Üç ayların fəziləti

Üç ayların fəziləti

Uca Allah mömin qullarına çox mübarək və fəzilətli gün və gecələr ehsan etmişdir. Bunların əksəriyyəti “üç aylar” adı verilən Rəcəb, Şaban və Ramazan aylarının içindədir. Şərəfli kitabımız Qurani-Kərimdə: “Aləmlərə rəhmət olaraq” göndərildiyi bildirilən şanlı Peyğəmbərimiz (s.ə.s) üç aylar dediyimiz bu mübarək mövsüm yaxınlaşdığı zaman belə dua edərdi: “Allahım, bizə Rəcəb və Şaban ayını mübarək qıl və bizi Ramazana çatdır”. (Kəşful-xəfa, I, 554)

Rəcəb ayı hicri təqvimin yeddinci ayıdır. Bu ay Allahın müsəlmanlara bəxş etdiyi xüsusi bir lütfdür. Bu ay İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. Eyni zamanda Rəcəb ayı haram sayılan aylardan biridir. Haram aylar dörddür: Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb. Bu aylar “Əşhurul-hurum” adlanır və bu aylarda müharibə etmək, dava-dalaş haram qılınmışdır. Quranda “haram aylar” haqqında belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır...”. (ət-Tövbə, 36)

Beləliklə, Rəcəb ayı həm də təhlükəsizlik, rahatlıq, arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha çox ibadət və itaət etmək imkanı vardır. Rəcəb ayında oruc tutan, tövbə edib, bağışlanma diləyən, bir sözlə, ibadət edən insanlar bu ayın hörmətini uca tutan, Allahın razılığını düşünən adamlardır. Rəcəb ayının ilk cümə axşamını cüməyə bağlayan gecə Rəğaib gecəsi adlanır.

Rəğaib - çox arzu edilən, rəğbət göstərilən qiymətli şeylər, bol-bol rəhmət və bərəkət deməkdir. Bu səbəblə Rəğaib gecəsi Allahın rəhmət və məğfirətinin bol olduğu və dua edənlərin dualarının qəbul olduğu bir gecədir. Bu gecə rəhmət mələklərinin xeyirli işlər görməyə, yaxşılıq etməyə, ibadət və itaətdə olmağa dəvət etdikləri bir gecədir.

Şaban ayı Hicri ayların səkkizincisi və mübarək Üç ayların ikincisidir. Şabanın kəlmə mənası “çox qol-budaq ataraq inkişaf edən” deməkdir. Bu ay bol mükafatlı və xeyir-bərəkətli ay olduğu üçün oruc tutan cənnətə girincəyə qədər qol-budaq atar, böyüyər.

Şaban ayı xeyir və bərəkətlərin endiyi aydır. Şaban ayında Peyğəmbərimiz (s.ə.s) Ramazan ayı orucları üçün özünü hazırlayardı. Həzrət Peyğəmbəri nümunə götürən müsəlmanlar Şaban ayında çoxlu oruc tutar, gecə namazları qılar, Qurani-Kərim oxuyarlar. Məhz o əməllərə də bu aydan hazırlıq görülür ki, Ramazan ayı daxil olduqda birdən-birə ağır ibadətlərə başlayıb, bir həftə sonra yorulub əldən düşməyək. Mübarək Bəraət gecəsi də məhz bu aydadır. Şaban ayının on dördünü on beşinə bağlayan gecə Bəraət gecəsidir. Bu gecədə tövbə və istiğfar edənlərin günahlarından bəraət ediləcəyi hədislərdə bildirilmişdir.

Ramazan ayı Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bəxş etdiyi bir fürsətdir. Ramazan ibadətlərin qarşılığında savabların qat-qat artıq verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığ bir aydır.

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Bu ayda görülən bütün ibadət və fərz əməllərin savabı başqa ayda görülənlərdən fərqli və üstündür. Xeyir əməllərin qarşılığı sərhədsizdir. Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. O elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlanma və sonu da cəhənnəm atəşindən qurtuluşdur.

Bu səbəblə, gəlin, üç aylar və mübarək gecələri fürsət bilərək rəhmli olan Allaha dönək. Peyğəmbərimizin (s.ə.s) bu aylarda daha çox ibadət etdiyini və daha çox sədəqə verdiyini bilək. Bizə çox düşkün və mərhəmətli olan Peyğəmbərimizin (s.ə.s) izindən ayrılmayaq. Xüsusi ilə bu üç aylarda daha çox istiğfar edərək Allahdan günahlarımızın bağışlanmasını diləyək. Çoxlu-çoxlu Qurani-Kərim oxuyaq. Uca Allahın bu mesajlarını yaxşı dinləyək və əməl edək:

“Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın. Allaha ibadət edin və yaxşı işlər görün ki, bəlkə, nicat tapasınız!” (əl-Həcc, 77)

“Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır”. (əl-Münafiqun, 9)

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (əl-Əhzab, 70)

“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun! Yalnız müsəlman olduğunuz halda, müsəlman kimi ölün!” (Ali-İmran, 102)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz