KİTAB TAMADASI

KİTAB TAMADASI

 

 

 -  ...Deyirəm, Allahın işinə bax, ata öz oğluna Nasir adı qoya, oğul da uşaqlıqdan yazıçı olmağı qabağına məqsəd qoya, böyüyüb öz gücünə filologiyaya qəbul olub axırda möhtəşəm əsərlər ortaya qoyan yazıçı ola, - yetmiş yaşa çatmış Nasir Əhmədin növbəti hekayələr kitabının təqdimatını dostu, BDU-da kafedra müdiri işləyən Həsən müəllim aparırdı. - Burda oturanların bəziləri bilir, bilməyənlərçün deyim, Nasirlə mənim dostluğum, hətta qardaşlığım deyərdim, 1968-ci ilə gedib çıxır. O il Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlətin filologiya fakültəsinə daxil olmuşduq. İkimiz də kin-küdurətdən uzaq, sadəlövh kənd uşaqları, fikrimiz-zikrimiz ancaq universitet, kitabxana, imtahan. Eyni yataqxanada, bir otaqda qaldıq, illərin duz-çörək kəsməyi öz yerində. Sonra elə oldu ki, mən aspiranturaya...

-  Sən mətləbə keç, uzatma, - dostunun yanında dayanan Nasir qulağına pıçıldadı.

-  Deyir, uzunçuluq eliyirsən, - Həsən bunu gülə-gülə zaldakılara bəyan edəndə, hamı gülüşdü. - Yox, ay Nasir, nə danışırsan? Ürəyimdəkiləri deməsəm, partdıyar ürəyim.

-  Qoy partlasın, - dostu yenə hamını güldürməkçün sifətinə ciddi ifadə verib dedi.

   Zaldakı gülüş bu dəfə daha gur səsləndi. Sonra Həsən yazıçı dostunun yaradıcılığından danışdı, bir xeyli onun iki hekayəsini təriflədi:

-  ...Hər ikisində həm dolğun obrazlar, mükəmməl süjet xətti, möhtəşəm üslub var, hətta deyərdim ki, üslubda Əkrəm Əylislidən, Mövlud Süleymanlıdan geri qalmayan bir yazıçıdır Nasir Əhməd.

   “Yenə başladı,” - Nasir ürəyində dostuna əsəbiləşdi. - “Az şişirt də”.

-  ...Sözləri, cümlələri zərgər dəqiqliyilə seçib düzür səhifələrə. Hətta çəkinmədən deyərdim, Nasir Əhməd bugünkü Azərbaycan nəsrində üslubun atası sayıla bilər.

-  Hə, yaxşı, ağ eləmə, - bu dəfə yazıçı özünü saxlayammadı, gülə-gülə dostunun sözünü yarımçıq kəsdi, mikrofonu dostunun əlindən almaq istədi, ala bilmədi.

-  Ağ-zad eləmirəm, nə fikirləşirəmsə, onu da deyirəm. Ömrü boyu qısıldın qınına, yersiz utancaqlıq, təvazökarlıq, ona görə bu gün səni Azərbaycanda tanıyan çox azdı.

   Zaldan cavan yazıçılardan bir-ikisinin səsi eşidildi: “Tanıyan var, öz də yetərincə”, “Ağsaqqal, Nasir məllimi ədəbi cameədə tanımayan yoxdu!”

-  Ədəbi cameəni demirəm, ay mənim əzizlərim. Xalq arasında tanınırmı Nasir Əhməd? Çingiz Abdullayevi, Anarı qoyuram qırağa, heç olmasa, Sabir Əhmədli, İsi Məlikzadə kimi tanınınırmı?... Görürsüz, heç biriniz dillənmirsiz. Mən bunu nəzərdə tuturam.

   Sonra iki cavan, bir həmyaşıd yazıçı, iki qohum çıxış edib səbəbkarı təriflədilər, onlar da dedi ki, heyif bu cür yazıçı Azərbaycanda yetərincə tanınmır. İmzalama bitəndən sonra Nasir Əhməd yaxın bildiyi bir neçə nəfəri balaca, xudmani bir restorana apardı. Orda da Həsən müəllim tamadalıq etdi, aşağı-yuxarı eyni sözlər deyildi. “Gözə girmirsən. Elə cavanlığında necəydinsə, indi də eləsən. Bir sözlə, öz qədrini bilmirsən.” - Nasir Əhmədin qohumunun son sözlərindən yapışan tamada növbəti tosta keçdi: “Hə, necə deyərlər, söz yerinə düşər. Gün o gün olsun burda əkilən qədir ağacı tez böyüsün, bar gətirsin, aşıb-daşsın barı”. - “Yetmiş yaşdan sonra? - yazıçı ironik təbəssümlə altdan yuxarı dostuna baxıb soruşdu. “Yetmiş nədi ki? Sən ən azı doxsan il yaşayacaqsan, dediyim qədir ağacı isə beş ilə bar verəcək inşallah”. Sonra başqa tostlar deyildi, “O gün olsun Nobel alasan, bizi də bax bura yığdığın kimi, aparasan Nobel olan ölkəyə”...

   Bir gün yazıçı axşam feysbuk profilində gəzişəndə, dostluğundakı gənc yazıçılardan birinin paylaşdığı iki şəkil diqqətini çəkdi. Beş il öncə keçirdiyi təqdimatdakı hekayələr kitabının üz qabığının, müəllif imzası olan səhifənin şəkilləri idi. Sağdakı şəkli böyüdüb gözlərini monitora yaxınlaşdıran yazıçı öz xəttini, imzasını görəndə diksinən kimi oldu. “Əziz, qədim və ən əsası, etibarlı dostum Həsənə”. Yanında tarix, imza. Nasir Əhməd fikrə getdi və gənc yazıçıyla inboksda yazışıb kitabı hardan əldə etdiyini soruşdu. Gənc yazıçı da ona bu cavabı yazdı: “Ustad, açığı utanıram deməyə, amma yalan danışa bilmirəm, nə varsa onu da deyəcəm. Evimizin yanında zibil qutularından birinin yanına çoxlu kitablar atmışdılar, ordan bir neçəsini oxumaqçün seçib götürdüm, o cümlədən sizin kitabınızı da. Bilirsiz, sizə yazıçı kimi böyük hörmətim var. Kitabı bitirəndən sonra hekayələriniz haqda status yazacam”. - “Diqqətinə görə sağ ol, gənc dost. Amma...”

   Həsən müəllim kafedrada oturub dərs yükü yazılan yekə vərəqi masanın üstünə sərib dirsəklənmişdi. “Uff, bundan iki fənn alıb o birisinə verəcəksən, bu, səndən küsəcək. Əksini eləsən, semestr qurtarana qədər o birisi mısmırığını sallayacaq. Gəl indi bunların arasında seçim elə”. Bu vaxt iş telefonu zəng çaldı, birinci mərtəbədə oturan gözətçiydi zəng edən: “Həsən məllim, sizə çatacaq yekə bir konvert var”. - “Hə, hə, tez onu gətir bura,” - az əvvəl hirsli olan Həsən müəllimin  kefi qəfil düzəldi. “Axırı, bu gün bir şad xəbər aldım heç olmasa”. Özbəkistanda “Ədəbiyyat məcmuəsi” jurnalında məqaləsi çıxmışdı. Hardasa bir həftə əvvəl jurnalın baş redaktoru onun emailinə jurnalı poçtla Həsənin işlədiyi universitetə yolladığını yazmışdı.

   Gözətçidən konverti alan Həsən müəllim üstünə baxmadan tələsik, cırıb içindəkini çıxaranda gözləri kəlləsinə çıxdı. Dostu Nasir Əhmədin son hekayələr kitabıydı. Alnına soyuq tər gəldi, kitabı açanda cırılaraq arasına qoyulmuş ilk səhifəni gördü. Həmin səhifədə müəllif imzası yazılan yerə yazılı kağız yapışdırılmışdı: “Ay Həsən, bundan sonra sənə hədiyyə edilən kitabları zibilliyə atanda, heç olmasa, imzalı yeri olan səhifəylə bir yerdə atma. Başa düşdün? Sənin əziz, qədim və ən əsası, etibarlı dostun Nasir”. Yanında da imza və tarix.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz