Müstəhəb və nafilə namazlar

Müstəhəb və nafilə namazlar

Müqəddəs kitabımız Qurani-Kərimdə və sevimli Peyğəmbərimizin (s.ə.s) hədislərində çoxca üzərində durulan namazı Peyğəmbərimiz (s.ə.s) “gözümün nuru” və “dinin dirəyi” olaraq tərif edir. Allaha sığınma, yalvarma, şükür etmə, onu anma, ona daha da yaxınlaşma və ondan yardım istəmə kimi ülvi hissləri özündə cəmləşdirən namaz, möminin həyatının hər anında və hər önəmli iş və məqamda iltica etdiyi bir ibadətdir. Möminin, Allahın ona fərz və vacib buyurduğu namazlarla yanaşı, yuxarıda sadalanan məqsədlərlə qıldığı əlavə namazlara  “nafilə” və ya “müstəhəb” namazlar deyilir.

Hz. Peyğəmbər (s.ə.s) fərz və vacib ibadətləri haqqını verərək yerinə yetirənlərin qurtuluşa ərəcəklərini müjdələməklə birlikdə, bunlara əlavə olaraq nafilə namaz qılanların Allahın sevgili qulları olduğunu ifadə edərək  ümmətini nafilə ibadətlərə təşviq etmiş (Buxari, İman, 34; Buxari, Riqaq, 38; Müsnəd, VI, 256) və axirətdə fərz ibadətlərdəki əskiklərin nafilə ibadətlərlə tamamlanacağını xəbər vermişdir. (İbn Macə, İqamətus-salət, 202; Əbu Davud, Salət, 144-145) Peyğəmbərimizin (s.ə.s) özü də fərz namazlar xaricində gündüzlərdə və gecələrdə bəzən ayaqları şişincəyə qədər çoxca nafilə namaz qılmışdır. (Buxari, Təhəccüd, 6; Müslim, Münafiqin, 79-81)

Hədislərdə bildirilən nafilə namazlar bunlardır:

Duha namazı. Digər adı Quşluq namazıdır. Vaxtı günəşin doğmasından 45-50 dəqiqə sonra başlayır və günorta namazının vaxtının girməsinə təxminən yarım saat qalana qədər davam edir. İki rükətdən on iki rükətə qədər qılına bilər. Hz. Peyğəmbərin (s.ə.s) duha vaxtında nafilə namaz qıldığına və səhabələrinə də bunu tövsiyə etdiyinə dair çox sayda hədis mövcuddur. Bu hədisi-şəriflərin birində Peyğəmbərimiz (s.ə.s) quşluq vaxtında on iki rükət namaz qılan birisi üçün Allahın cənnətdə bir köşk inşa edəcəyini müjdələməkdədir. (Tirmizi, Vitr, 15) Başqa bir hədisi-şərifində insan bədəni üzərində hər gün üçün müəyyən miqdarda sədəqə borcu olduğunu vurğulayan Peyğəmbərimiz (s.ə.s) iki rükətlik duha namazını qılmaqla o günün sədəqə borcunun əda ediləcəyini bildirmişdir. (Müslim, Müsafirin, 84)

Əvvabin namazı. Tövbə edib Allah-Təalaya dönənlərin namazı mənasına gələn əvvabin namazı axşam namazından sonra qılınan müstəhəb bir namazdır. Altı rükətlik bu namaz tək salamla qılına biləcəyi kimi, üç salamla da qılına bilər. Əmmar ibn Yasirdən (r.a) nəql olunan hədisi-şərifdə Rəsulullah (s.ə.s) belə buyurur: “Hər kim axşam namazından sonra altı rükət namaz qılarsa, günahları dənizin köpükləri qədər də olsa, Allah onları bağışlayar”. (Heysəmi, Məcməüz-zəvaid, 2, 230) Başqa hədislərdə də yenə bu namazı qılanların cənnətlə mükafatlandırılacaqları və sanki Qədir gecəsini ehya etmiş kimi savab qazanacaqları rəvayət olunur. (İbn Macə, İqamətüs-salət, 185, Tirmizi, Məvaqitüs-salət, 204)

Təhəccüd namazı. Gecə qalxıb namaz qılmaq və gecə qılınan namaz mənalarına gələn təhəccüd namazı Peyğəmbərimizə (s.ə.s) fərz qılınmış bir ibadət idi. Bu namazı səhabələrinə də tövsiyə edən Rəsulullah (s.ə.s): “Gecə namazına davam edin. Bu namaz sizdən öncəki salehlərin ibadətidir. Çünki gecə ibadəti yaxınlıq və günahlara kəffarə olub insanı xəstəliklərdən qoruyar və günahlardan uzaqlaşdırar”, - buyurmuşdur. (Tirmizi, Dəavat, 101) İmsak vaxtına qədər qılına bilən təhəccüd namazı iki rükətdən səkkiz rükətə qədər artırıla bilər.

Təhiyyətül-məscid namazı. Məscidi salamlamaq, məscidin sahibi Allaha təzim və hörmət mənalarına gələn təhiyyətül-məscid namazı, məscidə daxil olduqda qılınan iki rükətlik nafilə namazdır. Peyğəmbərimiz (s.ə.s): “Sizdən biriniz məscidə daxil olduğunda oturmadan iki rükət namaz qılsın”, - buyurmuşdur. (Buxari, Salət, 60) Alimlərin əksəriyyətinə görə, sünnə hökmündə olan bu namaz məscidə daxil olduqda oturmadan öncə qılınmalıdır. Oturduqdan sonra da qılına bilər. Amma fəzilətli olan oturmadan öncə qılmaqdır. Məscidə başqa bir namazı və ya fərz namazı qılmaq üçün imama uymaq niyyəti ilə girənlər təhiyyətül-məscid namazını qılmazlar. Qıldıqları namaz eyni zamanda təhiyyətül-məscid namazı yerinə də keçər. Gündə məscidə bir neçə dəfə girib çıxan bir kimsənin bu namazı bir dəfə qılması kifayətdir.

Təravih namazı. Lüğətdə istirahət etmək və dincəlmək mənasına gələn təravih, dini termin olaraq, Ramazan ayında yatsı namazı ilə vitr namazı arasında qılınan nafilə namazın adıdır. Rəsulullah (s.ə.s) əshabıyla bu namazı bir neçə dəfə camaat halında qılmış və hər keçən gün camaatın artdığını görüncə bu namazın fərz buyurularaq insanlara ağır gələcəyindən çəkindiyi üçün camaatla qılmağı tərk etmiş və tək qılmağa davam etmişdir. (Buxari, Salətut-təravih, 1; Müslim, Salətul-müsafirin, 177-178) Təravih namazı təkbaşına da qılına bilər. Lakin camaatla qılınması daha fəzilətlidir. Dörd rükətdə bir salam verərək qılmaq icazəli olsa da, iki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir.

Dəstəmaz və qüsl namazı. Dəstəmaz və qüsl aldıqdan sonra, əgər vaxt əlverişlidirsə, yəni namaz qılmaq məkruh olmayan bir vaxtdırsa, üzərindəki su quruyana qədər iki rükətlik namaz qılmaq müstəhəb görülmüşdür. Bu namazın fəziləti haqqında Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim gözəl bir dəstəmaz alıb arxasından iki rükət namaz qılar və namazda nəfsinin vəsvəsəsindən uzaq durarsa, keçmiş günahları bağışlanar”. (Buxari, Vudu, 24) Dəstəmaz və ya qüsldən sonra başqa bir fərz və ya sünnə namaz qılınacaqsa, bu da dəstəmaz namazı yerinə keçər. 

Səfər namazı. Peyğəmbərimizin (s.ə.s) səfərə çıxarkən və səfərdən döndükdən sonra iki rükətlik namaz qıldığı rəvayət edilmişdir. Kab ibn Malikdən gələn bir rəvayətə görə, Rəsulullah (s.ə.s) səfərdən daima gündüz vaxtlarında qayıdar və məsciddə iki rükət namaz qılıb orda bir müddət oturardı. (Buxari, Salət, 59) Bu namaz səfərə çıxarkən işlərini asanlaşdırması və evə sağ-salamat qayıtmaq üçün Allaha yalvarmaq və səfərdən qayıtdıqdan sonra da vətəninə və ailəsinə sağ-salamat qovuşdurduğu üçün ona şükür etmək mənasını daşıyır. Səfərə çıxarkən evdə, səfərdən döndükdən sonra isə məsciddə qılmaq daha fəzilətlidir.  

       Hacət namazı. Hacət namazı Allahın arzu etdiyimiz, ehtiyac duyduğumuz bir şeyi verməsi üçün qıldığımız namazdır. Dünyəvi və ya üxrəvi ehtiyacı olan bir kimsə dəstəmazını gözəl bir şəkildə alaraq yatsı namazından sonra iki və ya dörd rükətlik hacət namazı qılar. Arxasından Allaha həmd-səna, Rəsuluna salətu-salam edər və hacət duasını oxuyaraq diləyini Allahdan niyaz edər. Hacət namazının birinci rükətində bir dəfə Fatihə, üç dəfə Ayətül-kürsi oxunur. Digər rükətlərin hər birində Fatihə ilə yanaşı, İxlas, Fələq və Nas surələri oxunur. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kimin Allahdan və insanlardan hər hansı bir istəyi, diləyi varsa, dəstəmaz alıb iki rükət namaz qılsın. Sonra Allaha həmd-səna edərək Rəsuluna salətu-salam gətirsin. Bundan sonra bu duanı oxusun: “Lə iləhə illəllahul-həlimul-kərim. Subhanallahi Rəbbil-arşil-azim. əl-Hamdu lilləhi Rabbil-aləmin. Allahummə inni əs-əlukə mucibəti rahmətikə və azəimə məğfirətik. Vəl-ğanimətə min kulli birrin vəs-səlamətə min kulli ism. Lə təda` li zənbən illə ğafərtəhu və lə həmmən illə fərractəhu və lə hacətən hiyə ləkə ridan illə qadaytəhə. Ya ərhamər-rahimin”.  (Tirmizi, Salət, 140, 348)

İstixarə namazı. İstixarə “xeyirli olanı istəmək” mənasına gəlir. Cabir ibn Abdullahın (r.a.) nəql etdiyi bir hədisi-şərifdə belə buyurulur: Rəsulullah (s.ə.s) bütün mühüm işlərdə bizə Qurandan bir surə öyrədirmiş kimi istixarəni də öyrədər və belə deyərdi: “Sizdən biri bir işi görmək istəyərsə, fərz namazdan əlavə iki rükət namaz qılsın və belə dua etsin: Allahummə inni əstəxirukə bi-ilmikə və əstəqdirukə bi-qudrətikə və əs-əlukə min fədlikəl-azim. Fəinnəkə təqdiru və lə əqdiru və ta`ləmu və lə ə`ləmu və əntə alləmul-ğuyub. Allahummə in kuntə ta`ləmu ənnə həzəl-əmra xayrun li fi dini və məaşi və aqibəti əmri, fəqdirhu li və yəssirhu li, summə bərik fihi li. Və in kuntə ta`ləmu ənnə həzəl-əmra şərrun li  fi dini və məaşi və aqibəti əmri fəsrifhu anni, fəsrifni anhu, fəqdir li əl-xayra haysu kənə summə ərdini bihi”. (Buxari, Təhəccüd, 25, Dəavat, 10) İstixarənin nəticəsində bir rahatlıq və fərəhlik hiss edilərsə, o işin xeyirli olacağına, bunun əksinə, qəlbdə sıxıntı və narahatlıq hiss olunarsa, bu işin xeyirli olmayacağına yozular. İstixarədən birinci dəfə nəticə alınmasa, bu, üç və ya yeddi dəfəyə qədər təkrarlana bilər. İstixarə gündüz də edilə bilər, amma gecə yatmadan öncə edilməsi tövsiyə olunur. İstixarədə duanın ərəbcəsi oxuna biləcəyi kimi, mənası da oxuna bilər. 

Təsbeh namazı. Təsbeh namazı ömürdə bir dəfə də olsa, qılınması tövsiyə edilən məndub bir namazdır. Rəsulullah (s.ə.s) əmisi Abbasa (r.a): “Əmi! Sənə on faydalı əməl öyrədimmi? Bunları etsən, günahlarının ilki-sonu, köhnəsi-təzəsi, kiçiyi-böyüyü, gizli və açığı, bilərək və ya bilməyərək işlədiyin on günahı Allah bağışlayar”, - deyərək təsbeh namazını tövsiyə etmiş və qılınma qaydasını da öyrətmişdir. Abbas (r.a) bunu hər gün edə bilməyəcəyini dedikdə, bu namazın həftədə, ayda, ildə və ya ömürdə bir dəfə qılınmasının kafi olacağını bildirmişdir. (Əbu Davud, Tətəvvü, 14) Təsbeh namazı dörd rükət qılınır. Namaz boyunca üç yüz dəfə “Subhanallahi vəlhamdulillahi və lə iləhə illəllahu vallahu əkbər” zikri oxunur. Tək qılmaq əsas olsa da, camaatla da qılına bilər.

Tövbə namazı. Qurani-Kərim və hədisi-şəriflərdə günah işləndiyində dərhal tövbə etməyin lazım gəldiyi və həqiqi mənada edilən tövbələrin qəbul ediləcəyi vurğulanır. Heç günah işlənməsə belə, tövbə və istiğfar edilə bilər. Tövbə təkbaşına edilə bilər, fəqət onun bir namazla edilməsi qəbul olma ehtimalını daha da artırar. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir bəndə günah işlədikdən sonra gözəl bir dəstəmaz alıb iki rükət namaz qılaraq Allahdan bağışlanma diləyərsə, Allah onu mütləq bağışlayar”. (Müslim, Təharət, 5-16) Tövbə namazı iki rükət qılına biləcəyi kimi, daha çox da qılına bilər.

İstisqa namazı. Bir bölgədə quraqlıq olarsa, o bölgə əhalisinin açıq bir əraziyə çıxıb tövbə və istiğfardan sonra Allahdan bolluq və bərəkət gətirəcək yağış istəmələri sünnədir. Bu dualardan öncə iki rükət namaz qılına bilər. Bəzi rəvayətlərdə yağmur duasına çıxıldığında Peyğəmbərimizin (s.ə.s) iki rükət namaz qıldırdığı, namazda səsli qiraət etdiyi, namazdan sonra ridasını tərs çevirərək geydiyi və qibləyə dönüb əllərini qaldıraraq dua etdiyi ifadə edilmişdir. (Müslim, İstisqa, 1) Peyğəmbərimizdən (s.ə.s) nəql olunan yağmur duası: “Allahım, can qurtaran, şirin, bol, bərəkətli, çox gec deyil, tez yağış ver! Allahım, qullarını, heyvanlarını sula, rəhmətini yay, ölü bölgəni dirilt!” (İbn Macə, İqamə, 154) Namazdan sonra bayram xütbəsi kimi xütbə oxunur.

Küsuf və xüsuf namazları. Günəşin tutulmasına “küsuf”, Ayın tutulmasına isə “xüsuf” deyilir. Peyğəmbərimiz (s.ə.s) oğlu İbrahimin öldüyü gün Günəşin tutulması üzərinə belə demişdir: “Ay və Günəş Allahın varlığını və qüdrətini göstərən əlamətlərdəndir. Bir şəxsin ölümü və yaşamasına görə tutulmaz. Belə bir vəziyyət gördükdə Ay və Günəş açılana qədər namaz qılın, dua edin!” (Buxari, Küsuf, 1-15) Günəş tutulduğu zaman azansız və iqaməsiz ən az iki rükət camaatla namaz qılınar. İmam qiraəti uzun və bərkdən oxuyar. Bu namazı hər kəs evində təkbaşına da qıla bilər. Ay tutulması zamanı müsəlmanların evlərində küsuf namazına bənzər iki və ya dörd rükət xüsuf namazı qılmaları məndubdur. Zəlzələ, şimşək, gündüz çökən qaranlıq, şiddətli və ara verməyən yağış, xəstəliklərin yayılması, düşmən qorxusu, şiddətli külək və buna bənzər hallarda bunların gətirəcəyi zərərlərdən Allaha sığınmaq məqsədilə küsuf və xüsuf namazları kimi namaz qılınması məsləhət görülmüşdür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz