Məscid əhlinin namazla imtahanı

Məscid əhlinin namazla imtahanı

Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma!.. (M.Füzuli)

Misraları görən gənc oxucular bu qəzəlin belə bir jurnalda nə işi var deyə diksinəcək, yaşlı nəslin nümayəndələri isə Sovet dövrünü xatırlayıb köks ötürəcəklər. Sovet ideologiyası öz məkrli siyasətini həyata keçirmək üçün klassik ədəbiyyatımıza da əl uzatmış, qərəzli şərhləri ilə kökümüzü özümüzə düşmən kimi göstərərək gül bağçasını külə göndərməyə səy göstərmişdi. Halbuki o gül bağçasının bağbanları görmədən vurulduqları o gül camalı seyr etmək uğrunda minlərlə gül bağçasını fəda etməyə hazır olan həqiqət aşiqləri idi. Necə ki, dahi şairimiz M.Füzuli “Su qəsidəsi”ndə könlündəki bu dinməz iztirabı kəlmələrlə nəqş edərkən suyun belə bu yanğını söndürmək iqtidarında olmadığını dilə gətirir və yalnız onun feyzi sayəsində təskinlik tapdığını ifadə edirdi:

Ya Həbiballah! Ya xeyrəl-bəşər! Müştaqinəm,

Eylə ki, ləbtəşnələr yanıb dilər həmvarə su.

Sənsən оl bəhri-kəramət ki, şəbi-meracda,

Şəbnəmi-feyzin yetirmiş sabitü səyyarə su...

Bəs Sovetin əmrə müntəzir ideoloqlarının Füzulini ateist kimi göstərməyə cəhd etmələrinə yol verən əsas nə idi? Dahi şairin şeirlərində dinə qarşı kimi səslənən ifadələrə yer verməsinin səbəbi nə idi?

Şair dövrünün aynasıdır. Füzuli “yanırdısa”, əlbəttə, bunun səbəbləri də var idi. Ta Həzrət Adəmdən etibarən həsəd və dözümsüzlüyü özünə adət bilən insan oğlu Həzrət Muhamməddən sonra da nəfsini kifayət qədər cilovlaya bilmədi, bir çox səhvlərə yol verdi, ehtirasının, hədsiz arzularının qurbanı oldu. Bu gün olduğu kimi, o gün də - Füzulinin dövründə də, yəqin ki, məscid əhlinin, namaz əhlinin bir çox səhvləri, xətalı davranışları insanları dini məsələlərdə çaşqınlığa, bulanıqlığa və nəticədə etirazlara sövq edirdi. Riyakarlıq, yalançılıq, münafiqlik – necə ki, dini baxımdan insanlığın ən zəlil halı sayılır – hər bir dövrdə sağlam cəmiyyətin qeydinə qalan fikir insanlarını narahat edən sosial xəstəliklərdən olmuşdur.

Məscid əhli bir insanın, özünün mömin və Allah adamı olduğunu aşkar edən bir kimsənin hansısa bir mövzuda danışığı ilə düz gəlməməsi, iddiasında yalançı çıxması, vədinə xilaf görünməsi, çox təəssüf ki, əksər hallarda həmin insanın şəxsini deyil, qıldığı namazı – məscidi tənqid hədəfinə çevirən etirazlarla nəticələnir. Əgər məscid əhli Həzrət Peyğəmbərin (s.ə.s) hədislərində yer alan kamil möminin vəsflərini insan olaraq həyatına əks etdirə bilsə, insanlar ona mələk kimi baxar, nurdan varlıq kimi hörmət göstərərlər. Füzuli də məhz bu ideal şəxsiyyəti müşahidə edə bilmədiyi üçün daxilən yanır, bu təzadın kölgəsini kəlmələrlə büruzə verirdi. Halbuki onun nə dərəcədə Allah adamı, Peyğəmbər aşiqi, Əhli-beyt sevdalısı olduğu həyat tərzindən məlumdur. Qəzəldə nəfsin vəsvəsələri, şeytanın təhrikləri kimi görünən ifadələr isə müsəlman şəxsiyyətinin püxtələşməsinə xidmət edəcək xəbərdarlıqlardan başqa bir şey deyil. Bunu təsdiq mahiyyətində qəzəlin son misralarında şairin mənəvi həssaslığını, səmimiyyətini müşahidə edirik:

Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin,

Kərəm qıl, zərqi taət surətində həddən aşurma!..

Yəni ey Füzuli, itaətin naqis olarsa, nöqsana yol versən, bu qədər cəhdin, göstərdiyin səylər boşa gedər; zərq olan – riyakarlıq bulaşan, ikiüzlülüklə kirlənən, hiylə qarışan itaətlə Allah qarşısında həddini aşmaqdan çəkin, doğru yolun həssaslığına diqqət et!

Riyakarlıq və yalançılığın zirvəsi sayılan münafiqlik cəmiyyət üçün ən təhlükəli xəstəlikdir. Səccadə əhlinə, məscid əhlinə danışığı ilə hərəkətlərinin üst-üstə düşməməsi, ara vurmaq, söz gəzdirmək, təkəbbür, təşəxxüs kimi nöqsanlar yaraşarmı?! Özünü İslamın, Həzrət Muhammədin (s.ə.s) gətirdiyi uca əxlaqi prinsiplərin təqibçisi və təmsilçisi kimi görən kəs hərəkətində, davranışında olduqca diqqətli olmalı, təkcə öz şəxsinin deyil, simasında daşıdığı əqidənin də ləkə almaması, tənqidə və təhqirə məruz qalmaması üçün yüksək səviyyədə səy göstərməlidir.

Füzulinin həyat fəlsəfəsi baxımından yanaşaraq qəzəldəki ümumi mənanı belə şərh etmək olar: Ey könlünü haqq yoluna həsr etmiş olan kəs! Əgər səccadəyə ayaq basmış, əlinə təsbih götürmüş isən, namaz əhlinin xüsusiyyətlərini özündə əks etdir! Səcdəyə əyilib təkəbbürünün qırılması səni taxt-tacından fərağət etmiş kimi hüznə qərq etməsin! Əgər dünyanın gözləri bağlayan, şirin yuxu kimi məst edən həzzindən ayılmaq istəyirsənsə, üzünə dəstəmaz suyu çilə! Ey məscid əhli! Müəzzinin naləsi təkcə qulağında qalmasın; bu dəvətə könlünü aç ki, cəhənnəm qapıları üzünə bağlansın. Camaata qarşı kin-küdurəti tərk et, mülayim rəftar et, onlara qarşı sərt, qaba davranıb bir küdurət də sən artırma! Xətibin cənnət vədlərinə güvənib rahata qapılma; unutma ki, hər bir fərd öz əməlləri ilə imtahana çəkilər və səmimiyyəti nisbətində bu imtahandan üzüağ  çıxar. Elə isə ayıq-sayıq ol, namazında, itaətində nöqsanlara yol vermə, yoxsa bütün səylərin, əziyyətin, cəhdlərin boşa getmiş olar!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz