HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 17

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 17

Hüdayi həzrətləri buyurur:

“Halal var, tayyib (təmiz) var. Halal odur ki, şər`i-mütəhhər (mübarək və müqəddəs şəriət) ona rüxsət verə, müftiyi-şər`i fətva verə ki, halaldır. Tayyib bundan da üstündür… Şər`i-mütəhhər zahirə görə hökm edər. Lakin içərisində gizli bir hal olar deyə qəlb narahatlıq keçirər. Madam ki qəlbin itminanı (aram tapması), istemal və tənavül xüsusunda (bir şeydən istifadə və yeyib-içmək xüsusunda) tərəddüd üzrədir, müftiyi-qəlb belə fətva verəcək olsa, tayyib sayılar”.[1]

Haqq-Təala ayeyi-kərimədə belə buyurur:

وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللّهُ حَلَالًا طَيِّبًا

“Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin!..” (əl-Maidə, 88)

Bir çox ayələrdə də təkrar olunan[2]halal” və “tayyib” sözləri, Təvilatun-Nəcmiyyə adlı əsərdə belə izah edilir:

Halal Allah-Təalanın yeyilməsini mübah qıldığı şeydir. Tayyib isə içində qul haqqı olma şübhəsi olmayan və sadəcə ehtiyac üçün istifadə edilib nəfsani arzulara alət edilməyən şeydir. Bu nöqteyi-nəzərdən hər tayyib halaldır, lakin hər halal tayyib deyil”.[3]

Mömin təqva üzrə yaşayıb saleh əməllərlə Allaha yaxınlaşdıqca qəlbində başqa üfüqlər açılar. Onun nəzərində ilahi həqiqətlər dərin məna qazanar. Onun ilahi ölçülərə riayəti müstəsna ədəb, nəzakət və zərafət ərz edər. Çünki artıq hər şeyi odunçu tərəzisi ilə ölçmək qəflətindən qurtular. Əksinə, zərgər dəqiqliyi ilə zərrələrin də hesabını düşünməyə başlayar. Bir çoxlarının əhəmiyyətli görmədiyi xüsuslarda müstəsna həssaslıqla davranar. Bunun ən mühüm təzahür sahəsi isə dinin halal-haram ölçüləridir.

Məsələn, bir loğmada “göz haqqı” qalması -həmin loğma halal olsa belə- onun mənəvi saflığını ləkələyər. Təqva əhli möminlərin nəzdində o artıq “tayyib loğma” olmaqdan çıxmış sayılır. 

Ona görə qədim mədəniyyətimizdə:

- Xüsusilə yemək satılan və yeyilən yerlərdə yoxsulların gözü qalmaması üçün qida məhsulları vitrində sərgilənməzdi.

- Keçmişdə evlərin çoxunda kürə olmazdı. Şirniyyat və paxlavanı evdə hazırlayıb üstünü süfrə ilə örtər, bişirmək üçün sinilərlə məhəllənin ortaq kürəsinə göndərərdilər. Siniləri götürəndə iştahı keçər deyə kürəçiyə də bir az verərdilər.

- Bazardan və dükandan alınan meyvə-tərəvəz içindəkini göstərməyən torbada daşınardı.

- Bişən yeməyin qoxusu ilə qonşunu narahat etməməyə xüsusi diqqət göstərilərdi. Lakin yenə də imkan daxilində ikram və hədiyyələrlə könüllərin məhəbbətlə bir-birinə bağlanmasına çalışardılar.

Bu gün, təəssüf ki, eqoizm, laqeydlik və istehlak yarışı gedir. Ləzzətli kabablar, növbənöv qidalar onları almaqdan məhrum olan bir çox qərib, yetim və kimsəsizlərin gözünə soxularaq vitrinə düzülür, “qul haqqı”na girilir. Bundan daha pisi isə, qul haqqına girildiyinin fərqinə də varmırıq. Çünki yanlış bir əməl yayğın hal alıb kütlələr tərəfindən işləndikdə sanki mübah kimi qəbul olunur.

Bu kimi hissiyyatsız davranışlar cəmiyyətdəki zəngin və yoxsul təbəqə arasındakı qardaşlıq və məhəbbət duyğularını da zədələyir.

Digər tərəfdən, ariflərin nəzərində yeyilən yeməyin halal olub-olmamasından əlavə hansı haləti-ruhiyyə ilə bişirildiyi də əhəmiyyət kəsb edir. Çünki hal sirayət edicidir. Qidaya sirayət edən bu hal xüsusilə insanın əxlaq və ibadət həyatına təsir edir.

Xızır u-ın Haqq dostlarından Abdulxaliq Gücdüvani g-i ziyarəti əsnasında aralarında keçən bu dialoq çox ibrətlidir:

Xızır u-ın ikram olunan yeməklərdən yemədiyini görən Gücdüvani həzrətləri heyrətlə:

- Bunlar halal loğmadır, nə üçün yemirsiniz? - deyə sual verir.

Xızır u isə bu cavabı verir:

- Bəli, loğmalar halaldır, lakin bişirən əsəb və qəflətlə bişirmişdir!..

Haqq dostlarının bu dərəcə yüksək həssaslığı müqabilində bir də bugünkü ümumi halımızı düşünək:

Bu gün evlərin mətbəxi, demək olar ki, əsas vəzifəsini itirdi. Çünki mətbəxin yerini restoranlar və yemək şirkətləri aldı. Kuryerlər evlərə yemək çatdırmaq üçün bir-biri ilə yarışa girdi.

Halbuki yeməyin maddi ləzzəti ilə yanaşı, mənəvi ləzzəti də var… Yeməyə bismillahla başlayıb, sünnədə yer alan ədəbə görə yeyib, sonda da Allaha həmdlə bitirmək yeməyin feyz və bərəkətini artırdığı kimi, o yeməyin dəstəmazlı, bismillahla, zikrlə və könül xoşluğu ilə bişirilməsi də yeyənlərə ayrı bir hüzur və şəfa vəsiləsi olar. 

Keçmişdə ağzı dualı anaların bismillah, salavat və şükürlərlə, şəfa və rəhmət olan Quran ayələrinin tilavəti ilə hazırladığı yeməklər həqiqətən qəlbə şəfa, ruha qida olardı.

İndi isə qəflət və nəfsaniyyətin yayğın hal aldığı “hız və həzz çağı”ndayıq. Tələm-tələsik isidilib eyni sürətlə yeyilən hazır qidalar, sifarişlə gələn yeməklər, təəssüf ki, eyni dad və hüzuru verməkdən uzaqdır.

Çünki həmin yeməyi hazırlayan adamın maddi-mənəvi təmizliyə nə qədər riayət edib-etmədiyi məchuldur. İmanlı, dəstəmazlı biridirmi? Hansı haləti-ruhiyyə ilə və necə bişirir?..

Əlbəttə, o qidalar da qarın doyurur, lakin ruhlara qəflət, qəsvət və tənbəllik verir.

Zəmanəmizdə cismani və ruhi problemlərin, maddi-mənəvi hüzursuzluqların artmasının səbəblərini axtararkən bu xüsusu da göz önündə tutmalıyıq.

Hüdayi həzrətləri buyurur:

“Qəlb təsfiyəsi tayyib loğma (təmiz loğma) qazanmaqla mümkündür. Ta ki, şeytanın vəsvəsə və xavatirindən (insanın beyninə gətirdiyi müxtəlif düşüncələrdən) xilas ola. O xavatiri-fasidə (fəsad duyğu və düşüncələr) ki, qəlbin səfasına (təmizlik və saflığına) mane olan odur. İtaət və ibadətdən ləzzət və səfayi-bal (qəlb və ağıl təmizliyi) olmadıqdan sonra nə hasil olar? Onun üçün hər gah söyləyirik, min kərə də söylənsə, əlbəttə, bir çox fayda və təyəqqün (şübhədən qurtulmuş tam idrak) hasil olar”. [4]

Hüdayi həzrətləri bu ifadəsinin ardınca belə bir qissə nəql edir. Xülasə etsək, Haqq dostlarından İbrahim bin Ədhəm həzrətləri mənəvi hallarının zəiflədiyini hiss edərək narahatlıq hissi keçirir. Bu halı qırx gün davam edir. (Boğazdan keçən loğmanın tamamilə vücuddan təmizlənməsi üçün qırx günün keçməli olduğunu söyləyirlər.)

İbrahim bin Ədhəm həzrətləri gecəni ibadətlə keçirmək üçün bir məscidə girir. Gecənin bir vaxtı müəyyən təcəlli və zühurat yaşayır. Mənəvi halının əlindən alınmasına səbəb olan şeyin qırx gün əvvəl xurma alarkən yerə düşən bir xurmanı özünün zənn edərək yeməsi olduğunu anlayır. Həzrət dərhal yola düzəlir. Bir neçə gün çəkən səfərdən sonra xurma satanı tapır. Vəziyyəti ona açaraq halallıq istəyir. Satıcı o mübarək zatın bir xurma üçün bu qədər zəhmət çəkməsinə təəccüb edərək:

“Siz bir dənə xurma üçün bu qədər əziyyətə qatlanıb halallıq istəyirsiniz. Biz isə neçə illərdir heyvanlar kimi hansı otlaqda nə tapsaq, şübhəli olub-olmamasına baxmayaraq, yeyirik”, - deyir. Sonra peşmanlıq göz yaşlarına qərq olaraq tövbə edir. Beləliklə, Həzrətin irşadına can atır.[5]

Deməli, halal və təmiz loğma qəlbin saflığını qorumaq üçün vacibdir. Çünki haram və şübhəli loğmalar sanki ruha zəhər saçaraq qəlbin həqiqətlərə qarşı pərdələnməsinə səbəb olar.

Halaldan qazanıb halal yemək o qədər mühümdür ki, hətta ibadətlərin məqbul olması da buna bağlıdır. Necə ki, hədisi-şərifdə haram qazancla həccə gedən bir adam “Ləbbeyk Allahummə ləbbeyk” dedikdə bir münadinin səmadan “Sənə nə ləbbeyk, nə də sə`deyk”, - deyərək onu rədd edəcəyi və onun heç bir savab almadan günahkar halda geri qayıdacağı bildirilir. (Bax. Heysəmi, III, 209-210)

Ona görə də Haqqa yaxın olan bəndələr boğazlarından bir zərrə haram və ya şübhəli loğma keçməsindənsə zəhmət və əziyyətə qatlanmağa razı olarlar. Əsla unutmayaq ki, qəlblərin dindən, imandan, mənəviyyatdan, ibadətdə xüşudan və gözəl əxlaqdan uzaqlaşmasının ən mühüm səbəblərindən biri qazanca və qidaya qarışan haram və şübhəlilərdir.

Həzrət Mövlana belə deyir:

“Bu səhər məndən mənəvi feyz, ilahi təcəlli, ilham və hikmət kəsildi. Anladım ki, vücuduma bir neçə şübhəli loğma girib. Bilgi də, hikmət də halal loğmadan doğar. Allah sevgisi də, məxluqata mərhəmət də halal loğmanın məhsuludur. Əgər bir loğma qəflətə səbəb olursa, bil ki, həmin loğma şübhəli və ya haramdır”.

Xülasə, qazancına və qidasına haram, yaxud şübhəli ünsürlər qarışan adamın əməli pozular, ixlası zədələnər. Ruhun hüzuru halal loğmaya bağlıdır.

Necə ki, Haqq dostlarından Bəhaəddin Nəqşbənd həzrətləri də qidasının halal olmasına həddən artıq diqqət edər, bu səbəblə qidasını şəxsən özü yetişdirərdi. Hətta bir çox alim və ariflər şəfa niyyəti ilə onun süfrəsinə qonaq olar və xəstələr üçün bir qədər özləri ilə də aparardılar.

Şah Nəqşbənd həzrətlərinin tələbələrindən biri mənəvi hallarının çəkildiyindən şikayət edir. Həzrət tələbəsinə:

“Yediyin tikələrin halal olub-olmadığını yaxşı araşdır!” - buyurur. Tələbəsi araşdırdığı zaman yemək bişirdiyi ocaqda halal olub-olmadığı şübhəli bir odun yandırdığını öyrənib dərhal tövbə edir.

Halal-haram həssaslığının əhəmiyyət və bərəkətini mərhum atam Musa Əfəndi də bu hadisə ilə belə izah edərdi:

“Qeyri-müsəlman bir qonşumuz vardı. Sonradan müsəlman olmuşdu. Bir gün ondan necə hidayətə gəldiyini soruşduqda mənə bunları danışdı:

“Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdə sərgilədiyi gözəl əxlaqı səbəbilə müsəlman oldum. Molla Rəbi dolanışığını süd sataraq təmin edirdi. Bir gün axşam vaxtı bizə gəlib:

  - Buyurun, bu süd sizindir, - dedi.

Təəccüblə:

- Necə yəni? Mən sizdən süd istəməmişəm axı, - dedim.

O həssas və zərif insan:

- Mən fərqində olmadan heyvanlarımdan birinin sizin bağçaya girib otladığını gördüm. Onun üçün bu süd sizindir. Heyvanın təhəvvülat dövrü (yediyi otların vücudundan tamamilə çıxması) bitənə qədər südünü sizə gətirəcəyəm, - dedi. Mən:

- O nə sözdür, ay qonşu? Yediyi ot deyilmi? Halal olsun, - desəm də, Molla Rəbi:

- Yox, yox, elə olmaz! Onun südü sizin haqqınızdır, - deyib heyvanın təhəvvülat dövrü bitənə qədər südünü bizə gətirdi.

Məhz o mübarək insanın bu hərəkəti mənə çox təsir etdi. Nəticədə gözümdən qəflət pərdələri qalxdı və qəlbimə hidayət günəşi doğdu. Öz-özümə:

“Bu qədər alicənab bir adamın dini, şübhəsiz ki, ən ali dindir. Bu qədər zərif, insanların haqqına riayət edən, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğundan şübhə etmək mümkün deyil”, - dedim və kəlmeyi-şəhadət gətirib müsəlman oldum”.

Hüdayi həzrətləri buyurur:

Dərunundan edib ahı,

Qoma qafil səhər-gahı!

Eşit “firru ilallah”ı[6]

Gəl Allaha, gəl Allaha!..

Haqq aşiqlərinin nəzərində səhər vaxtları mənəvi xəzinə kimidir. Ürəkdən gələn yalvarışlarla Allaha sığınmanın və Ona yaxınlaşma fürsətinin ən feyzli vaxtlarıdır.

Vücudumuzda ürək, ağciyər, qaraciyər, mədə kimi üzvlər - maddi mərkəzlər olduğu kimi, mənəvi mərkəzlər də var. Bu mərkəzlər “lətaif” adlanır.

Cismən varlığımızı davam etdirə bilmək üçün maddi qidalara möhtac olduğumuz kimi, ruhani varlığımızda olan mənəvi mərkəzlərin inkişafı üçün də ibadət, zikr, istiğfar, təfəkkür kimi mənəvi qidalara möhtacıq. Ruhun bu qidaları qəbul edəcəyi ən feyzli vaxtlar isə səhər vaxtlarıdır.

Rəsulullah r səhərlər qıldığı təhəccüd namazını uzadardı. Hətta Təbuk kimi məşəqqətli bir səfər əsnasında belə təhəccüd namazını axsatmamışdır. Həmçinin səhər vaxtlarında istiğfar, zikr, təfəkkür, Quran tilavəti və duanı əsla tərk etməzdi.

Xəstələnib ayağa qalxmağa taqəti qalmadığı zamanlarda belə, oturaraq da olsa, səhərləri əhya etmişdir. (Əbu Davud, Tatavvu, 18/1307)

Gecələri səhərə qədər ibadətlə məşğul olan Bişri Xafi həzrətlərinə:

- Gecənin müəyyən bir saatında istirahət edə bilməzsinizmi? - dedikdə o Allah dostu bu hikmətli cavabı vermişdir:

- Allah-Təala keçmiş və gələcək günahlarını bağışladığı halda Rəsulullah r gecələr ayaqları şişənə qədər namaz qılırdısa, Allah tərəfindən bircə dənə günahının bağışlandığını bilməyən mən necə yata bilərəm?!

Xülasə, Rəsulullah r, əshabi-kiram və onların izini təqib edən saleh möminlər səhərlərin əhyasına son dərəcə əhəmiyyət vermişlər.

Rəsulullah r səhər vaxtlarının könül feyzindən məhrum qalmamağımız üçün bir çox tövsiyə və xəbərdarlıqlar etmişdir. Bu tövsiyələrindən bir neçəsi belədir:

“Gecə ibadətinə diqqət edin! Çünki o, sizdən əvvəlki saleh kimsələrin adətidir. Şübhəsiz ki, gecə ibadətinə qalxmaq Allaha yaxınlaşmağa vəsilədir. (Bu iba­dət) gü­nah­lar­dan çəkindirər, xətalara kəffarə olar və bədəni dərdlərdən təmizləyər”. (Tir­mi­zi, Də­avat, 101)

“Ümmətimin ən şərəfliləri əhli-Quran olanlar və daimi gecə ibadətinə qalxmağı adət edənlərdir”. (Münavi, I, 522)

“Gecədə elə bir an var ki, ona yetişib Allahdan xeyirli bir dilək edən müsəlmana Allah istədiyini verər”. (Tirmizi, Vitr, 16)

Hüdayi həzrətləri buyurur:

Səhərdə açılan güllər,

Ötən şuridə[7] bülbüllər,

Bənövşələrlə sünbüllər,

Sənə aşiq, Səni özlər…

Arif qəlblər bu kainatda ilahi qüdrət və əzəmət təcəllilərindən başqa heç nəyi görməzlər. Bu aləmdəki kövni ayələrdən olan güllərin, sünbüllərin və bülbüllərin hal dilindən agah olarlar.

Haqq-Təala biz qullarını kainat kitabındakı bir çox kövni ayə ilə səhər vaxtına bəxş etdiyi xüsusi feyz və rəhmətdən istifadə etməyə səsləyir.

Havanın xoş məltəm kimi rahatlıq verdiyi, çiçəklərin nəfis rayihələr yaydığı, bülbüllərin insan ruhunu oxşayan nəğmələrlə cəh-cəh vurduğu, xoruzların zəngli saat vəzifəsini icra etdiyi səhər vaxtında Haqq-Təala bizim də vaxtımızı yuxuda keçirməməyimizi, ilahi feyz və rəhmətdən maksimum dərəcədə istifadə etməyimizi istəyir.

Loğman u-ın bu nəsihəti nə qədər də mənalıdır:

“Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın! O hər səhər zikr və təsbih edir, sən isə yatırsan!”

Hüdayi həzrətləri buyurur:

Anın fazlıyla dövr eylər fələklər,

Ziyanı andan alır mehr əgər mah…

“Və bil-əshari hum yəstəğfirunə”

Bax, istiğfar eylə hər səhər-gah!..

“Göy üzü və səmavi varlıqlar Haqq-Təalanın fəzl-kərəmi ilə durmadan fırlanır. Ay və Günəş də nurunu Ondan alır. Sən də “Səhər vaxtlarında bağışlanma diləyərlər” (əz-Zariyat, 18) ayəsinə bax və hər səhər vaxtını istiğfarla əhya et!”

Rəbbimizin ikram və ehsanlarının qulları üzərinə sanki leysan kimi yağdığı səhər vaxtlarında xüsusilə istiğfar və göz yaşını qənimət bilmək lazımdır. Necə ki, Hz. Peyğəmbər r belə buyurur:

“Rəbbimiz hər gecə dünya səmasına təcəlli edər və:

“Tövbə edən yoxdurmu, tövbəsini qəbul edim? İstəyən yoxdurmu, ona istədiyini verim? İstiğfar edən yoxdurmu, onu bağışlayım?” - deyə səslənər”. (Müslim, Müsafirin, 168-170)

Bizim ilahi əfvə ehtiyacımız yoxdurmu? Əlbəttə ki, Ona möhtacıq. Elə isə əfv və lütf qapılarının açıldığı, tövbə və istiğfarın ən məqbul zamanı olan səhər vaxtlarını fövtə verməmək lazımdır.

Həmçinin Rəbbimiz:

كَانُوا قَليلًا مِنَ الَّيْلِ مَا يَهْجَعُونَ . وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ .

“Onlar (müttəqi qullar) gecələr (ibadət edib) çox az yatırdılar. Sübh çağında isə istiğfar edirdilər”, (əz-Zəriyat, 17-18) buyuraraq qullarını həmin vaxtda istiğfara dəvət edir.

Səhər vaxtını ibadətlə əhya edib o mənəvi ziyafətdə ruhunu layiqincə doyura bilən möminlər günə yüksək feyz və ruhaniyyətlə başlayarlar. Məhz bu mənəvi güclə nəfsani və şeytani tələlərə qarşı daha müqavimətli olarlar. Gününü təqva həssaslığında keçirənlər də növbəti səhəri əhya etməkdə çətinlik çəkməzlər.

Biz də eynilə Günəş batdıqda Ayın doğması, gecə ilə gündüzün davamlı olaraq yerdəyişməsi kimi gecədən gündüzə, gündüzdən gecəyə mənəvi təravətlə girməyə çalışmalıyıq.

Bir nəfər İbrahim bin Ədhəm həzrətlərinin yanına gəlib:

- Gecə ibadətinə qalxa bilmirəm, mənə bir yol göstər, - deyir. İbrahim bin Ədhəm həzrətləri ona belə cavab verir:

- Gündüzlər Allaha üsyan etmə; O, gecələr səni hüzuruna çağırar. Çünki gecələr Onun hüzurunda durmaq böyük şərəfdir. Günahkarlar bu şərəfdən məhrumdur!

Nəticə etibarilə səhərləri əhya xüsusunda səhlənkarlığımız və qəflətimiz varsa, gündüzlərimizi gözdən keçirməli, tövbə edərək xəta və qüsurlarımızı düzəltməyə çalışmalıyıq.

Hüdayi həzrətləri buyurur:

Eylər səhərdə qulqulə,[8]

Dost gülşəninin bülbülü.

İstər verə canın gülə,

Dost gülşəninin bülbülü…

Səhərləri əhya etmək qəlbdəki ilahi eşqin gücü nisbətində mümkündür. Bu səbəblə də -təbiri caizsə- hər kişinin deyil, ər kişinin işidir. Çünki səhər vaxtları insanı maqnit kimi özünə çəkən yataqdan qalxıb şirin yuxunu bölərək sırf ilahi sevgi üçün ilahi hüzura baş qoyma zamanıdır.

Fudayl bin İyad g buyurur ki:

“Allah-Təala gecə təcəlli edib belə səslənərmiş:

“Gündüzlər Məni sevdiyini iddia edənlər haradadır? Hansı aşiq sevdiyi ilə baş-başa qalmaq istəməz? Mən bu an hüzur məqamında Mənimlə danışan, müşahidə məqamında Mənə xitab edən dostlarıma nəzər etməkdəyəm. Sabah cənnətimdə onların gözlərini nurlandıracağam”.

Məhəbbətin ən böyük göstəricisi fədakarlıqdır. Səhərlər də Rəbbimizə məhəbbətimizin imtahan edildiyi müstəsna vaxtlardır.

Bu səbəblə Haqqa yaxın olan qullar səhər nemətini hədər etməkdən həssaslıqla çəkinərlər. Nəyin bahasına olursa-olsun, yuxularını bölərək Allahın vüslət dərgahına can atarlar. Hər kəs yuxuda ikən yerlərindən qalxıb Allah-Təalanın xüsusi dəvətinə icabət edərlər. Beləcə, ilahi məhəbbət və mərifət məclisinə daxil olan qullardan olarlar.

Bir anlıq düşünək:

Gecə saat üçdə uçuşumuz olsa, ona yetişmək üçün xüsusi hazırlıq görərik. Yatıb qalmayaq deyə saatımızın zəngini təkrar-təkrar qurarıq, erkəndən yatıb yuxumuzu nizamlayarıq ki, səfərimizə mane olmasın. Yəni bütün tədbirləri alarıq ki, həmin saatda təyyarəyə yetişək.

Məhz bunun kimi, Haqq aşiqləri də qəlblərin sanki Ərşə qanad açdığı o müstəsna vaxtı nəyin bahasına olursa-olsun, fövtə verməmək üçün xüsusi səy göstərərlər.

Allah-Təala bəxş etdiyi ömür sərmayəsinin hər anını rizasına vəsilə olacaq saleh əməllərlə bəzəməyi hər birimizə lütf-kərəmi ilə nəsib etsin!

Amin!..

 

[1] Bax. Aziz Mahmud Hüdayi, Sohbetler (Hazırlayan: Safi Arpaguş), 36. Sohbet, sf. 293, Vefa Yay. İst. 2010.

[2] Bax. əl-Bəqərə, 168; ən-Nəhl, 114.

[3] Bax. Bursevi, Ruhul-Beyan, c. 2, sh. 144, Erkam yayınları, İstanbul 2010.

[4] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə, 36. Sohbet, sh. 295-296.

[5] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə, 36. Sohbet, sh. 296.

[6] Firru ilallah: “Allaha tərəf qaçın…” (əz-Zariyat, 50)

[7] Şuridə: yanıb tutuşmuş.

[8] Qulqulə: fəryad.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz