Canınız yandımı?!

Canınız yandımı?!

Hz. Peyğəmbər (s.ə.s) hicrətin dördüncü ilində yetmiş “qurra”nı (Quran hafizləri) insanları Quranla qovuşdurmaq məqsədi ilə Mədinədən Nəcd bölgəsinə göndərdi. Fəqət bölgə xalqı vədinə xilaf çıxaraq göndərilən Quran xadimlərini şəhid etdi. Rəhmət Peyğəmbərinin (s.ə.s) canı o qədər yandı ki, qırx gün boyunca hər gün sübh namazından sonra o qatillər üçün bəddua oxudu. Çünki burada qətl edilənlərin hər biri canlı Quran idi. Əslində o pis əllər Qurana uzanmışdı. Bu, Qurana edilən ən böyük hörmətsizlik idi. Necə ki, bir bez parçası bayraq adını alınca dövlətin namusuna çevrilir, eyni şəkildə mürəkkəblə kağıza Allahın kəlamı yazılarsa, o kağız toplusu Quran olur və müsəlmanların namusuna çevrilir. Son günlərdə Stokholmda Türkiyə səfirliyinin qarşısında yandırılan Qurani-Kərim bütün İslam aləminin namusu idi. “Heyran qaldığımız”, “dəyərlər beşiyi”, “multikultural cəmiyyət” deyilən Avropa müsəlmanlara olan kinini qusdu, namusumuza əl uzatdı.  Lənət olsun müsəlmanların namusuna əl uzadanlara! Quran ifadəsi ilə desək: “Əlləri qurusun!”

Məsələyə siyasi müstəvidən yanaşmaq istəyənlər olsa da, nəticədə yandırılan Qurandır; bütün müsəlmanlardır. Bu məsələ müsəlmançılığımızı ölçmək üçün bir meyardır, əslində. “Biz müsəlmanıq” deyiriksə, Quran yandırılan səhnə yuxumuzu qaçırtdımı? Namazlarda bəddua etmək yadımıza düşdümü? İştahamız küsdümü? Canımız yandımı? Gözümüz yaşardımı? Əgər bu suallara cavab verərkən dünya sizə dar gəlmirsə, bir gün gəlib evimizdəki Quranları da yandıracaqlar.  

Əfsuslar olsun ki, bu gün İslam coğrafiyasında hadisəyə verilən cılız reaksiyalar, hətta bəzi bölgələrdə heç gündəmə gəlməməsi ən azı Quranı yandırma səhnəsi qədər vahiməlidir. Əslində bağrımızı yandıran bu səssizlikdir. Bəzən sual verirlər: “Müsəlmanlar niyə geridə qalıb?” Cavab bu səssizliyin içində gizlidir.

Əlbəttə, bilirik ki, Quranı Uca Allahımız qiyamətə qədər mühafizə edəcəkdir (əl-Hicr, 9). Kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu mütləq tamamlayacaqdır (əs-Saf, 8). Fəqət bu nur tamamlanarkən bizim yerimiz, mövqeyimiz harada, hansı tərəfdə olacaq? - əsas məsələ budur. Əgər o nurun tamamlanmasında yoxuqsa, deməli, Quran yandırılan tərəfdəyik. Əlimizlə, dilimizlə, könlümüzdə bir pisliyə müdaxilə edə bilmir və yaxud etmək istəmiriksə, yandırılan Quran çoxdan könlümüzdən, beynimizdən, dəyərlərimizin arasından silinib.

Niyə belə oldu? Çünki Qurani-Kərim zinət əşyasına çevrildi. Könlümüzü yox, evlərimizi zinətləndirdi. Hər evin ən yüksək guşəsində olmalıdır, cehizdə yerini almalıdır. Ancaq həyatımıza müdaxilə etməməlidir (!).

Çıxılmaz vəziyyətə düşdükdə and içilmə vasitəsidir, Quran. Ölümüz olanda oxumalı -oxuya da bilmirik- və ya oxutmalıyıq. Beləliklə, müsəlman olduğumuz təsdiqlənmiş olacaq. Müsəlmanların Qurani-Kərimə qarşı laqeyd münasibəti Türk dünyasının məşhur şairi Mehmet Akif Ersoya bu misraları dedirtmişdir:

Ya açar, Nəzmi-Cəlilin, baxarıq yarpağına,

Yaxud üflər, keçərik, bir ölünün torpağına,

Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,

Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün!..

İstəmədik ki, Quran ailəmizi dizayn etsin, ticarətimizə müdaxilə etsin, qazancımızı tənzimləsin, dostlarımızı müəyyənləşdirsin. “O, məsciddə qalsın”, -  dedik. Nəticədə biri çıxar, sizin fərqinə varmadığınız, əhəmiyyət vermədiyiniz dəyərinizi bütün dünyanın gözü qarşısında yandırar, sizin mənliyinizi alçaldar və siz də buna “nə olsun, kağız parçasıdır da, yandırılıb”, - deyərsiniz. Nə böyük bir fəlakətdir bu! Orada yandırılan sadəcə Quran nüsxəsi deyildi! Müsəlmanların namusu yandırıldı, cəsarəti külə döndü, ümmət anlayışı ayaqlar altına alındı!  

Quran bütün müsəlmanları birləşdirən dəyərdir. Fəqət gördük ki, biz dəyərimizi itirmişik. Avropa bizə “sizin dəyərinizi ayaqlarımın altına aldım” deyir, bizim isə səsimiz çıxmır. Görəsən, adımız Qurandan alındığı halda, özümüz onlardanmı olduq?! Dəyəri olmayan insan müqəvvadır. Dəyəri olmayan cəmiyyət yox olmağa məhkumdur. Dəyərlərimizə canımız bahasına sahib çıxmalıyıq.

Ümidvaram ki, “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı” (Ali-İmran, 173) ayəsində buyurulduğu kimi, yaşanan bu ağlasığmaz hadisə müsəlmanların canlanmasına, imanlarının artmasına, şüurlanmasına və birlik olmasına, hətta Avropa əhalisinin İslamla şərəflənməsinə səbəb olacaqdır. Quranı öz sahibi qoruyacaqdır. Gəlin biz dəyərlərimizə sahib çıxaq. Ona məkrli heç  kimi toxundurmayaq. Əslimizə dönək. Şairin: “Tək dişi qalmış canavar” deyə vəsf etdiyi yırtıcıdan bizə yar olmaz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz