Hesab günü

Hesab günü

İnsanların bu dünyada etdikləri yaxşılıq və pisliklərə görə axirətdə hesaba çəkiləcəkləri hesab gününün adı “din günü” və ya  “cəza günü”  olaraq qeyd edilir. Aləmlərin Rəbbi olan Allah “Din (axirət) gününün sahibidir!” (əl-Fatihə, 4) Bu mənada xəbərdarlıq edilərkən əhəmiyyətinə diqqət çəkmək üçün “hesab günü” ifadəsi daha çox işlədilmişdir.

Hesab gününə iman etmək İslam dininin əqidə əsaslarından biri sayılır. Bu günün haqq olduğu, bir gün mütləq  reallaşacağı Qurani-Kərimdə bildirilmişdir.

Haqq-hesab mövzusunda heç bir şübhənin olmadığını ifadə edərkən ayeyi-kərimədə: “Allah hər bir kəsi qazandığının əvəzini vermək üçün (dirildəcək). Şübhəsiz, Allah, hesabı tez görəndir”, (İbrahim, 51) buyurulmuşdur. Digər bir ayədə Allah-Təala belə buyurur: “Əlbəttə, peyğəmbər göndərilənlərdən də, göndərilmiş olan peyğəmbərlərdən də soruşacağıq. Onlara olub-bitənləri tam şəkildə mütləq izah edəcəyik. Onsuz da biz onlardan uzaq deyilik”. (əl-Əraf, 6)

O dəhşətli hesab günündə Allahın mömin qullarına qorxu yoxdur, onlar qəmgin olmayacaqlar. Dünyada ikən etdiklərinin əvəzində Rəblərinin onlar üçün hazırladığı nemətlərə sevinc içində qovuşacaqlar. Uca Allah belə möminlər üçün buyurur: “Şübhəsiz ki, (əvvəlki peyğəmbərlərə) iman edənlər üçün, yəhudilər, xristianlar və sabiilərdən Allaha və axirət gününə  inanıb saleh əməl işləyənlər üçün Rəbləri qatında mükafatlar vardır. Onlar üçün hər hansı bir qorxu olmadığı kimi, kədərlənmə də yoxdur”. (əl-Bəqərə, 62) Bu ayədə adı keçən üç qrup Peyğəmbərimiz (s.ə.s) gəlmədən öncə, öz Peyğəmbərlərinin zamanında iman edib saleh əməl işləmələri, yaxud da Peyğəmbərimiz (s.ə.s) zamanından sonra İslam dininə iman etmələri halında qorxu və kədərdən əmin olarlar. Yoxsa hədisi-şərifdə də bildirildiyi kimi: “Muhammədi (s.ə.s) qüdrət əlində tutan Allaha and olsun ki, istər yəhudi, istər xristian olsun, bu ümmətdən hər hansı bir kimsə məni eşidib də göndərildiyim əsaslara iman etmədən ölərsə, mütləq cəhənnəmlik olar”.  (Müslim, İman, 240; Əhməd b. Hənbəl, II, 317,350)  

Kimlər bu dünyadan düzgün bir əqidə və iman ilə köçərsə, onlara: “Bu, hesab günü üçün sizə söz verilənlərdir”, (Sad, 53) - deyiləcək və asan bir hesaba çəkiləcəklər. Necə ki, bənzər başqa ayələrdə də bu həqiqət dilə gətirilmişdir:

“Kimin kitabı sağından verilsə, asan bir hesabla hesaba çəkiləcək və sevincli olaraq ailəsinə dönəcək”. (əl-İnşiqaq , 7-9)

“Kitabı sağ tərəfindən verilən kəs: alın, kitabımı oxuyun, doğrusu, mən hesabımla qarşılaşacağımı onsuz da gözləyirdim, - deyər”. (əl-Haqqa, 19-20) Beləcə, layiq olduğu cənnətə girər.

Bu dəlillərdən açıqca aydın olur ki, dünyada ikən Allaha və axirət gününə iman edərək Onun əmrlərinə tabe olan, qadağan etdiklərindən çəkinən və saleh əməl işləyən möminlər asan bir hesabdan sonra Allahın özlərinə mükafat olaraq hazırladığı nemətlərə qovuşacaqlar. Ancaq müsəlman olduğu halda, mütləq surətdə cəzanı haqq edəcək davranışlara yol verənlərin hesabı isə çətin olacaq.

Hz. Peyğəmbər (s.ə.s) bir gün səhabələrinə belə sual verir: “Müflis kimdir, bilirsinizmi?” Səhabələr: “Bizim aramızda müflis: heç bir dirhəmi və malı qalmayandır”, - deyirlər. Bu zaman Rəsulullah (s.ə.s) belə buyurur: “Mənim ümmətimdən gerçək müflis qiyamət günü namaz, oruc və zəkatla gəlib onu-bunu söymüş, böhtan atmış, onun-bunun malını yemiş, qanını tökmüş, başqasını da döymüş olaraq gələndir. Ona-buna həsənatından (xeyir əməllərinin savabından) veriləcək. Əgər hesabı görülmədən həsənatı bitsə, onların günahlarından alınaraq üzərinə yüklənəcək, sonra cəhənnəmə atılacaq”. (Müslim, Birr 59; Tirmizi, Qiyamə, 2)

Yuxarıdakı ayə və hədislərdən çıxarılan nəticə belədir:

- Əməllərin ölçülməsi haqdır. Çünki Allah: “O gün tərəzi (vəzn) haqdır”, (əl-Əraf, l8) - buyurmuşdur.

- Əməl dəftəri haqdır. Bu dəftərdə insanlara aid savab və günahlar  qeyd edilir. Möminlərə sağ, kafirlərə sol və arxa tərəflərindən veriləcək.

- Öldükdən sonra sorğu-suala çəkilmək haqdır.

İbrahim (ə.s), bizim üçün də nümumə olması baxımından bunu qeyd etmək lazımdır, haqq-hesab gününü də anaraq belə dua edərdi: “Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et! Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!” (İbrahim, 40-41)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz