Taxta qılınc

Taxta qılınc

Qılınc tarix boyu müdafiə və hücum aləti vəzifəsini görən bir silah növü olmuşdur. Qılıncla edilən zülmlər, haqsız axan qanlar olduğu kimi, onunla həyat tapan yerlər, firavanlaşan diyarlar da olmuşdur. İstifadə məqsədindən asılı olaraq, caninin əlində zülm aləti, mərdin əlində isə vətəni, dini, dövləti və namusu qorumaq üçün vasitə olmuşdur. Neçə-neçə diyarlar qılıncla fəth olunaraq İslamın nuru ilə şərəflənmişdir.

Qılınc bir çox mədəniyyətlərdə  güc, bolluq və hökmün rəmzi hesab olunmuşdur. İslamda da qılınc önəmli bir simvol sayılır.

Qılınc mahiyyət olaraq iki şeyi ifadə edir: Biri, yuxarıda da bəhs etdiyimiz döyüş vasitəsi olan soyuq silahdır. Digəri isə məcazi mənada işlədilən qılıncdır.  Biz bu yazımızda hədislərdə də bəhs olunan məcazi mənada işlədilmiş “taxta qılınc”dan bəhs edəcəyik.

Hz. Peyğəmbər (s.ə.s) hədislərinin birində belə buyurur: “Müsəlmanlar arasında fitnə meydana gəldiyi zaman özünə taxtadan qılınc düzəlt”. (Tirmizi, Fitən, 33)

Muhamməd bin Məsləmə Hz. Peyğəmbərin ona belə əmr etdiyini deyir: “Ey Muhamməd b. Məsləmə, müsəlmanlar içində fitnələr, ixtilaflar olacaqdır. Belə olduğu zaman sən qılıncını qır, oxlarını sındır”. (İbn Macə, Fitən, 10)

Üdeysə bint Ühban belə nəql edir: “Müsəlmanlar arasında ixtilafların başladığı, fitnələrin çoxaldığı bir vaxtda atamın yanına bir qrup gələrək ondan kömək istədi. “Ey Əbu Müslim, bunlara qarşı bizə kömək etməyəcəksənmi?” – dedilər. Əbu Müslim: “Əlbəttə, edəcəyəm”, -  cavabını verdi və xidmətçisini çağıraraq qılıncını gətirməsini söylədi. Xidmətçisi qılıncı gətirdi. Əbu Müslim qılıncı qınından çıxartdıqda onun taxtadan olduğunu gördülər. Təəccüblə Əbu Müslimə: “Axı bu qılınc taxtadandır”, - dediklərində, Əbu Müslim onlara belə cavab verdi: “Hz. Peyğəmbərə (s.ə.s), əgər müsəlmanlar arasında fitnə və ixtilaf çıxarsa, əsl qılıncımı qırıb onun yerinə taxta qılınc düzəldəcəyimə dair söz vermişəm”.

Buna bənzər başqa bir rəvayət də belədir: Fitnələrin yayıldığı bir dövrdə oğlu Sad b. Əbu Vəqqasa (r.a) nə üçün döyüşlərə qatılmadığını soruşur, o da belə cavab verir: “Sən mənim fitənin başı olmağımı istəyirsən? Vallahi, əlimə möminə vurduqda kəsməyən, kafirə vurduqda kəsən bir qılınc verilənədək döyüşmərəm!”

Təsəvvüf ədəbiyyatında da “taxta qılınc” ifadəsinə rast gəlirik. Bu, insanın nəsfinə qarşı mübarizə aparması, müsəlmanlara qarşı əlindən və dilindən hər hansı bir zərərin gəlməməsi, nəfsi təzkiyə, mənəvi paklanma və mənəviyyatın ucaldılması olaraq ifadə olunur.

Əslində, “taxta qılınc” deyilən bir silah yoxdur. Buradakı rəmzi məna müsəlmanın fitnə zamanında necə bir yol tutacağını, bu cür hadisələr qarşısında tərəf deyil, bu işi uzlaşdıran, məsələlərə bitərəf qalan, ədalətin bərqərar olmasına çalışan biri olmasının vacibliyini ifadə edir.

Taxta qılınca sahib olmaq əsl hədəflərin unudulduğu, istişarə ənənəsinin ortadan qalxdığı, haqlı çıxmağın hər şeydən əhəmiyyətli görüldüyü, insanların başqalarının eyib, qüsur və xətalarını pusduğu, belə bir anı gördükdə onu tənqidə keçdiyi, ilk fürsətdə dostunu, qardaşını satan insanların olduğu zamanlarda müsəlman əxlaqına uyğun və müsəlmana yaraşan bir davranış və duruş ortaya qoymaqdır.

Taxta qılınca sahib olmaq müsəlmanlar arasındakı fikir ayrılığının sanki din ayrılığına çevrildiyi, şəxsi mənfəətin hər şeyin önünə keçdiyi, haqqın bir ölçü olmaqdan çıxdığı vaxtlarda ədalət və həqqaniyyətlə davranmaqdır.

Taxta qılınca sahib olmaq dedi-qodunun, üzə qarşı başqa, arxada isə başqa danışanların çoxaldığı, insanların bir-birinə etibar və güvəninin qalmadığı bir vaxtda heç kimin deyil, haqqın adamı olmaqdır.

Taxta qılınca sahib olmaq fitnə alovu sönüncəyədək, ixtilaflar rəhmətə, fərqliliklər zənginliyə çevrilənədək özünü haqq ilə məşğul etmək, nəfsani, boş və lazımsız işlərə, mübahisələrə bir dəqiqə belə olsun vaxt ayırmamaqdır.

 Taxta qılınca sahib olmaq əsl mahiyyətinə dönmək, hədəfə fokuslanmaq, əsas qayə və məqsədə çatmaq üçün çalışmaq, həyatımızda ehmal etdiyimiz işlərin və davranışların bərpasına çalışmaq, ibadət vəzifələrimizdəki əskikləri tamamlamaq üçün yenidən “bismillah” deyib başlanğıc etməkdir.

Taxta qılınca sahib olmaq ruhu, geni, əqidəni, inancı, kimliyi, vətəni qorumaq və bunu yeni nəsillərə ötürməkdir. Bu işi bezmədən və yorulmadan görmək, söz deyil, iş ortaya qoymaqdır.

Taxta qılınca sahib olmaq xəta və nöqsanları görməzlikdən gəlmək, sakit və susqun durmaq, heç nəyi düşünməmək, dərd etməmək, qarışmamaq deyil. Tam tərsinə, haqqı demək, doğru olanı söyləmək, pisliklərə qarşı sipər olmaq, öyüd-nəsihət etmək, birləşdirmək, uzaqları yaxın etmək və bunu edərkən də dəmir qılınc kimi kəskin və incidici deyil, taxta qılınc kimi zədələmədən, qırmadan, üsluba uyğun etməkdir.

Unutmayaq ki, cəmiyyətimizin islah və iflahı bir-birimizə qarşı dəmir qılınc kimi kəsici, zərər verici olmaqdan sıyrılıb, taxta qılınc kimi zərərsiz olmaqla mümkündür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz