Sual? - Cavab!

Sual? - Cavab!

Sual: Namazı xüşu ilə qılmaq nə deməkdir, buna necə nail olmaq olar?

Cavab: Namaz ibadəti həm zahiri, həm də batini şərtlərinə riayət edərək qılınmalıdır. Namazın batini şərti məhz onun xüşu ilə qılınmasıdır. Uca Allah “Muminun” surəsinin 2-ci ayəsində namazın xüşu ilə qılınmasının möminin əsas xüsusiyyətlərindən biri olduğunu vurğulayır. Başqa bir ayeyi-kərimədə isə belə buyurulur: “Səbir edərək və namaz qılaraq Allahdan kömək istəyin! Şübhəsiz ki, bu, xüşu ilə itaət edənlərdən başqasına ağır gələr. Bunlar o kəslərdir ki, Rəbbinə qovuşacaqlarına və Ona dönəcəklərinə inanırlar”. “Xüşu” sözünü İslam alimlərinin bir qismi “Allah qorxusu və sevgisi ilə Ona təzim etmək və bu hisslə təvazökarlıq göstərmək, eləcə də namazda sükunət halında olmaq” kimi izah etmişlər. Yəni bir mömin namaz qılan zaman hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha müti olub Ona boyun əyməlidir.

Odur ki, xüşu namaz ibadətini, eləcə də digər ibadətləri yerinə yetirən zaman diqqəti yayındıran təsirlərdən uzaq durub qəlbin Uca Allaha bağlanması ilə gerçəkləşir. İnsanın daxili aləmində yaşadıqları, onun düşüncələri namazdakı xüşu halına təsir edir və onun hərəkətlərinə əks olunur. Bu səbəbdən namaz qılarkən insan Allahın hüzurunda olduğunu dərk etməli, tədili-ərkana riayət etməli, həm fiziki, həm də mənəvi cəhətdən namaza uyğun olmayan hərəkətlərdən uzaq durmaq üçün səy göstərməlidir. Belə olan halda namazı xüşu ilə qılmaq olduqca mühümdür və namaz ibadəti imkan daxilində xüşu ilə yerinə yetirilməlidir. Bu da Uca Allahı görürmüşcəsinə ibadət etmək və qılınan ən son namaz olduğunu düşünərək qılmaqla gerçəkləşər.

Sual: Nafilə namazlar imamla qılına bilərmi?

Cavab: Fiqh kitablarında nafilə namazlardan yalnız təraveh, küsuf (Günəş tutulması) və istisqa (yağış duası) namazının imamla qılına biləcəyi qeyd edilmişdir. Digər nafilə namazların imamla qılınması məkruhdur. Çünki Həzrət Peyğəmbər (s.ə.s) və səhabə dövründə belə bir tətbiqat yoxdur. Odur ki, qeyd edilən namazlardan başqa digər bütün sünnə və nafilə namazları hər kəsin təkbaşına qılması daha məqsədəuyğundur. Nafilə namazlardan olan təsbeh namazının imamla qılına biləcəyinə dair mənbələrdə bir məlumat olmadığına görə, bu namazın da təkbaşına qılınması daha yaxşıdır.

Sual: Vitr namazı neçə rükətdir və necə qılınır?

Cavab: “Vitr” sözü ərəb dilində “tək” mənasına gəlir. Həzrət Peyğəmbər (s.ə.s) günün qılınan son namazının tək (vitr) olmasını tövsiyə və təşviq etmiş, gecə yuxusundan oyanacağından əmin olanın sübh namazının vaxtının girməsindən bir az əvvəl, oyana biləcəyindən əmin olmayanın isə gecə (işa) namazından sonra və yatmadan əvvəl qılmalı olduğunu bildirmişdir. Vitr namazının rükətlərinin sayına gəlincə, Hənəfi məzhəbində vitr namazı axşam namazı kimi bir salamla qılınır və üç rükətdən ibarətdir. Axşam namazından fərqi belədir ki, vitr namazının hər rükətində “Fatihə” və ardından bir surə oxunur və son rükətdə rükudan əvvəl təkbir alaraq “qunut duası” oxunur. Maliki məzhəbinə görə, vitr namazı bir rükətdir. Gecə namazının fərzindən sonra iki rükət sünnə qılınır, salam verdikdən sonra buna bir rükət də vitr namazı əlavə olunur. Hənbəli məzhəbinə görə də vitr bir rükətdir, ancaq üç və ya daha çox rükət də qılına bilər. Şafei məzhəbinə görə isə vitrin ən azı bir rükət, ən çoxu isə on bir rükətdir. Bir rükətdən çox qılındığı təqdirdə əvvəlcə iki rükətə niyyət olunur və salam verilir. Sonda vitrdən bir rükətə niyyət edilib qılınır və salam verilir.

Sual: Vitr namazı Ramazandan başqa vaxtlarda imamla qılına bilərmi?

Cavab: Qeyd edək ki, vitr namazının imamla qılınması tamamilə Ramazan ayında təraveh namazının imamla qılınması ilə bağlıdır. Belə ki, Ramazan ayına məxsus olan sünnə namazlardan təraveh namazı imamla qılına bilən namazlardandır. Təraveh namazı imamla qılınanda vitr namazı da imamla qılına bilər. Ramazan ayından başqa digər aylarda vitr namazını imamla qılmaq məkruh sayılmışdır.

Sual: Qəndil gecələrinə məxsus namaz varmı?

Cavab: Həzrət Peyğəmbər (s.ə.s) müsəlmanlara bəzi mübarək gün və gecələrin səmərəli şəkildə keçirilməsini tövsiyə etmişdir. (Tirmizi, Savm, 39) Ancaq həmin gün və gecələrə məxsus xüsusi bir namaz və ya ibadət formasından bəhs etməmişdir. Belə olan təqdirdə müsəlmanlar mübarək gün və gecələri bağışlanmaq və mənəviyyatlarını daha da yaxşılaşdırmaq üçün bir fürsət kimi qiymətləndirməlidir. Odur ki, möminlər mübarək gün və gecələrdə özlərini hesaba çəkməli, xəta və günahları üçün tövbə etməli, Qurani-Kərim tivalət etməli, eləcə də qəza və nafilə namazlar qılaraq Uca Allaha dua etməlidir. Həmin gecənin ertəsi günü isə oruc tutmaq, bu mənada, tövsiyə edilmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz