Könül tərbiyəsi
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur (Rəbbinizdir). O, qəlblərdə olanları biləndir!” (əl-Hədid, 6)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Xəlq etmə sənətinin tək sahibi olan Uca Allahın (c.c) ehtişamlı, ecazkar və bənzərsiz gözəlliklər sərgiləyən heyrət və təəccüb dolu hikmət səhnələrini iman və təfəkkür eşqi ilə dolub-daşan arınmış bir qəlb ilə həm idrak, həm də qulluq həyatına tətbiq etmə bəxtəvərliyi Rəsulullahın (s.ə.s) könül tərbiyəsi ilə şərəflənmiş Adəm övladlarına təqdim edilən inanılmaz bir mərhəmət ehsanıdır. Rəbbimiz tərəfindən təqdim edilən bu mərhəmət ehsanının könül nemətinin mərifət tərbiyəsinə təslim edilərək yetişdirilməsində böyük payı vardır. Bu istiqamətdə Allah Rəsulunun (s.ə.s): “Bilin ki, insanın vücudunda balaca bir ət parçası vardır. Əgər o ət parçası sağlam olarsa, bütün vücud sağlam olar. Əgər o pozularsa, bütün vücud pozular. O ət parçası qəlbdir!” (Buxari, İman, 39) - şəklində səslənən kəlamını müdhiş bir fərasət eşqi ilə dəyərləndirən Mövlana həzrətləri buyurur ki: “Dilini tərbiyə etmədən əvvəl qəlbini tərbiyə et. Çünki söz ürəkdən gəlib dildən çıxar”.
Qəlbin tərbiyə edilərək ilahi qüdrət axışlarından ilham alan mümtaz bir mərhəmət, məhəbbət və hidayət mərkəzinə çevrilməsi üçün önəmli tövsiyələr verən Əmir Külal (r.a) həzrətləri belə buyurur: “Könül almağa diqqət yetir. Gücsüzlərə xidmət eylə, zəifləri, könlü hüznlü (yəni ümmətə mərhəmət həssasiyyətindən qəlbi yaralı) olanları qoru. Onlar elə kimsələrdir ki, xalqdan heç bir gəlirləri yoxdur. Bununla bərabər onların bir çoxu tam bir qəlb hüzuru, təvazökarlıq və könül qırıqlığı içində yaşayıb gedərlər. (Könül nemətinin tərbiyə edilərək yetişdirilməsi naminə) belə kimsələri axtar, tap və onlara xidmət eylə”.
İmam Cəfər Sadiq həzrətlərinin qəlblərin tərbiyə edilərək qəflət pərdələrindən arındırılması üçün vermiş olduğu bənzərsiz qulluq mücadiləsi hər cürə pisliklərdən arınmış diri bir qəlb ilə ilahi həqiqətləri irfan aynasında idrak etmə eşqi ilə çırpınanlara könül tərbiyəsini həssaslıqla anladan bir bərəkət vəsiləsidir:
“Bir gün imama birisi yaxınlaşaraq: “Mənə Allahı (c.c) göstər”, - dedi. O da: “Sən Rəbbimizin Hz. Musa əleyhissalama: “Məni görə bilməzsən!” (əl-Əraf, 147) - deyə səsləndiyi kəlamı heç eşitmədinmi?” - deyə buyurdu. Adam: “Eşitməsinə eşitmişəm, amma biri “qəlbim Rəbbimi (yəni Ondan gələn bir qüdrət təcəllisini) görmüşdür!” deyə fəryad edir, digəri “görmədiyim bir Rəbbə ibadət etmərəm!” deyir...” – deyə gileyləndi. İmam yanındakılara adamın əllərini bağlayıb çaya atmağı əmr etdi. Adam öncə suya batıb qeyb oldu. Sonra təkrar su üzünə çıxdı və: “İmdad, ustadım, imdad!” - deyə bağırınca İmam həzrətləri: “Ey su! Onu altına al!” - dedi. Adam təkrar suya batdı. Bu şəkildə bir neçə dəfə bataraq təkrar su üzünə çıxan adam məxluqatdan tamamən ümidini kəsincə bu dəfə: “İmdad! Ya ilahi, imdad!” - deyə bağırdı. Bunun üzərinə İmam: “Onu sudan çıxarın!” - dedi. Sudan çıxarılanı ağlı başına gəlsin deyə bir müddət sakit buraxdılar. Sonra soruşdular: “Rəbbini (yəni Ondan gələn ehtişam təcəllisini) gördünmü?” Dedi ki: “İnsanlardan mədəd umduğum anlarda pərdəli idim. Rəbbimdən başqa heç bir şeyin məni xilas etməyəcəyi həqiqəti içimə doğunca bütün varlığımla Allaha (c.c) bağlandım. O anda qəlbimin içində bir pəncərə açıldı. Oradan içəri baxınca Allahın (c.c) sonsuz qüdrət təcəllilərindən bir mərifət təcəllisi məni umduğuma vasil eylədi. Beləliklə, aradığım həqiqətlə baş-başa qaldım”. İmam buyurdu: “Ey kişi! “Əli hər yerdən üzülüb darda qalan birisi Ona (Rəbbinə) dua etdiyi zaman duasını qəbul buyuran, sizdən şəri sovuşduran və sizi yer üzünün varisləri edən Allahla yanaşı başqa bir tanrı varmı? Nə qədər də az düşünürsünüz!” (ən-Nəml, 62) - ayəsinə görə mütləq acizlik və yoxluq hissi fani varlığına hakim olmadıqca bu hal zühur edə bilməz. Sən insanlardan imdad dilədiyin müddətdə pərdəli idin. İndi isə qəlbin iç aləminə açılan o pəncərəyə diqqət et! Şanı Uca olan Allahın (c.c) zaman və məkan ünsürlərindən arınmış, idraklara sığmayan məhəbbət cazibəsi ilə aləmləri aydınladan sonsuz qüdrət axışlarının və Haqqa yaxınlıq sevdasının gerçəkləşmə qaynağı oradadır. Kim izzət və cəlal sahibi Allah (c.c) bir şey üzərindədir, ya da bir şeydədir, ya da bir şeydəndir deyərsə, kafir olar!”
Mövlana həzrətlərinin ümmətin könül tərbiyəsinə müqayisəsiz bir könül xidməti ilə səfərbər olma üslubu necə də ibrətamizdir: “Könüldən-könülə yol vardır dedilər, o gündən yoldayıq. Yolu tapmaq asan imiş, lakin əsas məsələ (tərbiyəyə əlverişli olan) könülü tapmaq imiş!”
ŞƏRHLƏR