İbadətin xülasəsi namazdır

İbadətin xülasəsi namazdır

İstanbul Səbahəddin Zaim Universitetinin müəllimi Dr. Ahmed Hamdi Yıldırım:

“İbadətin xülasəsi namazdır”.

 İrfan: Jurnalımızın bu sayını “namaz” mövzusuna həsr edirik. Sizinlə də görüşmə fürsəti əldə etmişkən bu mövzu ilə bağlı düşüncələrinizi almaq istədik. Əvvəllər insanlar daha çox namazı necə qılacaqları ilə maraqlanardılar, indiki gənc nəsil isə niyə namaz qılmalıyam deyir. Bu sual qarşısında cavabınız nə olardı?

Dr.A.H.Yıldırım: Əvvəla jurnalınızın kollektivinə təşəkkür edirəm. Həqiqətən, ölkənizin elm və irfanına böyük töhfə verirsiniz. Sualınıza gəldikdə, Peyğəmbərimiz (s.ə.s): “Namaz dinin dirəyidir”, - buyurur. Allah-Təala insanların və cinlərin varlığının hikmət səbəbini “Allaha ibadət etmək” olaraq bəyan edir. İbadətin xülasəsi namazla ifadə edilir. Namazı olmayan bir möminin imanla əlaqəsi çox zəifləmiş olar. İman insanı Allaha ibadətə sövq edir. Bir insan “mömin” olduğunu deyirsə, onun mütləq Allaha qarşı bir ibadət məsuliyyəti var. Çünki bizi yaradan, yaşadan, hər cür nemətləri ilə təmin edən Odur. İnsan, məsələn, səhər işə gedir, axşam qayıdır, ay sonunda da gördüyü iş müqabilində cibinə müəyyən miqdar məvacib qoyurlar. O adam oradan maaş alıram deyərək o müəssisəyə xidmət etməyə davam edir. Allah-Təala bizim ən əsas ehtiyacımız olan havanı, nəfəsi, bədəni bizə verdiyinə görə Ona qarşı da bir xidmət – qulluq məsuliyyətimiz var. Bunun əsası namazdır. Bir insanın özünü namazdan azad görməsi bir şirkətdən maaş aldığı halda ora üçün heç bir iş görmək istəməməsinə bənzəyir.

- Belə bir sual ortaya çıxır: Allahın bizim ibadətimizə ehtiyacı yoxdur, elə isə niyə ibadət edək, niyə namaz qılaq?

- Bəli, yerində bir sualdır. Əlbəttə, Allah-Təalanın bizim heç bir şeyimizə ehtiyacı yoxdur. Allah Saməddir – varlığı üçün heç nəyə möhtac deyildir. Lakin biz Ona ibadət etməyə, Ona inanmağa möhtacıq. Maddi və mənəvi mənada Ona möhtacıq. Bu gün psixoloji müalicələrdə belə bir terapiya üsulundan istifadə edilir: insanları bəzi problemlərindən qurtarmaq üçün onlara xüsusi inziva yerlərinə, tənha bir yerə çəkilmələri və orada ən çox güc, qüdrət sahibi olduğuna inandığı nə varsa, onun adını yüksək səslə dilə gətirmələri tövsiyə olunur. Bir müsəlman üçün bunun mənası yüksək səslə “Allah, Allah” deməsidir. Çünki bizə görə ən böyük qüdrət sahibi odur. Bu yolla insan daxili aləmindəki qorxularını, narahatlıqlarını ortadan qaldırar. Bu bir həqiqətdir ki, insanın inanmağa ehtiyacı var. İnanmaq bizim maddi və mənəvi yöndən ayaqda qalmağımız üçün zərurətdir. Deyə bilərsiniz ki, bu gün dünyada bu qədər müsəlman var, inanan insan var, onların problemi yoxdurmu? Həqiqi mənada inanan insanın problemi olmaz! Yoxsa sırf inandım deməklə iş bitmir. Qurani-Kərimdə belə buyurulur: “Müsəlmanıq deyərək Allaha minnət qoymağa çalışmayın! Əgər minnət edəcək biri varsa, o da Allahdır ki, sizə hidayət verdi”. Başqa bir ayədə bu cür insanlara xitabən buyurulur: “Siz iman etdik deməyin, təslim olduq deyin!”. Yəni sözdən ibarət bir müsəlmanlıq ilə insanın daxilinə nüfuz edən möminlik arasında dağlar qədər fərq var. İnsan imanın həqiqətini mənimsəyə bilərsə, o zaman Allaha qulluğun zövqünə, dadına, ləzzətinə vasil olar. Bu yönü ilə ibadət bizim ehtiyacımızdır. Qulluq bizim ehtiyacımızdır. Düşünün, uşaqlarımıza öyrədirik ki, biri bir yaxşılıq etsə, ona təşəkkür etməliyik. O təşəkkürə görə qarşı tərəf maddi bir şey qazanmaz. Amma siz övladınızın tərbiyəsini qazanmış olarsınız. Bunun kimi, Allahın yaratdığı insanın da insan kimi qala bilməsi üçün bəzi qaydaları mənimsəməsi lazımdır. Özünə ən böyük yaxşılığı edən, yoxdan var edən, aləmin ən şərəflisi, yaradılmışların ən dəyərlisi edən Rəbbinə qarşı belə bir tərbiyə göstərməyən insanın halı necə olar?! Allaha qarşı vəzifəsini yerinə yetirməyən insan ətrafındakılara, digər insanlara qarşı necə davranar?! Allaha qulluqdakı məqsəd öz-özümüzə yaxşılıq etməkdir. Bu mənada namaz özümüzə etibar qazandırmaq, dəyər qatmaq fəaliyyətidir. Yoxsa ki, hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) buyurur: “Sizin hamınız dünyadakı ən müsəlman adam kimi olsanız, Allaha bir faydanız olmaz. Sizin hamınız yer üzündəki ən günahkar, ən üsyankar adam kimi olsanız, yenə də Allaha bir zərəriniz olmaz”. Bizim nəyə gücümüz çatar ki?! Hər şey Allahın əlindədir. Allah yaratdığı şeyə möhtac olmaz. Əgər yaratdığına möhtac olsaydı, o zaman Allah olmazdı. Niyə bizi başıboş buraxmır?! Çünki bu bizim zərərimizə olar. Buna görə bütün əmr etdiyi və qadağan etdiyi şeylərin arxasında mütləq biz insanların faydası var.

- Namazın bu şəkli peyğəmbərimizdən əvvəl də var idi, yoxsa sonradan şəkillənib?

- Biz bilirik ki, Allah-Təalanın Hz. Adəmlə (ə.s) göndərdiyi din İslamdır. Bütün peyğəmbərlər bir-birini təsdiq edərək gəliblər, qardaşdırlar. Hamısının dini eynidir, İslamdır. Hər peyğəmbər öz dövründə bu dini təmsil edib. Peyğəmbərimiz də bu dinin son təmsilçisidir. Allah-Təala: “Bu gün sizə nemətimi tamamladım, kamilləşdirdim və sizə İslamı din olaraq münasib gördüm” ayəsi ilə də dinin adının “İslam” olduğunu ifadə edir. Odur ki, bu dində inanc əsasları Hz. Adəmdə olduğu kimi eynilə davam edir. Təməl ibadətlər də davam edir: məsələn, həcc və qurban ibadəti Hz. Adəm (ə.s) dövründə də var idi. Sonra insanlar yoldan çıxaraq bunu unutduğu zaman İbrahim (ə.s) gələrək, əvvəlki bünövrəsi üstündə Kəbəni yenidən inşa etdi. Yer üzündə işlənən ilk cinayət anladılarkən Habil və Qabilin qurbanlarından bəhs edilir. Habilin qurbanı qəbul edilir, Qabilinki isə yox. Çünki Qabil buna diqqətlə yanaşmamışdı, qurban olaraq məhsulun yaxşı olmayanını təqdim etmişdi. Oruc ilə bağlı ayədə də ifadə edilir ki: “Sizdən əvvəlkilərə fərz buyurulduğu kimi oruc sizə də fərz edildi”. Orucun tutulma qaydalarında bəzi fərqliliklər ola bilər. Məsələn, İslamın ilk illərində iftar edən şəxs yatardısa, artıq növbəti günün orucuna başlamış sayılırdı. Hətta Mədinə dövrünün ilk illərində belə bir hadisə baş verir: Həzrət Ömər iftarı gözləyərkən yuxuya gedir. Ayılanda görür ki, artıq iftar vaxtı keçib. Beləliklə, növbəti günün orucuna başlamış sayılır, onu tamamlamalı olur. Ayələr nazil olduqdan sonra orucun başlama saatı, hansı ay tutulacağı, orucun gündüzündə və gecəsində icazə verilən təfərrüatlar aydınlıq tapır. Yəni belə fərqlər olsa da, ibadətlərin özü, əsli hər dövrdə var olmuşdur. Peyğəmbərimizə enən vəhy ilə son halını almışdır. Namaz da Həzrət Adəmdən bəri var! Necə ki, namazın rüknü olan səcdə əvvəla mələklərin Adəmi qəbul etməsi mərhələsində zikr edilir. O səcdəyə şükür mahiyyətində Adəm özü də səcdə edir. Dolayısilə Allahın hüzurunda səcdə etmək, rükuya getmək, qiyamda dayanmaq Adəm (ə.s) ilə başlayan, hətta ondan da əvvəl mələklər ilə var olan ibadətdir. Yenə hədislərdən öyrənirik ki, namaz hərəkətləri ilə məmur olan mələklər var. Bəzi mələklər daim səcdə halındadır, bəziləri daim qiyam halında, bəziləri rüku halındadır... Peyğəmbərimizin (s.ə.s) Məkkə dövründən etibarən səhər-axşam namaz qıldığını bilirik. Ətrafındakı müsəlmanlar da həmçinin. Meracda bu say beş vaxt olaraq fərz buyurulur. Hətta bu beş vaxtın gündüz namazlarında – günorta və ikindidə müşriklər onları narahat etdiyi üçün səssiz qiraət edirdilər. Bəs yaxşı, səssiz qiraət etdikləri zaman onların əyilib-qalxmasından, səcdə etmələrindən namaz qıldıqlarını başa düşmürdülərmi? Buradan belə çıxır ki, onlar da (müşriklər də), ola bilsin ki, İbrahim peyğəmbərdən qalan Kəbəyə üz tutub ibadət etmək vəcibəsi kimi əyilib qalxırdılar. Müsəlmanların namaz qıldıqlarını onların açıqdan, yüksək səslə Quran oxumalarından ayırd edirdilər. Yəni onlar üçün namazı ayırd edən əsas fərq Quran idi. İbadət Adəm (ə.s) dövründən etibarən başlayır, İbrahim (ə.s) dövründə də davam edir. Qurani-Kərimdə də buyurulur: “Beytimi (Kəbəni) təvaf edənlər, orada etikaf edənlər, rüku və səcdə edənlər üçün təmizləyin”.  Demək ki, rükusu və səcdəsi olan bir ibadət var və bunu Kəbədə yerinə yetirirdilər. Dolayısı ilə, namaz Peyğəmbərimizlə başlayan bir ibadət deyil, amma son şəklini Peyğəmbərimizlə alıb.

- Təşəkkür edirik, Ahmed bəy.

- Mən də təşəkkür edirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz