Xislət təkəbbür misalında

Xislət təkəbbür misalında

1992-93-cü illərdə BDU-nun tarix fakültəsində bizdən iki kurs yuxarı oxuyan F.F.–yə qibtə və nifrət edirdim. Qibtənin səbəbi onun milli-azadlıq hərəkatının gənc öncüllərindən birisi kimi tələbələr qarşısında maraqlı çıxışlar etməsi, oxuduğu məşhur əsərlərdən yerində sitatlar gətirməsiydi. Fəxr edirdim ki, belə bir lider tələbəylə eyni fakültədə oxuyuram. Başqa ali məktəblərdən olan tanış, dost tələbələrin heyrətlə verdikləri “F.F. sizdə oxuyur?”  sualına fəxrlə: “Hə, məndən iki kurs yuxarı oxuyur”, - cavabını verirdim. “Şəxsən özüylə tanışsan?” Bu suala həvəssiz: “Hə”, - deyirdim, istəmirdim əlavə suallar eşidim, çünki yuxarıda dediyim kimi, F.F.-yə həm də nifrət edirdim. Səbəb onun son dərəcə təkəbbürlü olmasıydı. Aşağı kurslarda oxuyan, hələ təzə-təzə siyasətlə maraqlanan tələbələrdən kimsə ona yaxınlaşıb dünyada, Azərbaycanda gedən proseslərlə bağlı suallar verəndə, dilucu bir-iki cümlə mızıldanıb üzünü yana çevirirdi. Bircə yaxına buraxdığı iki-üç müəllim və tələbəylə danışanda özünü dartmırdı.

1994-cü ildə təhsilimi davam etdirmək üçün Rusiyaya getdim. Diplomumu alıb 2001-də Bakıya qayıtdım və illər sonra həmin təkəbbürlü tipajla təxminən eyni vaxtda tarix fakültəsində oxumuş köhnə dostumla görüşdə söhbət ondan düşdü. Dostum 2000-ci ilin payızında şəhərdə F.F.-ni görüb yaxınlaşır, salam verir, o isə üzünü yana çevirir. Dostum az qalır bunun yaxasından tutub desin, mənəm e, Nadirəm. F.F. candərdi “Hə, yadıma düşdün” mızıldanır, axırda dostum dilxor halda bu adamdan aralanır.

O hadisədən illər sonra dostum dayanacaqda avtobus gözləyirmiş, qəfil F.F. ona yaxınlaşıb mehribancasına salamlaşır, kefini soruşur, özünü elə aparır, elə bil bir il öncə özünü dağ başına qoyan bu deyilmiş. Xülasə, məlum olur ki, F.F. iş axtarır, ehtiyac-filan bunu boğaza yığıb. “Tanış uşaqlardan birinə ağız açdım, bunu şirkətdə menecer kimi işə götürdülər,” – Nadir dedi və ikimiz də başımızı bulayıb güldük.

Bu söhbətdən bir neçə il sonra 90-lardan tanıdığım, məşhur saytlardan birində jurnalist işləyən tanışıma rast gəldim, yenə necə oldusa, söhbət gəldi çıxdı F.F.-nin üstünə. Məlum oldu ki, F.F. 2005-ci ildə Almaniyaya köçüb, hansısa şirkətdə işləyir, feysbukda aktivdir. Söhbət əsnasında tanışıma xatırlatdım ki, bəs yadındadır, o, yaman özündən razıydı, özünü hamıdan ağıllı sayırdı. “Yox, indi tamam dəyişib. İslamla, sufiliklə dərindən tanış olandan sonra fundamental şəkildə dəyişib”, – tanışım dedi. “Hətta o dərəcədə?” “Hə, hə, tamam dəyişib”. Düzü, eşitdiklərimə inana bilmirdim.

Elə həmin axşam F.F.-ni feysbukda axtarıb tapdım, dostluq göndərdim, qəbul etdi. İnboksuna yazdım ki, bəs filankəsəm, təxminən eyni vaxtda BDU-nun Tarix fakültəsində oxumuşuq, hərəkatdan, Qarabağdan, Elçibəydən danışdıq. Ötəri də olsa, yadına düşdüm, mehriban söhbət alındı, bir az o dövrün siyasi romantikasının xiffətini çəkdik. Düzü, bu adamın sadəliyi, həvəslə söhbət etməyi həm gözlənilməz oldu, həm də ləzzət elədi.

Bir dəfə F.F.-nin ermənilərlə döyüşlərdə şəhid olan tanınmış qəhrəmanlarımızdan birinin ailəsinə ev alıb hədiyyə edən, adının bilinməsini istəməyən bir iş adamını yersiz tənqid edən statusuna rast gəldim. Məzmunu təxminən belə idi: dünənə qədər bu iş adamı harda itmişdi, nə oldu döyüşçü şəhid olub məşhurlaşandan sonra özünü ortaya atdı. Birtəhər əsəbimi boğub  mədəni şəkildə şərh yazdım: “Ay qardaş, axı bu iş adamı bəlkə heç əvvəllər o şəhid haqqında heç nə eşitməyib. Belə götürəndə, Azərbaycanda çox adam o qəhrəmanı əvvəllər tanımırdı. İkincisi, iş adamı axı öz adının açıqlanmasını istəməyib, yəni adını çəksəydi, mətbuata açıqlamalar versəydi, onda demək olardı ki, bunu reklam xatirinə edir”. İki dəqiqə sonra F.F.-dən belə bir şərh gəldi. “Ay uşaq, mən bilirəm nə yazıram, mənə mühazirə oxumağa ehtiyac yoxdu”. Yenidən şərh yazası oldum: “F. bəy, birincisi, mən uşaq deyiləm, uzağı, iki-üç yaş səndən kiçiyəm. İkincisi, mühazirəni işlədiyim Bakı Slavyan Universitetində tələbələrimə deyirəm”. Bildim ki, nəsə sancan bir cavab yazacaq, elə də oldu. “Bu çürük fikirlərini özünə saxla. Necə olub sən mənim dostluğuma düşübsən, anlaya bilmirəm”, az sonra məni dostluqdan çıxartdı.

Acı təbəssümlə başımı bulayıb fikrən doxsanıncı illərə qayıtdım, təkəbbürlü F.F. BDU-nun tarix fakültəsinin dəhliziylə heç kimə baxmadan gedir, arada əsəbi-əsəbi öz-özüylə danışır, sanki beynində ölkənin taleyilə bağlı ciddi bir məsələni çözür, zatən o vaxt belə şeylərə iddialıydı. Almaniyaya köçəndən sonra statuslarında imam Əliyə (r.a), imam Hüseynə (r.a) sevgisindən danışan, arada Mövlanadan sitatlar gətirən bu adamın xisləti öz sözünü demişdi. Eyni zamanda düşündüm ki, F.F. bir vaxtlar, çox güman, təkəbbürün pis şey olduğunu dərk edib İslamı, sufiliyi seçibmiş. Bəlkə də, sonralar mənə verdiyi cavablarını, feysbukda dostluqdan çıxarmağını özü üçün təhlil edəndə, təkəbbürlü hərəkət etdiyi qənaətinə gələr. Nəticədə, on illər keçsə də, insanın öz xislətindən qaçmasının çox çətin olduğunu anladım.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz