Nüsrət Bişkekdə

Nüsrət Bişkekdə

Axşamdan bəri qar yağır. Hər qəməri ayın 13-14-15-i bədrlənmiş ay səbəbi ilə “aydınlıq günlər - əyyami biyz” orucu tutulur. Qar ilə birlikdə “aydınlıq gecələr” başlayır.

Səhərin erkən saatlarında yoldayam. Narın qar yağır. Duzlama və kürümə işləri davam edir. Qar yığınlarının üstünə duz səpmək, dincəlməsinə imkan vermədən kürüyüb süpürmək cinayət deyil bəs nədir? Payızda tökülən yarpaqlara natəmizlik kimi baxmaq da bağışlanmaz rəftardır.

“Bu şəhərdə insanından heyvanına ac, susuz, dərmansız, soyuqda yaşayan saysız qulların var, Allahım! Biz bu qar nemətinə nail olacaq nə etmişik? Bu qədər üsyana, bu qədər zülmə bu qar dənələri çox deyilmi?” – deyə düşünə-düşünə gedirəm. Gəldiyim nəticə: Allah mənim kimi xəsis deyil ki! Mərhəmətdən nəsibi az olan insanlar xəsislik, qəzəb və düşmənçilik səbəbi ilə dünyanı müharibəyə, xaosa və qıtlığa sürükləyir. Sualımın cavabını İsra surəsinin 100-cü ayəsində tapıram: “De ki: Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. İnsan çox xəsisdir!”

Göydən yağış və qar yağır. İnsanlar da təyyarə və helikopterlərdən bomba və raket yağdırırlar. İki yağdırma arasında necə də böyük fərq var. İnsanların yağdırdığı bombalardan bitkilər, heyvanlar, insanlar və daş binalar zərər görərkən, Allahın göndərdiyi yağış və qar hər kəsə şəfa və rəhmət olur. Uca Allah: “Məndən istəyin, verim!” – buyurur. (əl-Mumin, 60) Qullar isə istəyənləri eşitməmək, görməmək, bilməmək üçün üç meymun təqlidi edirlər. Allah vermək istəyir, qullar isə almaq.

“O, göydən yağış endirdi və onunla sizin üçün ruzi olan müxtəlif meyvələr yetişdirdi”. (əl-Bəqərə, 22) Ayənin zahiri mənasına əlavə olaraq Ruhul-bəyan təfsirində bu açıqlama yer alır: “Ayədəki sudan məqsəd Qurani-Kərimdir. Haqq-Təala Quran suyu ilə qullarının qəlb tarlasından gözəl meyvələr çıxardar. Bu meyvələrdən heyvanların da nəsibi və istifadəsi var. Quran suyunun meyvələri hidayət, nur, rəhmət, şəfa, bərəkət, gözəl əxlaq və sevgidir”.

Allahım! Yağış və qar ilə təbiəti təmizləyib həyat verdiyin kimi, Quran ilə də bizə və bütün dünyaya həyat ver, təmizlik bəxş et!

Qarlı yolda gedərkən qabağımda gedən, yolu duzlayan bir maşının yük yerinin arxasında Nüsrətin duz atarkən çəkilmiş şəklini gördüm. Bunun fotoşəklini çəkməsəm olmazdı. Bişkek hara, Nüsrət hara?! Nüsrətin bu şəkli “İrfan” jurnalında yer alacaq. Bu şəkli duzlama maşınına kim yapışdırıb? Yəqin ki, Türkiyəni tanıyan, sosial mediadan xəbəri olan biridir. Dünya həqiqətən də kiçik imiş. Səhərin bu bərəkətli vaxtında yavaş-yavaş öz yolumu gedirəm. Əslində, bu soyuq havada əynində mayka ilə duz səpən Nüsrəti görəndə canımı üşütmə tutur. Qırğız qardaşlarım buradakı lətifəni başa düşürlərmi, görəsən?! Balaca bir kəndə çevrilən dünyada Nüsrət ilə bu cür qarşılaşmaq da varmış.

Vətəni sevmək təkcə söz ilə olmur. İşini ən layiqli şəkildə görən şəxs vətənini ən çox sevəndir. İşi gözəl görmək kamil və sükunətli ruh halında olmağın nəticəsidir. “Allah işini gözəl görənləri sevər”. (Ali-İmran, 148) Yolu duzlayanlar duz işinə yumor da qatıblar; bu böyük şəhərdə Nüsrəti tanıyanların üzündə təbəssüm oyadırlar. Nüsrət özü də, eşitdiyim qədərilə, işini gözəl görür. İbtidai sinif təhsili alan Nüsrətin işini gözəl görməsi və qazandığı şöhrət bizə hər şeyin universitet və diplomla bağlı olmadığını pıçıldayır. Nüsrət qəssab işlədiyi illərdə borc pul ilə Cənubi Amerikaya gedərək heyvanın kəsilməsindən doğranmasına, ətin marinadlanmasından bişirilməsinə və servisinə kimi təcrübə keçir, özünü inkişaf etdirir. Bir reportajında: “Heç vaxt günəş məni oyatmadı, hər zaman erkən qalxdım və gün doğmadan işə başladım”, - deyir. Martin Luther Kingin belə bir tövsiyəsi var: Sizdən küçəni süpürmək tələb olunarsa, Mikelancelonun şəkil çəkdiyi, Bethovenin mahnı bəstələdiyi və ya Şekspirin şeir yazdığı kimi süpürün. Elə gözəl süpürün ki, göydəki və yerdəki hər kəs görəndə “burada dünyanın ən yaxşı süpürgəçisi yaşayırmış” desin.

2022-ci ildə instaqramda 32 milyon izləyici ilə Türkiyə birincisi Nüsrət oldu. Başqa ölkələrdən izləyiciləri ilə birlikdə bu say 50 milyonu keçir. Türkiyədə çox sevdiyim xocalardan birinin instaqram hesabına baxdım; izləyici sayı 300 000-i keçmir. Amma adam ətə duz səpir, əlli milyon nəfər bunu izləyir. Nur üzlü xoca Allaha və Rəsuluna çağırır, izləyici sayı Nüsrətin yüzdə biri qədər də deyil. Bax bu, qiyamət əlamətidir. Gəmidə olanlar, əlbəttə, gəmiyə minməyənlərdən az olacaq, elə deyilmi?! Bayırda güclü tufan var...
Duz səpməklə, yemək bişirməklə, rəqs etməklə, turizm xidmətləri ilə, tarixi əsər və coğrafi gözəlliklərlə məşhur olmaq və pul qazanmaq asandır. Əsl çətin olan elmdə, irfanda, texnikada, kəşflərdə, insani yardım və gözəl əxlaqda yüksələ bilməkdir.


 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz