Səmavi dinlərdə namaz
Dünya yaranandan nə qədər fərqli toplumlar, millətlər mövcud olsa da, yaradılışın ana məqsədi yaradana itaətdir. İtaət tələbi hər bir ilahi dinin ibadət əsaslarında özünü göstərməkdədir.
Səmavi kitablara baxdığımız zaman namazın ərkanını əks etdirən bir çox ifadə ilə qarşılaşırıq. Bu da bütün dinlərin təməlində namaz ibadətinin var olduğunu göstərir. Quran ayələrində Allah-Təalanın müxtəlif peyğəmbərlərə xitabından da anlaşıldığı kimi, qiyam, rüku, səcdə, qunut, qiblə və təharətdən ibarət olan namaz bütün tövhid dinlərində öz əksini tapmışdır.
Əlində səmavi əsaslı kitab ilə günümüzə gəlib çıxmış dinlərdən biri Yəhudilikdir. İslamiyyətdə olduğu kimi, Yəhudilikdə də namaz qılmaq hər bir yəhudiyə vacibdir. Çünki namaz Süleyman (ə.s) məbədi dövründə Allaha təqdim edilən qurbanı ifadə edirdi.
Yəhudilər də bugünkü müxtəlif yəhudi qrupları ilə qədim Tövrat dövründəki yəhudilər arasında əsaslı fərqlərin olduğunu etiraf edirlər. Bu səbəbdən də ibadət yerinə müxtəlif oriyentasiyalar mövcuddur. Yəhudi namazına baxdığımızda onun müsəlmanların icra etdiyi namazdan çox da fərqli olmadığı söylənsə də, sonradan fərqli görünmək və ya namazı özlərinə xas etmək üçün namaza musiqi və nəğmələr əlavə edilmiş və ən önəmli özəllik olan “xüşu” ortadan qalxmışdır.
Yəhudilər ibadətdə başa düşülən dildən istifadə etməyə icazə versələr də, ibrani dilindən istifadə təşviq edilmişdir. Yəhudiliyə görə ilk əvvəl namaz, Hz. Adəmin oğulları Habil və Qabilin etdiyi minnətdarlıq jesti kimi hədiyyələr təqdim etmək şəklində idi. O dövrdə namaz müəyyən vaxtlarla vacib bir ibadət deyildi, əksinə, ictimai və şəxsi ehtiyac yarandıqda dərhal tətbiq edilirdi. Süleyman məbədinin dağıdılması və Babil sürgünü sonrası hədiyyələr və qurbanlar aradan qalxdı və geriyə təkcə namaz qaldı.
Yəhudilikdə ən fəzilətli namaz qəlb namazı sayılır. Çünki yəhudi ənənəsinə görə sözlər çox vaxt daxili hissləri ifadə etmək üçün kifayət etmir. Namaz iki yerə bölünür: şəxsi ehtiyaca uyğun olaraq bir anlıq təkbaşına qılınan namaz və camaatla qılınan namaz. Camaat namazı on üç yaşından yuxarı olan, “minyan” adlanan ən azı on kişinin iştirakı ilə qılınır. Tək qılınan namazdan daha fəzilətlidir.
Yəhudilərdə namaz həm kişilərə, həm də qadınlara vacibdir. Qiblə kimi Qüdsə üz tutan yəhudilər, əgər Qüdsdədirlərsə, Süleyman məbədinin olduğu məkana üz tuturlar. Bu gün Əhdi-ətiqin bəzi ayələrində vəqfə, rüku, səcdə, əl yelləmək və ya qaldırmaq kimi ifadələr yer alsa da, namazın qılınışını tam ifadə edən məlumatlar yoxdur.
Sübh namazında əllər, üz və ayaqlar yuyulur. Digər namazlarda isə sadəcə əllər yuyulur. Vacib olan namazların sayı və vaxtları üç olsa da, bəzi mənbələrdə onların gündə yeddi vaxt olması da qeyd olunur. Yəhudilərin hər biri dörd rükətdən ibarət əsas namazları bunlardır: Sübh namazı (Şəharit), günorta namazı (Minha) və şam namazı (Maariv). Bundan başqa, yəhudilərin qıldığı digər namazlar bunlardır: Qədiş namazı (İslamda cənazə namazına uyğun gələn yəhudilərin ən məşhur dini təsbihatlarından biridir), bayram namazı, quraqlıq, müsibət və fəlakət zamanı qılınan namaz. Namazda oxunan duaların başında Şema gəlməkdədir. O, “Təsniyyədən” götürülmüş, səhər və axşam namazlarının ən vacib hissəsidir.
Yəhudilərin ilkin namazının indiki müsəlmanlarınkı ilə eyni olduğunu düşünənlər də var. Bunun səbəbi kiçik bir yəhudi icmasının İbrahimdən irs olaraq aldıqları haqq namazını qoruduqlarını söyləmələridir. Lakin ümumi baxış budur ki, namaz qorunmamış, öz arzu və həvəsləri ilə Allahın ayə və əmrləri təhrif edilmiş, ayələr mənalarından uzaqlaşdırılmışdır. Diqqət yetirilməsi lazım olan başqa bir məqam isə namazın dəyişdirilərək bədən hərəkətlərinin məhdudlaşdırılması, bunun əvəzinə musiqi və nəğmələrin bu ibadətə daxil edilməsidir.
Bu gün mövcud olan qədim səmavi dinlərdən bir digəri xristianlıqdır. Xristianlığın ilkin dövründə İslamdakına bənzər bir namazın olduğunu görürük. Lakin günümüz xristianlığında namaz ibadəti, demək olar ki, dua şəklini almışdır. Yenə də, Süryani Ortodoks və bəzi Şərq kilsələri namaz ibadətini bəzi dəyişikliklərlə birlikdə yaşatmaqdadır. Mardin Deyrul-Zəfəran monastırının din xadimlərindən biri Qabriel Akyüz bu həqiqəti belə ifadə edir: “Süryani dillərində “Məsqədə” sözü müqəddəs varlıqlar qarşısında ibadət və diz çökülən yer mənasında işlənir. Həvarilərin zamanında namaz həm tək, həm də camaatla qılınırdı. Qədimdə Süryanilər gündə yeddi dəfə namaz qılardılar. Bu say Zəburda Hz. Davudun: "Saleh hökmünə görə gündə 7 dəfə Sənə həmd edirəm" sözündən alınmışdır. Ancaq bu gün namazlar üç dəfə tətbiq olunur. (Birinci namaz Günəş doğmadan bir saat əvvəl, ikincisi günorta, üçüncüsü isə gün batmadan bir saat əvvəl qılınır)”.
Onu da qeyd edim ki, günümüz süryani xristianları namaz ibadətində islamdakına bənzər səcdə edirlər. Bazar günü ibadətində isə səcdə edilmir.
ŞƏRHLƏR