Pareto qanunu
Pareto qanunu və ya başqa bir adı ilə desək, 80/20 prinsipi nəticələrin 80%-nin hərəkətin 20%-i sayəsində meydana gəldiyini göstərən bir qaydadır. İtalyan iqtisadçı Vilfredo Pareto apardığı araşdırmalar nəticəsində İtaliyanın 80% torpaqlarının və var-dövlətin xalqın 20%-nə aid olduğunu görmüş və davam edən araşdırmalar nəticəsində bir çox sahələrdə də eyni nisbətlə qarşılaşmışdır. Pareto prinsipi bu düşüncə sayəsində işlərin vaxtın idarə edilməsi baxımından daha səmərəli olmasını hədəfləyir. 80/20 qaydası həyatımızın qaçılmaz bir həqiqətidir. İstər iş dünyasında, istərsə də gündəlik həyatımızın bir çox istiqamətlərində qarşılaşdığımız əsas qanunauyğunluqlardan biridir, deyə bilərik.
Bu mənada Pareto prinsipindən faydalanmağın ən yaxşı yolu səylərimizi, fədakarlığımızı və konsentrasiyamızı həm müsbət, həm də mənfi nəticələrin 80%-dən məsul olan fəaliyyətlərin 20%-nə yönəltməkdir. Yəni bunu iki fərqli şəkildə görmək olar. Belə ki, müştərilərin 20%-i gəlirin 80%-ni yaradırsa, həmçinin müştərilərin digər 80%-i gəlirin yalnız 20%-ni yaradır. Pareto prinsipinin nəticələrinə görə, marketlərdə ümumi qazancın 80%-i ümumi məhsulların 20%-dən əldə edilir. Bazarlarda ümumi mənfəətin 80%-ni gələn müştərilərin 20%-i təşkil edir. Qəzaların 80%-ni sürücülərin 20%-i törədir. Geyindiyiniz paltarların 80%-i sahib olduğunuz paltarların 20%-ni təşkil edir. İstənilən YouTube kanalında ümumi baxışların 80%-ni həmin kanala yüklənən videoların 20%-i təşkil edir. Dost görüşlərinin 80%-i sahib olduğunuz dostlarınızın 20% -i ilə baş verir. Qeyd edək ki, bu nisbət həmişə 80/20 olmaq məcburiyyətində deyil. Prinsip eyni qalsa da, nisbətlərdə 75/25, 85/15, 90/10 kimi kiçik dəyişikliklər mümkündür.
İş həyatında 80/20 prinsipi məhsuldarlığı maksimum dərəcədə artırmaq üçün ən yaxşı üsullardan biridir. Bu prinsipi tətbiq edərək ən önəmli işlərə fokuslanmaq və məhsuldarlığı artırmaq mümkündür. Yenə bu prinsip tətbiq edilərək aşağı gəlirli müştərilərdən çox, gəlirlərin əksəriyyətini təşkil edən müştərilər üçün xidmətlər və məhsullar inkişaf etdirilə bilər. Pareto prinsipi təkcə iqtisadiyyatda deyil, demək olar ki, həyatımıza toxunan hər sahədə etibarlıdır. Bu prinsip qidalanmadan daşınmaz əmlak sektoruna, iş həyatından elm və təhsil sahələrinə qədər istifadə olunur.
Mövzu ilə əlaqəli imtahana hazırlaşan tələbə modelini nümunə olaraq götürə bilərik. Hesab edirəm ki, hər kəs belə insanlarla qarşılaşıb və biz bunu daha çox işlədiyini düşünən və zəhmətinin qarşılığını almayan insanlar kimi də ümumiləşdirə bilərik. Bununla belə, onlar çox böyük bir detalı nəzərdən qaçırırlar. Bu da səmərəli çalışmaqdır. Onlar əksər hallarda ya vaxtlarının 80%-ni özləri üçün həqiqətən lazım olan fənlər və ya mövzular üzərində işləməyə sərf etmir, ya daha çox test həll edə bilmək üçün bildikləri mövzuya baxmağa davam edir, ya da təlim prosesinə özlərini həqiqi mənada verə bilmirlər. Bu şəkildə çəkdikləri zəhmət nəticəsində əldə etdikləri uğur ümumi nəticədəki uğurun 20%-ni təşkil edir. Əsl əldə etdikləri 80%-lik uğurlu nəticə isə çalışmağa ayırdıqları zamanın sadəcə 20%-dən əldə edilmiş olur. Tövsiyə etdiyimiz tələbə profili isə 80%-lik uğurlu nəticə əldə edəcəyini düşündüyü mövzu üzərində daha çox çalışan, qalan vaxtını istədiyi kimi dəyərləndirən və çalışmaq lazım olduğu zaman sadəcə dərsə fokuslanmağı bacaran tələbə profilidir.
Pareto qanununa bir də həyatı xoşbəxt yaşamaq prizmasından baxa bilərik. Əgər bu günə qədər çalışdığımız sahələrdə uğur qazana bilməmişiksə və ya xoşbəxt olduğumuzu düşünmürüksə, yaşam tərzimizi bir də Pareto prinsipi çərçivəsində dəyərləndirməyə çalışaq. Bu zaman qarşımıza sözün həqiqi mənasında çox maraqlı bir nəticə çıxacaq. Bu günə qədər daha çox vaxt ayırdığımız işlərin bizim uğurlarımızda çox az payının olduğunun, hər zaman gözardı etdiyimiz işlərin isə bizi daha çox uğura istiqamətləndirib xoşbəxt edə biləcəyinin şahidi olacağıq.
Bundan sonra əsas odur ki, həmişə həmin 80%-lik nəticəyə səbəb olan 20%-i tapmağa çalışın. Sizə aid olan 20%-i tapdığınız zaman Pareto Prinsipi həqiqətən dəyər qazanacaq. İndi isə nə edəcəyinizi bilirsiniz. Sizə bir şeylər verən və daha çox yanında xoşbəxt olduğunuz 20% insanı itirməyin. Gününüzü bərəkətli keçirmək üçün ibadətlərinizə vaxt ayırın və sevdiyiniz işlərlə məşğul olun. Bütün bunları etdikdən sonra hər şey asanlaşar. Həyatdan daha çox həzz almağa başlayarsınız və özünüzü daha yaxşı hiss edərsiniz.
Son olaraq, unutmayın, önəmli olan çox çalışmaq deyil, daha az və öz çalışaraq daha yüksək məhsuldarlıq əldə etməkdir.
ŞƏRHLƏR