Camaatla namaz

Camaatla namaz

Bir gün Allah Rəsulu (s.ə.s) qəzəblənmiş, “Evlərinə od vurardım!” – demişdi, – “Evlərini başlarına yıxardım!” -  deyərək bu hala, bu davranışa qarşı etirazını dilə gətirmişdi. (Müslim, Məsacid, 251) Bu adamlar nə etmişdilər? Kimdir onlar? Niyə belə qəzəblənmişdi, insanlığın öndəri?!

Onun Uca Yaradana qarşı bir missiyası, vəzifəsi var idi: topluluq yetişdirmək. Cəmiyyəti oyatmalı, insanlara dünyaya gəliş səbəbini anlatmalı, həyatlarının mənasını idrak etmələri üçün həyatını sərf etməli idi, könüllərin günəşi.

Sadəcə oyatmaqmı? Oyanan xalqın qiyamətədək sürdürə biləcəyi təfəkkür, dərin anlayış, salehlər toplumunun nəsildən nəslə ötürməklə vəzifələndirildiyi ilahi mesaj. Bu mesaj yataqlarda yataraq ötürülmür, təkcə öz işi üçün çalışmaqla əldə edilmir. Bu uğurda özünü sevdiyindən daha çox Allahı, Rəsulunu, möminləri sevmək tələb olunur. Bu sevgi təkbaşına əldə edilmir. Onun alovlanması üçün bir məkan, qaynaması üçün eyni fikirdə olan birlik olmalıdır.

Dünyada haqq və ya batil olsun, müxtəlif dinlər mövcuddur. Digər dinlər ağıl, hiss və təcrübədən istifadə edərək ibadət və ayin proqramı meydana gətirdiyi halda, haqq dinlər əsas etibarilə ilahi qaynaqlıdır. Bu dinlər fitrətin təbii qarşıladığı əmrləri ilə nəfsə ağır gəlsə də, zövqləri minimuma endirsə də, maksimum fayda verən ibadət və ayinlər təyin etmişdir. Sevginin İslam cəmiyyətindəki qaynağı məscidlər, məscidlərdə bir imam arxasında ixlas və təzim ilə ilahi hüzurda dayanmaqdır. Bu gün bu, irqindən, rəngindən, dilindən asılı olmayaraq Məkkədəki Məscidi-Haramda, Mədinədəki Nurlu Məsciddə öz əksini tapır. Bu nur hər ölkə, şəhər və kəndlərdəki məscidlərə, hətta evlərə yayılaraq ailələrdə belə qəlbləri işıqlandırır. Birgə ilahi hüzurda duraraq Onun əzəmətini düşünmək, sadəcə Ona ibadət etmək, sadəcə Ona sığınaraq Ondan yardım istəmək; vəzifələr bu idrak ilə icra olunarsa, Rəsulullahın çatdırmaq istədiyi mesaj hər yerə, hər qəlbə çatar, əlbəttə!

Duaların qəbulu bəzən məkana, bəzən zamana, bəzən yanınızda “amin” deyən topluluğa bağlı ola bilər. Saleh əməl sahibi insanlarla bir səfdə duraraq aləmlərin Rəbbi olan Allaha boyun əyməklə, təslim olmaqla xarakterinizdə müsbət dəyişikliklər əldə edərsiniz. Dünyaya və onun göz qamaşdıran dəbdəbəsinə qarşı dirayət qazanar, iştahınızı və qəzəbinizi özünüz idarə edərsiniz. Canavar ruhlu mədəniyyətlərin cəzbedici, gülünc bər-bəzəyinə qarşı gözütox, başı dik baxışlarınızla əyilməzliyinizi hayqıraraq şeytanı qəzəbləndirər, Uca Allahı razı salarsınız. Dostluğun, İslam qardaşlığının formalaşmasında rolunuz olar, cəmiyyətin unudulmaz, xatırlanan parçası halına gələrsiniz. Dualarda anılar, xeyriyyənizlə Cənnət qazancınız davam edər. Müsəlmanlığın birgə yaşayış tərzini həyat standartınız olaraq yaşayar, keyfiyyətli mömin olmağın nümunəvi modelini meydana gətirərsiniz.

 Siz heç müxtəlif dünyəvi qurumlardan yardım istəyən, xəstəsinə qan axtaran, ac olduğu halda ehtiyacını bu qurumlardan tələb edən fərdlər, ailələr gördünüzmü? İstisnai rəqəmlər ola bilər. Ancaq məscidlərdən, ibadət edənlərdən bu ehtiyacı xahiş edən, hətta tələb edən ehtiyac sahiblərini hər gün görə bilərsiniz. Çünki mərhəmətin məsciddə, məscid toplumunda olduğundan fitrətlərinin tələbi ilə əmindirlər və oradan əliboş qayıtmaları istisna haldır. Alnı səcdəyə dəyən, Allah üçün dəyərlərinə, millətinə sahib çıxan, qəlbi Yaradandan ötrü yaradılana mərhəmətlə dolu olan insanlar məsciddən əskik olmaz.

Bu səbəblədir ki, Allahın Elçisi (s.ə.s) - ilk sətirdə ifadə etdiyimiz hədisdə - səbəbsiz olaraq, ya da hansısa bəhanələrlə məscidə gəlməyənlərə, namazlarını birlikdə əda edə biləcək toplumların fərdlərə bölünüb tək-tək qılmalarına etirazını bildirir, çatdırılması vacib olan mesajın gecikdirilməsinə, formalaşması lazım olan model şəxsiyyətlərin yavaşlamasına, məscidin əhəmmiyyətini kiçik görərək gözdən salınmasına qarşı qəzəbini dilə gətirir. Haqlı deyilmi?!

Bunu çiynində dünyanın yükü olanlar anlayar sadəcə. Elə mömin də çiyni Quran və ilahi mesaj ilə yüklü, əməlləri hesablı, hər addımını düşünərək atan, Allahın qəzəbindən çəkinən, Onun rəhmətinə sığınan şəxsdir ki, Rəsulullahın (s.ə.s) haqlı olduğunu qavrayar.

Əbu Səid əl-Xudridən rəvayət edilən hədisdə Rəsulullah (s.ə.s) belə buyurur: “Bir şəxsin davamlı olaraq məscidə getdiyini görsəniz, onun imanına şahid olun! Çünki Allah-Təala belə buyurur: “Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr emar edərlər...” (ət-Tövbə, 18) Belə bir səbəblə imanına şahid olunmaq nə gözəldir!

Abdullah ibn Məsud (r.a) belə deyir: “Sabah kim Allaha müsəlman olaraq qovuşmaq istəyirsə, bu namazlara əzan oxunan yerlərdə (məscidlərdə) davam etsin. Namazlar hidayət yollarındandır. Əgər siz də bu evində qalan kimsə kimi namazları evlərinizdə qılsanız, peyğəmbərimizin sünnəsini tərk etmiş olarsınız; əgər sünnəni tərk etsəniz, çaşqınlığa düşərsiniz”. (Müslim, Məsacid, 257)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz