Bir Ayə
بسم الله الرحمن الرحيم
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
“Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah yanındadır”. (əl-Ənfal, 8/28)
Allah-Təala: “mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır”, - buyuraraq gözəl bir nemət kimi gördüyümüz var-dövlətimizin və oğul-uşaqların, əslində, bizi sınamaq üçün verildiyini bildirir. Ayədəki “fitnə” sözü həm “fitnə-fəsad”, həm də “imtahan” mənasına gəlir ki, bu ayədə “imtahan” mənasında işlədilmişdir. Bənzər ayələrdə də: “Mal-mülk və oğullar dünya həyatının zinətidir”, (əl-Kəhf, 18/46); “Ey iman gətirənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsl ziyana uğrayanlardır”, (əl-Münafiqun, 63/9) – buyurularaq bu həqiqətə diqqət çəkilir.
Hər bir mömin Uca Allahın sevgisi ilə övlad və mal-mülk sevgisi arasında lazımi ölçüdə tarazlıq qurmalı, bunlarla əlaqəli arzu və mənfəətləri ilə Allah-Təalanın əmrləri bir-birinə zidd olduğu təqdirdə Rəbbinə itaəti seçməlidir. İnsanın var-dövlət və övladlarından ötrü təşnə olması bəzən onu ilahi əmrlərə itaət mövzusunda çətin vəziyyətə sala bilər. Məhz Allaha itaətdə sabitqədəm olanlar dünya imtahanında müvəffəq olacaqlar. Buna görə də bir müsəlman malını halal yoldan qazanmalı, eyni zamanda onu halal yolda xərcləməlidir. Eləcə də, özünə çoxlu mal-mülk verilən bir mömin bu səbəbdən həddini aşmamalı, malının zəkatını və sədəqəsini verməyi ehmal etməməlidir. Peyğəmbərimizin (s.ə.s): “Hər bir ümmətin bir imtahanı var. Ümmətimin imtahanı da mal-mülkdür”, (Tirmizi, Zühd, 26) - hədisi də bu imtahanın çətinliyinə işarə edir.
İmtahan vəsilələrindən digər biri olan övladlar isə həyatımızda xüsusi yer tuturlar. Çünki onlar sevincimiz və ümidimiz olmaqla Uca Yaradanın bizlərə verdiyi əvəzolunmaz bir ərmağandır. Uşaqlar xüsusilə analar üçün hamiləliyin ilk dövründən başlayan bir imtahan vəsiləsidir. Valideyn övladının qayğısına qalıb onu gözəl şəkildə tərbiyə etsə və cəmiyyətə faydalı bir insan kimi böyütsə, bu baxımdan imtahanı qazanmış olar. Həzrət Peyğəmbər (s.ə.s) də: “Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Mən də ailəmə qarşı ən xeyirli olanınızam”, (Tirmizi, Mənaqib, 63) - buyuraraq ailənin əhəmiyyətini vurğulamışdır. Digər tərəfdən, sözügedən ayəni şərh mahiyyətində olan başqa bir ayədə də: “Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin…” (ət-Təğabun, 64/14) – buyurularaq bəzi hallarda ailə daxilindən insana müəyyən təzyiqlərin gələ biləcəyi, bunun müqabilində haqq yolda bu təzyiqlərə müqavimət göstərilməsi gərəkdiyi xəbər verilir.
Ayənin sonunda Uca Allah: “Ən böyük mükafat isə Allah yanındadır”, - buyuraraq mal-mülk və övladlarla bağlı dünya imtahanını uğurla keçənləri axirətdə cənnətlə mükafatlandıracağını xəbər verir.
ŞƏRHLƏR