Qabiliyyət

Qabiliyyət

Rəbbimiz insana bir çox qabiliyyət verib. Bəzi insanlara Allah xüsusi elm verir. Peyğəmbərlər bəşər olsalar da, onlara gələn vəhy və hikmət sayəsində çox yüksək səviyyədə şəxsiyyətə və xarakterə sahib olurlar. Elə insanlar var ki, peyğəmbər deyillər, amma onlara da bəzi qeyri-adi qabiliyyətlər verilib. Bir neçə misal çəkək; Qurandan örnəklər verərək məsələyə açıqlıq gətirək:

Quranda Talut adında bir hökmdar haqqında danışılır. Ayədə bəhs edilən “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə güvvətləndirdi” məsələsi ona Allah tərəfindən verilmiş xüsusi bir qabiliyyət - “vergi” barədə bizə xəbər verir.

Həzrət Məryəm peyğəmbər olmasa da, ona qeyri-adi güc verilmişdi. Necə ki, o, təkbaşına evindən uzaqda hamiləlik müddətini keçirdi və doğum əsnasında da təkbaşına qaldı. Həzrət Məryəm həm fiziki olaraq çox dözümlü, həm də mənəvi olaraq sarsılmaz iradə sahibi idi. Fiziki olaraq qeyri-adi güclü olmasının səbəbini bir az əvvəl xatırlatdıq. İndi isə mənəvi dözümündən danışaq. Bunun üçün Qurana müraciət edək: “Nəhayət, o, körpəni götürüb öz qövmünə gətirdi. Onlar dedilər: “Ey Məryəm, həqiqətən, sən böyük bir qəbahət işləmisən! Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da iffətsiz deyildi”. (Məryəm, 27-28) Bu ayələrdə açıqlandığı kimi, Həzrət Məryəmə çox ağır böhtanlar atıldı. Bu böhtanlara, iftiralara səbir edərək susmaq, heç bir cavab vermədən dözə bilmək hər igidin karı deyil; üstəlik, hamiləlik, doğum və təklik kimi insanın tükənməsinə səbəb olan bir həyat tərzindən sonra. Nəticə olaraq, Allah, Həzrət Məryəmə xüsusi olaraq maddi və mənəvi dözüm bəxş etmişdi.

Zülqərneyn adında bir bəndəyə Allah hər şeyin səbəbini vermişdi. Ona verilən xüsusi elm vergisi ilə o, hər yerə gedir, hər xalqla onların dilində əlaqə qurur, insanların dərdlərinə çarə axtarırdı. (əl-Kəhf, 84-98)

Fironun xanımından bəhs edən ayələrə baxaq: “Allah iman gətirənlər üçün də Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi”. (ət-Təhrim, 11) Bu ayələrdən görüldüyü üzrə, Allah, Fironun zövcəsinə xüsusi qabiliyyət, bəsirət, fərasət və iman gücü bəxş etmişdi. Allahı inkar edən bir millətin içində, inkar əhli olan sarayda, Firon kimi həm imansız, həm də qəddar bir insanın ailəsində yeganə imanlı insan (zövcə) olmaq hər kəsə nəsib və müyəssər (asan) olmaz. Nəsib olsa da, müyəssər olmaz; necə ki, Firon ona çox işgəncələr verdiyi halda öz imanından üz döndərmədi. Ölüm əsnasında Allahdan cənnətdə bir ev nəsib etməsini arzuladı.

Üç yüz ildən daha çox yuxuya qərq olan mağara gəncləri Allah tərəfindən onlara verilən xüsusi bir qabiliyyət sayəsində bu qədər müddət mağarada çürümədən, iylənmədən, sağlam şəkildə qaldılar. Bu bir möcüzə idi, amma bu möcüzəni ortaya çıxaran bəzi amillər var idi. Bu amillərin birincisi onlara verilən güclü iman, ikincisi onlara verilən güclü bədəndir. Bu o deməkdir ki, Allah onlara maddi və mənəvi qeyri-adi güc, bacarıq vermişdi. Quran ayəsində: “Onların qəlblərinə qüvvət (cəsarət) verdik”, - buyurulur. (əl-Kəhf,14)  Deməli, onlara xüsusi bir vergi verilmişdi və məhz bu vergi ilə onlar cəsarətə gələrək zalımın qarşısına qorxmadan çıxdılar. Bir digər məsələ isə üç yüz ildən çox yatmaq qabiliyyəti idi ki, bu qabiliyyətin özü də Allah tərəfindən onlara verilən bir növ vergi sayılır.

Qaruna verilən (imtahan vəsiləsi) “vergi”dən də danışmaq yerində olardı. Qarunun sərvətinin çoxluğu barədə Quranda ayələr var. O, elmi və sərvəti ilə qürrələnirdi. Əvvəlcə Həzrət Musaya iman edən Qarun dünya malına olan tamahı ucbatından münafiqliyə yönəlmiş və beləliklə də, məhv olmuşdu. Allah, ona, başqa insanlara vermədiyi imkanlar vermişdi. Hətta ona xüsusi elm vergisi verilmişdi, amma o, bu elmi özünə nisbət etdi. Sərvətin və xəzinələrin əsl sahibi olduğunu və bunlara öz elmi ilə nail olduğunu zənn edərək Allaha qarşı nankorluq etdi. Allah da onu malı və mülkü ilə birlikdə yerin dibinə batırdı. (əl-Qasas, 76-81)

Gördüyümüz kimi, insanlar müxtəlif cür nəsib sahibidirlər. Peyğəmbərlərə vəhy, bəzi bəndələrə xüsusi qabiliyyətlər, bir çox insana da bilinməyən sirlər bəxş edilmişdir. Peyğəmbərlərə verilən qabiliyyətlərə vəhbi vergi[1], seçilmiş qullara verilənə kəsbi vergi[2], sadə bəndələrin çalışaraq əldə etdiklərinə isə kəsbi qabiliyyətlər[3] deyirik. İstədiyi bəndələrini seçən və fərqləndirən Rəbbimiz bəxş etdiyi bu imkanları onlar üçün imtahan vəsiləsi etmişdir.

 

[1] Verilmiş, sırf vergi

[2] Qismən vergi, qismən qazanılmış

[3] Qazanılmış

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz