Merac hədiyyəsi
Allah Rəsuluna (s.ə.s) peyğəmbərliyin verilməsindən on bir il ötmüş, Onun (s.ə.s) çox ciddi səylərinə və çəkdiyi əziyyətlərə baxmayaraq Məkkə əhli, az bir qismi xaric, hələ də küfrdə və cəhalətdə dirənir, onun risalətini qəbul etmirdi. Vəziyyətin belə olması Allah Rəsulunu (s.ə.s) çox sıxırdı. Çünki o (s.ə.s), özü üçün yaşamır, ən qatı düşmənlərinin də iman şərbətindən içməsi üçün əlindəki bütün imkanları səfərbər edir və bunun üçün də hər gün qapı-qapı dolaşırdı.
Bu ciddi cəhdlərə rəğmən hər hansı bir dəyişiklik müşahidə olunmurdu. Xüsusilə də ona bu yolda çox dəstək olan əmisi Əbu Talib ilə xanımı Hz. Xədicənin (r.a) vəfatından sonra məkkəlilərin ona qarşı davranışları və Taif səfərində başına gətirilənlər onun pak ruhunu çox sıxırdı. Bu cansıxıcı şəraitdə Allah Rəsulu (s.ə.s) ancaq ilahi mərhəmətlə təsəlli tapırdı. Bu mərhəmət küləyi də olmasaydı, Məkkənin kəsif havasına tab gətirmək mümkün olmazdı.
Uca Allah Həbibini tək qoymamaq və bu günə kimi yaşanan hüzn və çətinliyin əvəzində bir ikram lütf edib onun şan və şərəfini ucaltmaq, ona bir sıra hədiyyələr və müjdələr vermək üçün görüşünə dəvət etdi, meraca yüksəltdi. Beləliklə də, qəlbi ilə duyub hiss etdiyi həqiqətləri gözləri ilə də müşahidə etməsi üçün Uca Allah (c.c) qulu və rəsulu Muhamməd Mustafanı (s.ə.s) Məkkədən götürəcək və kim bilir, necə sirli bir səyahətə çıxaracaqdı.
Rəvayətlərə görə, Allah Rəsulu (s.ə.s) bir gecə əmisi Əbu Talibin qızı Ümmü Haninin evində ikən (Kəbədə olduğu da deyilir) sanki birdən-birə evin tavanı açılmış və buradan Cəbrayıl (ə.s) daxil olmuşdu. Yanında əvvəlki peyğəmbərlərin də mindiyi “Buraq” adlı bir minik var idi. Görünür, bir dəvət var idi və Cəbrayıl (ə.s) dəvət edilən ən müqəddəs qonağı aparmaq məqsədi ilə gəlmişdi. Allah Rəsulu (s.ə.s) Haqqın xüsusi qonağı olaraq göylərə ziyafətə çağırılırdı. Allah Rəsulunun (s.ə.s) miniyin üstünə minməsi ilə bir anda məkan dəyişmiş və bir göz qırpımında Qüdsdəki Əqsa məscidinə gəlib çatmışdılar. Bu həqiqəti Uca Allah Qurani-Kərimdə belə bəyan edir: “Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir”. (əl-İsra, 1)
Məscidi-əqsada merac hadisəsi baş vermis, yeddi qat səmanın və mələkut aləminin qapıları açılmış, dünya səması arxada qalmışdı. Bu səyahət əsnasında Allah Rəsulu (s.ə.s) cənnəti və onun bitməz-tükənməz nemətlərini, cəhənnəmə aid mənzərələri müşahidə edəcək, insanların hansı günahlarına görə necə cəzalandırılacaqlarına şahid olacaq və dünyada ikən hansı əməlin necə əvəz gördüyünü nümunələri ilə ümmətinə də xəbər verəcəkdi.
Uca Allah ən çox sevdiyi bir bəndəsini Öz görüşünə dəvət edibsə, şübhəsiz ki, onu bol-bol hədiyyələr və ikramlarla yola salacaqdı. Bu elə bir hədiyyə olacaqdı ki, həm Allah Rəsulunun (s.ə.s), həm də bütün möminlərin sevinməsinə və qəlblərinin aram tapmasına səbəb olacaqdı. Bəli, belə də oldu.
Uca Allah həmin məqamı açıqlayaraq belə buyurur: “O, iki yay arası qədər, hətta daha çox yaxınlaşdı. Bu zaman Allah Öz bəndəsinə vəhyini nazil etdi”. (ən-Nəcm, 10) Merac gecəsində Peyğəmbərimizə (s.ə.s) nazil edilən vəhyin ona təqdim olunan merac hədiyyələri olduğu bildirilməkdədir. Allah Rəsuluna (s.ə.s) təqdim olunan merac hədiyyələri bunlardır:
- Beş vaxt namaz.
- “Əmənərrəsulu” dediyimiz Bəqərə surəsinin son iki (285-286) ayəsi.
- Ümmətindən Allaha şərik qoşmayanların bağışlanacağı müjdəsi.
Merac hadisəsinin biz müsəlmanlar üçün ən əhəmiyyətli nəticələrindən biri, əlbəttə ki, dinin dirəyi olan namazdır. Beş vaxt namaz Merac gecəsində fərz qılınmışdır. Ona görə də namaz möminlərin meracı sayılır. Necə ki, Həzrət Peyğəmbərimiz Meracda heç bir vasitə olmadan Rəbbinin hüzuruna çıxmışdısa, mömin də namazda vasitəsiz olaraq birbaşa Rəbbinin hüzuruna çıxar, sadəcə Ona qulluq etmə və sadəcə Ondan yardım istəmə fürsəti qazanmış olar. Əgər mömin gündə beş vaxt namazını ixlas və xüşu ilə qılarsa, o namaz onun üçün bir merac olar, həqiqi mənada yüksəliş olar, inşallah.
Buna görə də biz müsəlmanlar namazı Uca Allahın bir hədiyyəsi bilməli, onu gözümüz kimi sevməli, qorumalı və gənc nəsillərimizə çatdırmalıyıq. Mənəvi yüksəliş olan namazın fərdlərin, toplumların və dövlətlərin maddi və mənəvi tərəqqisinə səbəb olacağını unutmamalıyıq.
ŞƏRHLƏR