Yeniləcəksiniz!
“Kafirlərə de: “Siz məğlub olacaqsınız və cəhənnəmə yığılacaqsınız!” (Ali-İmran, 12)
Məlum olduğu kimi, yaxın günlərdə İsveçin paytaxtı Stokholm şəhərində məlum ünsür tərəfindən Qurani-Kərimin yandırılması və İslamın toxunulmaz dəyərlərinin təhqir edilməsi bütün dünya müsəlmanları, eləcə də ölkəmizdə yaşayan müsəlman cəmiyyət tərəfindən etirazla qarşılanıb. Əlbəttə ki, bu nə ilkdir, nə də son olacaq. İslam tarixini vərəqləyərkən ta nübüvvətin ilk illərindən etibarən Hz. Peyğəmbərə və onun gətirdiyi İslam dininə qarşı olanların düşmənçilikdə ən son həddə vardıqlarını, insanlığa sığmayan tədbirlərə əl atdıqlarını məyusluqla oxuyuruq. İslamın gerçəkləri qarşısında batil inanclarını müdafiə edə bilməyənlər hələ Əsri-Səadət dövründən etibarən Allahın dininə, Onun Rəsuluna və inananlara qarşı qarayaxma, yalan, böhtan və tutarsız arqumentlərlə düşmənçiliklərini davam etdiriblər. Qadın-kişi, uşaq-qoca fərqi qoymadan bütün müsəlmanlara qarşı boykot elan edərək onları qida qıtlığı ilə öldürməyə, yaxud da dindən döndərməyə çalışıblar. Heç bir vicdanın qəbul etmədiyi bu kimi hallara tarixin sonrakı mərhələlərində də rastlayırıq. Orta əsrlərə qara ləkə kimi düşən xaçlı yürüşləri nəticəsində Orta Şərqin bir çox şəhərlərində, bugünkü İspaniyanın göbəyində sırf müsəlman olduğu üçün yüz minlərlə günahsız insan öldürülmüş, dinimizin müqəddəs dəyərləri heçə sayılaraq ayaqlar altında əzilmişdir. Lakin Allaha savaş açanlar heç vaxt məğlubiyyət zillətinə düçar olmaqdan özlərini qurtara bilməmişlər. Bu savaşda tək gerçək var: YENİLƏCƏKSİNİZ!
Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün də dünyanın bəzi dırnaqarası mədəni ölkələrində aparılan islamofobiya təbliğatı nəticəsində nadan və cahil ünsürlər müsəlmanları qıcıqlandırmaq, onların heysiyyətini zədələmək məqsədi ilə insanlığa, eləcə də tez-tez dəm vurduqları “vicdan azadlığı”, “insan haqları” kimi kriteriyalara zidd davranışlar sərgiləyirlər. Müqəddəs kitabımız Qurani-Kərimin yandırıldığı sonuncu mənfur hadisənin Türkiyə səfirliyi qarşısında həyata keçirilməsi Avropada, eləcə də bütün dünyada günü-gündən yüksələn türk-müsəlman imicinin bəzilərini çox narahat etdiyindən xəbər verir. Türkdilli dövlətlərin, eləcə də əksər əhalisi müsəlman olan bir sıra ölkələrin Türkiyə ətrafında birləşərək gücə çevrilməsindən təlaşa düşənlər bu birliyi pozmaq, bu gücü zəiflətmək üçün bütün vasitələrə əl atırlar. Alınan tədbirlərin nəticəsiz qaldığını görüb kin və nifrətlərini cilovlaya bilmədiklərindən bu kimi iyrənc yollara baş vurduqlarını müşahidə edirik. Yandıraraq gözdən sala biləcəklərini düşündükləri Quran onlara belə səslənir: “Ölün acığınızdan, gəbərin kininizdən!” (Ali-İmran, 119)
Əslində yaşanan bu hadisə bir neçə il əvvəl Avropa mətbuatında yayımlanan və İslam Peyğəmbərini toplum nəzərində etibarsızlaşdırmağa hesablanan karikaturaların, müsəlmanların müqəddəs dəyərlərini məsxərəyə qoyan kortəbii axının bir davamıdır. Tarixin istənilən çağına baxsaq, insanlığa yaraşmayan bu kimi iyrənc hərəkətlərin bugünkü Avropanın genlərindən gəldiyini görərik. Şüuraltında “bizdən olmayanlar ölümə məhkumdur” düşüncəsi yatan Avropa dövlətləri nəinki İslama, bir vaxtlar öz dindaşlarına qarşı da eyni iyrənc rəftarı sərgiləmişdir. Xristian olduğu halda sadəcə katolik olmadığı üçün bir gecədə (Varfolomey gecəsində) öldürülən on beş min protestanta söz və vicdan azadlığı verməyənlərin nəvələri bu gün eyni qəddar hisslərlə müsəlmanlara diş qıcayırlar. Dünyaya mədəniyyət dərsi verən Avropa nədənsə dilini, dinini, irqini, müqəddəs dəyərlərini heçə sayaraq müstəmləkəyə çevirdiyi Afrika ölkələrini, törətdiyi Hindistan, Əlcəzair qətliamlarını, ehtirasları ucbatından Birinci və İkinci Dünya müharibəsində öldürülən milyonlarla insanı görməzdən gəlir. Eynilə bir dinin kitabını yandıraraq milyonlara sataşan hansısa tüfeyliyə müdaxilə etmək yerinə baş verənlərə sadəcə kənardan seyrçi qalmaqla kifayətlənən İsveç polisinin laqeyd duruşu bizə bir yerdən tanış gəlməlidir, əslində. Bəli, Xocalı soyqırımını tamaşa etdiyi halda hələ də ona gərəkli qiyməti verməyən, hələ də erməni cəlladlarına havadarlıq edən dırnaqarası mədəni Avropa duruşudur bu.
Dünyanın heç bir yerində müsəlman olduğunu söyləyən bir adamın İncil və ya Tövratı yandırdığını görə bilməzsiniz. Çünki hər şeydən əvvəl mədəni dəyərlərimiz bunu bizə qadağan edir. Kitabımız bizə başqalarının dininə, milli və irsi dəyərlərinə ehtiramla yanaşmağı təlqin edir. Hətta “Allahdan başqasına dua edənlərə (sitayiş etdiklərinə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər...” (əl-Ənam, 108) – deyə müşriklərin sitayiş etdiyi bütlərə belə söyməyi bizə qadağan edir. Quranı yandıran nadanlar bir anlıq ayaq saxlayıb onda yazılanları oxusaydılar, bəlkə də, bu ayəni görüb utanardılar. Gerçəkdən utanardılarmı, görəsən?!
İnsanlıq şərəfinə ləkə olan bu hadisə mərhum mütəfəkkir Aliya İzzetbeqoviçin məşhur sözünü bir daha düşünməyə vadar edir. Belə deyirdi, ulu bilgə: “Bunu unutma, oğul! Qərb dünyası heç vaxt mədəni olmamışdır. Bugünkü rifah səviyyəsi davam edən müstəmləkəçilik, tökdüyü qan, axıtdığı göz yaşları və çəkdirdiyi acılar üzərinə qurulmuşdur!”
ŞƏRHLƏR