriəti kamil mənada yaşamaq” kimi tərif ediblər. Yəni təsəvvüf hər bir halda Quran və Sünnə ölçüləri üzrə, təqva həssaslığı ilə qulluq etmək, bu istiqamətdən heç vaxt ayrılmamaqdır.
Haqq dostlarına tərcüman olan Mövlana həzrətlərinin bu məşhur ifadələri də bir növ “səhih təsəvvüf” anlayışının tərifi mahiyyətindədir:
“Mən yaşadığım müddətdə Quranın (könüllü) köləsiyəm. Seçilmiş Peyğəmbər Həzrət Muhamməd r-in yolunun torpağıyam. Hər kim mənim sözümdən bunun xaricində kiçik bir şey də olsa nəql etsə, ondan da, onun sözündən də bezaram”.
Təsəvvüf Quran və Sünnə ilə kamala çatmaq, ilahi və nəbəvi təlimatları qəlbi dərinliklə dərk edib həyatın hər mərhələsində yaşamağa çalışmaqdır. Beləliklə, qəlbən mərhələlər qət edərək Allah-Təalanın yaxınlıq və dostluq iqliminə girməyə çalışmaqdır.
Təsəvvüf “iman”ı “ehsan” üfüqünə çatdırmağın başqa adıdır. Yəni daima ilahi müşahidənin -başqa ifadə ilə- ilahi kameraların nəzarəti altında olduğumuzun şüur və idrakı içində olmaqdır.
Təsəvvüf nəfsin təzkiyə, qəlbin təsfiyə edildiyi, nəfsani ehtirasların cilovlanıb ruhani istedadların inkişaf etdirildiyi mənəvi məktəbdir.
Xülasə, təsəvvüf İslamı Allah Rəsulu r, səhabeyi-kiram, sələfi-salehin və təqva əhlindən olan möminlər kimi feyz və ruhaniyyət dolu möhtəvası ilə idrak edib, eynilə onlar kimi böyük eşq, vəcd və şövqlə yaşama səyindən ibarətdir.
Bu həqiqətlərə zidd olan və ölçüsünü Quran və Sünnədən almayan nə varsa -hər nə qədər təsəvvüfə aid olduğu iddia edilsə də- batildir. Bir adamın ibadətlərində, müamilələrində, əxlaqında və həyat tərzində şəri ölçülərə riayət həssaslığından əsər-əlamət yoxdursa, onun təsəvvüf yolunda tərəqqi gözləməsi tamamilə bihudədir.
Məsələn, ailə həyatında, iş həyatında, övladının təhsil həyatında şəri ölçülərə diqqət etməyən kəslərin qəlb aləmində mənəvi tərəqqi gözləməsi əbəsdir. Təsəvvüf əhli olan möminlər xüsusilə övladlarının mənəvi tərbiyəsi ilə yaxından maraqlanıb onları zəmanənin şərindən həssaslıqla qorumalıdırlar.
Lakin təəssüf ki, günümüzdə bir çox dindar ailənin öz övladlarını Quran təhsilindən məhrum qoyduqlarına, hətta mənəvi dəyərlərini nə qədər qoruya biləcəklərini düşünmədən onları qeyri-müsəlman ölkələrə göndərdiklərinə şahid oluruq. Uşaqlarının sırf fani gələcəyini düşünərək onların əbədi gələcəyini təhlükəyə atan valideynlərin özlərini dindar zənn etməsi yalnız aldanışdan ibarətdir.
Həmçinin bu qəbildən, təsəvvüf yolunda olduğunu iddia edən bəzi çevrələrin şəri ölçüləri və qulluq vəzifələrini xəfifə alaraq söylədikləri: “Əsas olan ürəyin təmizliyidir. Ürək təmiz olandan sonra əməlin olmasa da olar…” kimi sözlər nəfsani arzulara qapı açan qəflət və zəlalət təzahürüdür.
Əgər qəlbin təmizliyi kifayət etsəydi, saleh əməl və təqva həssaslığına gərək olmasaydı, ən təmiz qəlbə sahib olan peyğəmbərlərin, övliya, saleh və müttəqi qulların ibadət və itaət etməsinə, ilahi əmrləri təqva həssaslığı ilə tətbiq etmələrinə gərək qalmazdı. Halbuki bu xüsusda ən böyük səyi onlar göstərmişlər.
Məsələn, Həzrət İbrahim u Allah yolunda canı, malı, övladı ilə imtahan olunub sarsılmaz təvəkkül, təslimiyyət və itaəti nəticəsində Allaha dostluq iqliminə girdiyi zaman könlündə yeni və əzəmətli üfüqlər açıldı. İlahi əzəmət qarşısında misilsiz heçlik, yoxluq və acizlik hissinə bürünərək Allah-Təalaya:
وَلَا تُخْزِنى يَوْمَ يُبْعَثُونَ
“İnsanların dirildiləcəkləri gün məni rüsvay etmə!” (əş-Şüəra, 87) - deyə dua etdi.
Allahın Həbibi Həzrət Peyğəmbər r keçmiş və gələcək bütün günahları bağışlanmış olduğu halda gecələr ayaqları şişənə qədər göz yaşı içində namaz qılıb istiğfar etdi. Nə üçün özünü bu qədər yorduğunu soruşanda da:
“Allaha çox şükür edən bir qul olmayımmı?..” buyurdu. (İbn Hibban, II, 386)
Həmçinin “Əşəreyi Mübəşşərə”dən, yəni hələ dünyada ikən cənnətlə müjdələnən səhabələrdən heç biri “artıq biz məqsədə çatdıq” deyərək və nail olduqları nəbəvi müjdəyə güvənərək qulluq vəzifələrinə laqeyd yanaşmadılar. Əsla qürur və təkəbbürə qapılıb tənbəlliyə düşmədilər. Əksinə, böyük qəlbi riqqətlə və son nəfəsə qədər durmadan artan istəklə nümunəvi qulluq həyatı yaşadılar.
Elm və irfan sahəsində sahib olduğu yüksək dərəcəyə görə yaşadığı əsrdə “Günəşlər Günəşi” adlandırılan böyük Allah dostu Xalid Bağdadi həzrətləri də əbədi aqibətindən əndişə edərək tələbələrinə yazdığı məktublarda onun üçün hüsn-xatimə duası etmələrini istəmişdir.
Belə olan halda bu gün bəzi nadanların “axirətdə filan zat əlimdən tutub məni qurtaracaq…” deyərək qulluq vəzifəsini arxa plana atması dəhşətli aldanışdır.
Allahın istədiyi bəndələrə axirətdə şəfaət səlahiyyəti verməsi həqiqət olmaqla yanaşı, bu şəfaətə nail ola bilmək üçün səmimiyyətlə saleh əməllərə sarılmağın vacib olduğunu da unutmamaq lazımdır.
Necə ki, Rəsulullah r ən yaxınlarına belə bu xüsusda xəbərdarlıq etmişdir. Allah Rəsulu hədisi-şəriflərin birində belə buyurur:
“Ey Rəsulullah Muhammədin qızı Fatimə! Ey (bibim) Safiyyə! Allah qatında məqbul əməllər işləyin! Çünki mən (qulluq etmədiyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm!”. (Bax. İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14)
Unutmayaq ki, qulluq vəzifələrinə qarşı göstərdiyimiz həssaslıq Allah-Təalaya yaxınlığın ən böyük əlaməti sayıldığı kimi, bu xüsusda göstərilən laqeydlik və qəflət də Allahdan uzaqlığın ən bariz göstəricisidir.
Bu səbəblə mömin əlindən gələn bütün səyləri göstərməsinə rəğmən daima qulluğunu nöqsan, əməllərini də “heç” hökmündə görməlidir. Mənəvi olaraq hansı məqamda olmasına baxmayaraq günahkar bir qul həyası ilə Allah-Təalanın əfv və mərhəmətinə sığınmalıdır.
Bu gün, təəssüf ki, özünü təsəvvüfə aid sayan bəzi mühitlərdə həm zahiri əməllərin xəfifə alındığını, həm də halal-haram həssaslığına qarşı səhlənkarlıq göstərildiyini görürük. “Mənim qəlbim təmizdir” kimi içiboş ifadələrlə qadın və kişilərin bir araya gələrək təsəttür mövzusunda başıboş davranıldığına və bir çox şəri ölçüdən vaz keçildiyinə şahid oluruq. Sanki qəlb təmiz olanda halal-haram sərhədlərinə riayət etməyə ehtiyac yoxmuş kimi tamamən nəfsə qapı açan batil düşüncəyə meyil edilir.
Haqq dostlarından Abdulqadir Gilani həzrətlərinin yaşadığı hadisə bu xüsusda bizə nümunə olmaq baxımından necə də ibrətlidir. Həzrət belə deyir:
“Bir gün gözümün qarşısında bir nur peyda olaraq bütün üfüqü əhatə etdi. Diqqət edib nə olduğunu dərk etmək istəyirdim ki, nurdan bir səs eşidildi:
- Ey Abdulqadir, mən sənin Rəbbinəm! Bu günə qədər işlədiyin saleh əməllərdən o qədər razı qaldım ki, bundan sonra bütün haramları sənə halal etdim, - dedi.
Xitab bitər-bitməz səsin sahibinin şeytan olduğunu anladım və:
- Çəkil, ey məlun! Göstərdiyin nur mənim üçün əbədi zülmətdir, - dedim.
Bu zaman şeytan:
- Rəbbinin sənə ehsan etdiyi hikmət və fərasətlə yenə əlimdən qurtuldun! Halbuki yüzlərlə adamı bu üsulla yoldan çıxartmışdım, - deyərək uzaqlaşdı.
Əllərimi uca dərgaha açıb bunun Rəbbimin fəzl və kərəmi olduğunun idrakı ilə şükür etdim”.
Bu sözləri dinləyən camaatdan bir nəfər soruşdu:
- Ey Abdulqadir, onun şeytan olduğunu haradan bildin?
Abulqadir Gilani həzrətləri cavab verdi:
- Haramları sənə halal qıldım deməsindən.
Məhz hər bir mömin həyatı boyu bu fərasət və şüura sahib olmalıdır. Çünki kimsə gözəl hal və əxlaqı səbəbi ilə şəri ölçülərə riayət xüsusunda sərbəst buraxılsaydı, bu, hamıdan əvvəl insanlığın Allaha qulluqdakı zirvəsi olan Rəsulullah r -ə qismət olardı. Hətta Ona da belə bir imtiyaz verilmədiyinə görə başqa heç kimə veriləcək deyil.
Hüdayi həzrətləri buyurur:
Rəsulun sünnəsin tutmaq,
Həqiqət yoluna getmək
Sarayi-vəhdətə yetmək,
Nə dövlət, nə səadətdir!..
Əbədi səadətin qaynağı Rəsulullah r -in sünnəsi üzrə yaşamaqdır. Çünki həyatı sünnə üzrə yaşamadan Allah-Təalanın vəhdət sarayına vasil olmaq mümkün deyil.
Əsl təsəvvüf Quran və Sünnəni qəlbi dərinliklə idrak edib vəcdlə həyata tətbiq etməkdir. Allah Rəsulunun qəlbi həyatını qəlbimizə nəqş edə bilmək və Onun könül dünyasından nəsiblənmək təlimidir. “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96) hədisi-şərifi gərəyincə iman, ibadət, əxlaq, hissiyyat, fikriyyat, müamilat və müaşirətdə, bir sözlə, hər xüsusda Peyğəmbərimizlə bərabər olmaq cəhdidir.
Rəsulullah r mənəvi kamillik zirvəsində olmasına baxmayaraq zahiri və batini bütün qulluq vəzifələrini son nəfəsinə qədər xüsusi diqqətlə yerinə yetirmiş, haram, kərahət, hətta şübhəlilərdən həssaslıqla uzaq durmuşdur. Ondan nümunə götürməli olan hər bir mömin də bununla mükəlləfdir.
Böyük mürşidi-kamillərdən Bəyazid Bəstami həzrətlərinin bu xəbərdarlığı necə də mənalıdır:
“Hər kim Qurani-Kərim qiraətini və zöhd həyatını tərk edər, camaat namazına davamsızlıq göstərər, cənazələrdə iştirak etməz və xəstə ziyarətinə getməz, bütün bunlarla yanaşı, sufi olduğunu iddia edərsə, o adam bidətçidir”.[2]
Yəni bu kimi sünnələrdən, fərdi və ictimai qulluq vəzifələrindən uzaq olan yaşayışın təsəvvüfi həyatla heç bir əlaqəsi yoxdur. Ona görə də qulluq vəzifələrinə qarşı laqeydliyi aşılayan və insanı şəri ölçülərdən azad görməyə sövq edən hər şeyin batil olduğunu unutmamalıyıq.
Məzhəblər arasında “batil məzhəblər”in meydana çıxması kimi tarixən təsəvvüf yolunda da haqq yoldan çıxan bəzi qruplar olmuşdur. Bunlara qarşı diqqətli olmaq çox vacibdir.
Hz. Peyğəmbər r-in çox sevdiyi səhabələrindən olan Abdullah ibn Ömər v -a etdiyi bu xəbərdarlıq hər birimizin həyat düsturuna çevrilməlidir:
“Ey İbn Ömər! Dinindən bərk yapış, dinindən bərk yapış! Çünki o sənin həm ətin, həm də qanındır. Dinini kimdən öyrəndiyinə diqqət et! Dini elmləri və hökmləri istiqamət sahibi olan alimlərdən öyrən, sağa-sola meyil edənlərdən öyrənmə!”.[3]
Bu etibarla həyatını Quran və Sünnə ölçülərinə görə nizamlamayan, dinin zahiri və batini öhdəliklərinə laqeyd yanaşan bir adamın dilindən hər nə qədər təsəvvüfi ifadələr çıxsa da, o, həqiqi təsəvvüf əhli ola bilməz.
Qeyd edəcəyimiz hadisə bu məsələni necə də gözəl ifadə edir:
Bəyazid Bəstami g günlərin birində insanlar arasında “vəli” kimi tanınan məşhur bir nəfəri görmək üçün müridləri ilə yola çıxmışdı. Ziyarətinə getdikləri adam evindən çıxıb məscidə gedərkən qiblə istiqamətinə tüpürdü. Bəyazid g onun bu xam və laqeyd halı qarşısında həddən artıq məyus olaraq heç salam da vermədən dərhal geri qayıtdı. Geri qayıdarkən tələbələrinə belə dedi:
“Bu adam Rəsulullah r -in öyrətdiyi ədəblərdən birinə riayət etmək məsələsində belə güvəniləcək biri deyil. Haqq-Təalanın sirləri xüsusunda ona necə güvənmək olar?!”[4]
Hüdayi həzrətləri buyurur:
Şu kim vəhdət şərabın həzm edə bəzmi-şəriətdə,
Təriqətdə odur kamil, həqiqətdə odur vasil…
Təriqətdə kamala çatmaq, həqiqi mənada Allah-Təalanın riza və məhəbbətinə vasil olmaq istəyən kəs şəri-şərifdən möhkəm yapışıb ilahi əmr və qadağalara can-dildən riayət edərək vəhdətin/tövhidin/birliyin məğzini dərk etməlidir. Bunun üçün hər şeydən əvvəl:
- İman və etiqadını Allahın razı olduğu iman və etiqad ilə bir hala gətirməli,
- Əxlaq və vəsflərini Allahın sevdiyi əxlaq və vəsflərlə bir hala gətirməli,
- Feil və davranışlarını Allahın razı olduğu feil və davranışlarla bir hala gətirməlidir.
Çünki əsl təsəvvüf də məhz qəlbi və nəfsi Allah-Təalanın razı olmadığı bütün mənfiliklərdən təmizləyib yalnız Onun razı qaldığı gözəlliklərlə bəzəyərək tövhidin/birliyin həqiqətinə nail olmaqdır.
Bu gün təsəvvüf pərdəsi altında guya “geniş kütlələri irşad etmək” məqsədi ilə şəri hökmlərə əhəmiyyət verməyən, halal-haram ölçülərinə qarşı qətiyyətsiz davranan, sanki əməlsiz də islami həyat yaşamağın mümkünlüyünü təlqin edən, bununla da irşada deyil, idlala – sapqınlığa xidmət edənlərə rast gəlirik. Bunlar “pərgəlin ayağını geniş tutaq, daha çox insana toxunaq, yeniliklərə açılaq” deyərkən sabit ayağı da yerindən oynadan, yəni qaş düzəldərkən göz çıxardan kəslərdir.
Unutmayaq ki, heç bir şəri qayəyə qeyri-şəri yolla getmək olmaz. Rəsulullah r çətin anlarda belə Quran və Sünnə istiqamətindən ayrılmamışdır.
Ona görə də müsəlman hər bir halda ilahi və nəbəvi təlimatlara bağlı qalan kəsdir. Müsəlmana müvəffəqiyyətə gedən yolda hər şeyi mübah görmək anlayışı əsla yaraşmaz. Allahın yardımı, rəhməti, lütfü, rizası, məhəbbəti və yaxınlığı da qulun nəyin bahasına olursa olsun, Quran və Sünnə istiqaməti üzrə qala bilmək üçün göstərdiyi fədakarlıq nisbətində zühur edər.
Unutmayaq ki, biz ayeyi-kərimədəki:
“اِيَّاكَ نَعْبُدُ: (Ya Rəbb!) Yalnız Sənə qulluq edirik” düsturunu həyatımıza nə qədər tətbiq edə bilsək, “وَ اِيَّاكَ نَسْتَعينُ : və yalnız Səndən yardım istəyirik”[5] bəyanının işarə etdiyi ilahi lütflərə o nisbətdə nail ola bilərik.
Hüdayi həzrətləri buyurur:
Bal deməklə dadlı olmaz bu dəhan,[6]
Yürü anı dadmağa səy et haman!..
Təsəvvüf qaldan (sözdən) çox hal işidir. Bu səbəblə təsəvvüfün sadəcə qeylü-qalını edib tətbiqatına və hal tərəfinə riayət edilməzsə, belə bir təsəvvüfi həyat bal ilə dolu olan qabı çöldən yalayıb ağızın şirin olmasını gözləmək kimi əbəs əməldən başqa bir şey olmaz. Ona görə də təsəvvüfdə “dadmayan bilməz” deyilmişdir.
İman, irfan, ehsan, gözəl əxlaq, ixlas və təqva kimi hər möminin sahib olması gərəkən ali vəsflər sadəcə sözdə qalmamalı, qəlbən mənimsənilərək hal və davranışlara da əks etməlidir. Allah-Təala biz qullarına belə sual edir:
“İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?”. (əl-Ənkəbut, 2)
Həmçinin Qurani-Kərimdə əbədi qurtuluşa nail olacaq insanların ən mühüm vəsfini bəyan məqsədi ilə bir çox ayədə “iman gətirib saleh əməl işləyənlər” ifadəsi yer alır. Yaxud “ey iman edənlər” xitabından sonra möminlərin nə kimi əməllər işləməsinin vacibliyinə dair ilahi təlimatlar yer alır. Yəni çox vaxt iman ilə saleh əməllər birlikdə zikr edilir.
Çünki saleh əməllər gerçək imanın dəlil və isbatı mahiyyətindədir. Saleh əməllərlə isbatını tapmayan imanın həqiqi olub-olmadığı şübhə altındadır.
Belə olan təqdirdə iman etməyi kifayət görüb saleh əməllər işləməyən, Allah yolunda fədakarlıq edərək çalışmayan, üzrsüz yerə qulluq vəzifələrinə laqeyd qalan bir adamın bu qədər az qulluqla son nəfəsdə, qəbirdə, qiyamətdə, məhşərdə, siratda, xülasə, əbədi həyatda qurtulacağını ümid etməsi xam xəyaldan və faydasız təmənnadan başqa bir şey deyil.
Halbuki İslam alimlərinə görə, ümid və təmənna arasında böyük fərq var. Ümid çalışıb əldən gələni etdikdən sonra Allahın rəhmətinə sığınıb güvənməkdir. Təmənna isə hər hansı bir əməl işləmədən quru-quruya lütf və rəhmət gözləməkdir.
Mömin “xovf və rəca”, yəni Allah-Təalanın qəzəbinə uğramaq qorxusu və rəhmətinə nail olmaq ümidi arasında etidal üzrə bir qulluq həyatı yaşamalıdır. Lakin irfan əhli olan alimlər eynilə məqbul bir təvəkkül üçün əvvəla tədbirin zəruri olması kimi, rəcada, yəni ümiddə də saleh əməllərin zəruri olduğunu ifadə ediblər.
Bu barədə Məruf Kərxi həzrətləri belə buyurmuşdur:
“Əməlsiz cənnət istəmək günahlardan bir günah; bir səbəbə söykənmədən şəfaət gözləmək bir növ aldanış; itaət etmədən Allahın rəhmətini ummaq da cəhalət və axmaqlıqdır”. (Bax. İbn Acibə, İqazul-Himəm, 174-175)
Təsəvvüfi mühitlərdə məşhur bir deyim var:
“Baba himmət ! Övlad qeyrət !” - deyirlər. Yəni himmət/yardım gözləyən biri az-çox əməl sahibi olmalıdır. Çünki zəhmətsiz rəhmət, külfətsiz nemət olmaz. Allah-Təalanın rəhmətini ümid edən bir qul da əvvəla əlindən gələn səyi göstərməlidir.
Xülasə, quldan hərəkət, Allahdan bərəkət.
Allah-Təala lütf-kərəmi ilə hər birimizə Quran və Sünnə istiqamətində ömür yaşamağı, sevdiklərinin yolunda addımlamağı və saleh bəndələri ilə həşr olunmağı ehsan etsin.
Amin!..
[1] Bax. Aziz Mahmud Hüdayi, Sohbetler (Hazırlayan: Safi Arpaguş), 8. Sohbet, shf. 91, Vefa Yay. İst. 2010.
[2] Beyhəqi, Şuab, III, 305; İbnul-Cövzi, Təlbisu İblis, s. 151.
[3] Xatib əl-Bağdadi, əl-Kifayə fi İlmir-Rivayə, əl-Mədinətul-Münəvvərə, əl-Məktəbətul-İlmiyyə, s. 121.
[4] Quşeyri, Risalə, s. 57, 416-417.
[5] Bax. əl-Fatihə, 5.
[6] Dəhan: Ağız.
ŞƏRHLƏR