Gecənin əmiyyəti
Allah qatında hər vaxtın ayrı bir xüsusiyyəti vardır. Bəzi vaxtlar digər vaxtlara nəzərən daha çox qiymət daşıyır. Belə anların layiqi ilə qiymətləndirilməsi çox mühümdür. Bu qiymətli zamanlardan biri də ayeyi-kərimələrdə və hədisi-şəriflərdə xüsusilə ifadə edilən gecə vaxtlarıdır.
Allah-Təalanın gecəyə verdiyi qiymət və onun içinə yerləşdirdiyi sirlər saysızdır. Bu barədə Rəbbimizin “Gecəyə və (gecənin) qoynuna aldıqlarına (and olsun)” (əl-İnşiqaq, 17) və “And olsun sakitləşməkdə olan gecəyə!” (əd-Duha, 2) şəklində and verməsindəki sirr həm idrakımıza, həm də qəlbimizə bir çox həqiqətləri seyr etdirmək üçün açılan ilahi bir pəncərədir.
“Yuxuya getmək, yuxu tutmaq, çətinliklə oyanmaq” mənasına gələn təhəccüd sözü dini termin olaraq “gecə oyanıb namaz qılmaq və gecə namazı” mənasındadır. Gecə yuxudan qalxaraq qılınan təhəccüd namazı Peyğəmbərimizin (s.ə.s) heç tərk etmədiyi və biz ümmətinə də tövsiyə etdiyi, ən az 2, ən çox 8 rükət olaraq qılınan namazdır.
Gecə (təhəccüd) namazındakı sirr nədir? Bununla bağlı hədislərə nəzər salaq:
Allah Rəsulu (s.ə.s) buyurur:
"Gecə vaxtı namaz qılmağı ehmal etməyin. Çünki o, sizdən əvvəlki salehlərin ibadətidir (adətidir). Çünki gecə ibadəti Allaha yaxınlıq, günahlara kəffarə olub vücudu xəstəliklərdən qoruyar və günahlardan uzaqlaşdırar”. (Tirmizi, Dəavat, 101)
“...Fərzlərdən sonra ən fəzilətli namaz gecə qalxaraq qılınan (təhəccüd) namazıdır”. (Müslim, Siyam, 203)
“Gecənin elə bir anı var ki, onu yaxalayaraq Allahdan xeyirli bir şey diləyən müsəlmana Allah nə diləyərsə verər”. (Tirmizi, Vitr, 16)
Bir hədisi-şərifdə də Əbu Hüreyrəyə (r.a) xitabən belə buyurmuşdur: “Ya Əba Hüreyrə! Əgər həyatda ikən, ölüncə məzarda və yenidən dirilincə Allahın rəhmətinin səninlə birlikdə olmasını istəyirsənsə, gecə Allah rizası üçün qalx, namaz qıl. Ya Əba Hüreyrə! Evinin künclərində namaz qılsan, evinin aydınlığı göydə dəstə ulduzları kimi və dünya xalqı üçün də ulduz kimi olar”. (İhyayi-Ulumiddin, I, 1023)
Abdullah ibn Ömər (r.anhumə) gördüyü bir yuxunu bacısı Hz. Hafsa (r.anhə) anamızın vasitəsilə Peyğəmbərimizə ərz etmişdi. Allah Rəsulu da (s.ə.s) belə buyurmuşdu: “Abdullah nə yaxşı insandır, bir də gecə namazı qılsa!..” Bunu eşidən Abdullah ibn Ömər o gündən etibarən gecə namazını heç tərk etmədi. (Buxari, Təhəccüd, 2)
Başqa bir hədisi-şərifdə belə buyurulur:
“Cəbrayıl gəldi və belə dedi: Şübhəsiz ki, möminin şərəfi (dəyəri) təhəccüd namazındadır...” (Hakim, Müstədrək, IV, 360)
Ayeyi-kərimələrdə də qulu Rəbbindən qafil olmayıb zikr edənlərdən olmağa və gecə namazına istiqamətləndirən bir çox bəyan vardır:
“Gecənin bir vaxtında və səcdələrdən sonra Onu təsbeh et!” (Qaf, 40)
“Gecənin bir vaxtında və ulduzlar batandan sonra da Onu təsbeh et!” (ət-Tur, 49)
“Onlar (həqiqi möminlər) gecəni də Rəbbi üçün səcdə və qiyamda (namaz qılaraq) keçirərlər”. (əl-Furqan, 64)
Allah-Təala Qurani-Kərimdə ilahi əzabdan mühafizə olunaraq cənnətə və nemətlərinə nail olanların xüsusiyyətlərini sayarkən belə buyurur:
“Onlar gecələr (ibadət edib) çox az yatırdılar. Sübh çağında isə istiğfar edirdilər”. (əz-Zəriyat, 17-18)
Möminlərdən gecə namaz qılanları bu şəkildə təqdir və tərif edən Allah-Təala gecə namazı və zikr xüsusundakı bir çox istiqamətləndirici bəyanına baxmayaraq ona rəğbət etməyib qafil olanları da belə xəbərdar edir:
“Gecənin bir vaxtında Ona səcdə et və gecə uzun bir müddət Onu təsbeh et! Həqiqətən, bunlar (səcdə və təsbehdən -zikrdən- uzaq bir qisim insanlar) tez keçib gedəni (dünya nemətlərini) sevir, ağır bir günü (axirəti) isə ehmal edirlər”. (əl-İnsan, 26-27)
Bütün bu izah edilənlər bunu göstərir ki, gecə namazının fəziləti fərzlərdən sonra ən üst səviyyədədir. Ancaq bunu ifadə etmək lazımdır ki, gecə namazı qılanlar, etdikləri bu gözəl ibadət vəsiləsi ilə öz nəfslərinə bir pay çıxarıb nail olduqları neməti hədər etməməlidirlər. Və bu barədə: “..Nə qədər gecə ibadət edənlər var ki, onlara yuxusuzluqdan başqa heç bir şey nəsib olmaz” (Əhməd ibn Hənbəl, Müsnəd, II, 373) hədisini heç vaxt yaddan çıxarmamalı və könüllərində saxlamalıdırlar.
Gecə vaxtı yumşaq və şirin yataqları sırf Allah-Təalanın rizası üçün tərk edərək Rəbbin hüzuruna ancaq məhəbbət və ilahi eşq səbəbi ilə baş qoyma zamanıdır. Bu səbəbdən gecə vaxtı (fərz hökmü olmadığı halda) qılınan namazların Allaha yaxınlıq baxımından əhəmiyyəti böyükdür. Könüllərdə sevgi və ilahi məhəbbətin şiddəti nə qədərdirsə, gecə namazına rəğbət və riayət də o dərəcədə olar. Bu mənada gecə/təhəccüd namazı ən çox sevdiyimizlə görüşüb söhbət etmə mahiyyəti daşıyır. Elə isə təhəccüd - hər kəs yatarkən oyaq olmaq, Mütəal olan Rəbbin rəhmət iqliminə girmək, məhəbbət və mərhəmət məclisinə daxil olmaq deməkdir.
ŞƏRHLƏR