YENİDƏN BAŞLAMAQ
Tədrisimiz dayanmadı ki, yenidən başlasın. Ümumiyyətlə təhsilinin dəyərini bilib, öyrənməyi sevən kəslər üçün tədrisin dayanmasından bəhs etmək əbəsdir. Çünki bu vəsfi daşıyan ağıllı insanlar, tədris ocaqlarının tətilə çıxması ilə oxumağa, öyrənməyə fasilə verməz, eyni sürətlə öyrənmə və öyrətmə yolunda addımlayarlar. Öyrəniləcək o qədər şey var ki... Ağıllı kimsə hər an bunun fərqindədir və bu qısa ömür içərisində ya yeni şeylər öyrənməyin, yaxud öyrəndiklərini təcrübə etməyin dərdindədir. İt-pişik, əyləncə videoları izləməklə zamanını məhv edən kimsələr, on il dayanmadan izləməyə davam etsələr də heç bir şey öyrənməyəcəklərini çox yaxşı bilirlər. Vaxt öldürən, ömür israfına gətirib çıxaran işlər boş, mənasız məşğuliyyətlərdir ki, bu minvalla həyat sürən hər kəs mütləq peşman olur və olacaqdır. Tətillərdə əyləncəyə dalıb, bu sürətlə də təhsil zamanını dəyərləndirə bilməyənlər, əlbəttə ki, yeni tədris dövrünə alışana qədər əziyyət çəkərlər. Halbuki, hər gün suya, qidaya ehtiyacımız olduğu kimi, öyrəndiklərimizi ara vermədən unutmamağa ehtiacımız var və bu ehtiyacı ara-sıra oxumaq və mütaliə etməklə təmin etmək olar. Oxumaq, öyrənmək kimi lazımlı alışqanlıqlara sahib olmaqla insan hər işdən qazanclı çıxmağı bacarır, yaxud qazanmış olduğu analiz qabiliyyəti ilə prosseslərdəki çətinliklərin səbəb və nəticələrinə aşina olur. Oxumaq və öyrənməyi başqalarına həvalə edənlərin isə çox vaxt ən kiçik çətinlikdə şikayət, etiraz, səs-küy salmasına şahid oluruq, nəsihət ilə doğru istiqamətə gətirməyə çalışılsa belə şüuruna kim daha erkən xitab etmişsə onun ardına düşər, nəticəsi isə fəlakət olar. Amma yenə də sonunda bilənlər günahkar olaraq görülər. Yaxşı deyiblər ki, bilən bilməyənə borcludur. Oxumağın zərərini hələ heç kim görməyib. Oxumaqla, öyrənməklə özünə güvən və əminlik qazanan şəxsiyyətli insanların cəmiyyətə faydalarını saymaqla bitirmək olmaz. Əxlaqi çöküşlərdə onların əskikliyini hiss etməyimiz gecikməz. Model şəxslərin varlığı ilə gənclərin hər yaxşılığa nümunə götürərək yönəlməsi, insanlığın gələcəyinin zəmanət altına alınması deməkdir. Bu səbəblə həm övladlarımız, həm özümüz üçün hər tədris ilinin başlanğıcında ən münasib proqramı tərtib edərək, istifadə etmək ehtiyacımız var.
Mənalı bir gələcəyə sahib olmaq istəyən şəxs gəncliyinin ilk dönəmlərindən etibarən həyatdakı ən ciddi şeyi, öyrənməyi mənimsəməlidir. Sahib olduğu peşəyə görə istifadə etməsə belə, öyrəndikləri elm hər kəsi irəli aparmaqdadır. Əgər özünə gözəl bir şəxsiyyət sahibi insanı model seçər, həyata gözəl görən gözlərlə baxmağı öyrənərsə sevilən bir şəxs olması, başqaları üçün model şəxs halına gəlməsi qaçınılmaz olacaqdır. Elmli şəxslərdən kənar gəzməmək, onların xidmətində olmaq, təsir qüvvələrini artırmaq cəmiyyətə faydalı olmağa vəsilədir. Rabiə Abdurrəhmanın ifadəsi necə gözəldir: “Alimlərin qayğısı altında olan camaat atasının qucağındakı uşaq kimidir”.
Tədrisimizdə sadəcə oxumaq yox, təlim-tərbiyə prossesləri də əhəmiyyətlidir. Məişət həyatı ən çox insanlar içərisində, təcrübələrlə öyrənilir. Qurani-Kərim bizə Loğman əleyhissəlamın oğluna nəsihətlərindən bəhs edir. Bunlara riayət edərək insanın zərif və xoştəbiətli olması umulur.
“(Loğman oğluna belə nəsihət etdi:) “Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır”. (Loğman 16)
Dariminin Müqəddiməsində keçən bir hədisi diqqətinizə çatdırmaq istəyirəm. Rəsulullah (s.ə.s) belə buyurur: “Ey Abdullah! “Ya öyrədən ol, ya öyrənən ol, ya dinləyən ol, ya da elmi dəstəkləyən ol. Beşincisi olma, həlak olarsan!”
Gözəl həyat hekayəsi yaşamaq hər kəsin arzusudur. Bunun üçün övladımıza dünya təhsili ilə bərabər axirət təhsilini də verməliyik. Övladımızın könül təhsili də bizim üçün əhəmiyyətli olmalıdır. Bu səbəblə təhsil alacağı məktəb, təhsil verəcək olan müəllim də bu prossesdə mühim yer tutur. Peyğəmbərimizin gənc Abdullaha nəsihəti belə idi: Dininə yaxşı sarıl, dininə yaxşı sarıl! Çünki o sənin həm ətin, həm qanındır. Dinini kimdən öyrəndiyinə yaxşı bax! Dini elmləri və hökmləri, istiqamət əhli alimlərdən al, sağa-sola meyl edənlərdən alma!
ŞƏRHLƏR