Bir Hədis
عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرَةَ، عَنْ أَبِيهِ، أَنَّ رَجُلًا قَالَ: يَا رَسُولَ اللَّهِ أَيُّ النَّاسِ خَيْرٌ، قَالَ: مَنْ طَالَ عُمُرُهُ، وَحَسُنَ عَمَلُهُ، قَالَ: فَأَيُّ النَّاسِ شَرٌّ؟ قَالَ: مَنْ طَالَ عُمُرُهُ وَسَاءَ عَمَلُهُ
Əbdürrəhman ibn Əbi Bəkrənin atasından rəvayət etdiyinə görə, bir nəfər Rəsulullahdan (s.ə.s): "Ya Rəsulallah! Hansı insan daha yaxşı insandır?" - deyə soruşmuş, Allah Rəsulu (s.ə.s) ona: "Ömrü uzun, əməli gözəl olan", - cavabını vermişdi. Həmin şəxs: "Bəs hansı insan pis insandır?" - deyə soruşanda Rəsulullah (s.ə.s): "Ömrü uzun, əməli pis olan", - cavabını vermişdi. (Tirmizi, Zöhd, 22)
Allaha itaət edən insanın ömrü uzun olarsa, ibadətləri də çox olar. Çünki ömrü uzandıqca etdiyi saleh əməllər də çoxalar və beləliklə, Allaha daha çox yaxınlaşar. Bu səbəblə də Allah Rəsulu (s.ə.s) qeyd etdiyimiz hədisində yaxşı insan olmaq üçün təkcə ömrün uzun olmasının kifayət etmədiyini bildirmiş, uzun ömürlə yanaşı, əməllərin də gözəl olmasına diqqət çəkmişdir. İnsan ömrünü Allaha itaət edərək keçirərsə, xeyirli (yaxşı) insan olar. Lakin Allahın ona bəxş etdiyi ömrü boş işlərə sərf edər və ona verilən bu fürsəti qaçırarsa, o insan pis insan olar. Allah Rəsulu (s.ə.s) səhabənin soruşduğu ikinci suala cavab verərkən bu xüsusa diqqət çəkmişdir. Qurani-Kərimdə Uca Allah (c.c) belə buyurur: "Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır". (Ali-İmran, 3/178) Ayədən də görüldüyü kimi, Allahın insana uzun ömür verməsi insan üçün hər zaman yaxşılıq mənasına gəlmir. Allah dünyada ikən hər kəsə bir çox nemətlər - sağlamlıq, uzun ömür, övladlar, mal-mülk, sərvət və s. bəxş edir. Bu nemətlərin qədrini bilməyən insan üçün bunların hər birisi xeyir deyil, əslində, şərdir. Çünki belə insan bu nemətlərə qarşı şükür etmək əvəzinə nankorluq edər və ömrü uzandıqca günahları da artar. ət-Tıbi vaxtın və ömrün dəyərini anladarkən belə demişdir: "Vaxt və ömür tacirin sərmayəsi kimidir. İnsan özünə faydalı olan işlərlə məşğul olmalıdır. Sərmayə çox olarsa, qazanc da çox olar. Kimin gözəl əməlləri çox olarsa, qazanar və qurtuluşa çatar. Kim də əlindəki sərmayəni itirərsə, heç bir qazanc əldə etməz və ziyana düşər".
Nəticə olaraq, ömür insana verilən çox dəyərli bir nemətdir. İnsan bu dəyərin qədrini bilərsə, həm dünyanı, həm də axirəti qazanar. Lakin bu nemətin qədrini bilməzsə, axirətdə böyük ziyana düçar olar. Allah Rəsulu (s.ə.s) bir hədisində ömrünün qədrini bilib axirəti üçün çalışan insanı “ağıllı insan” olaraq adlandırmışdır. (Tirmizi, Qiyamət, 25)
ŞƏRHLƏR